Şuşada birlikdən doğan gücün qübbəsi altındayıq

GÜNDƏM 15.07.2022 1281

Aytac Qasımova yazır...

Qürur insanın ruhunu bəsləyən, özgüvənini daim diri tutan bir hissdir. Bu hissin qaynağı hər dəfə fərqli olsa da, insan oğlunun bu hissə olan ehtiyac meyarı dəyişməz olaraq qalır. Hər dəfə qürur hissi keçirəndə sanki ruhun pərvazlanır, cismin yenilənir. Ən son bu hissi nə zaman yaşadığımı çox yaxşı xatırlayıram. Şuşa səfərimdə... 

Əgər bir gün Şuşa azad olarsa və mən bu müqəddəs torpağa ayaq basa bilsəm, sanki hansı hissləri keçirəcəyim haqqında əsrlərdir düşünmüşəm. Lakin azad Şuşaya yaxınlaşanda milyardlarla fikirlər arasından sıyrılıb çıxan bu hissin adını tapa bilmirdim. Uzaq yol yorğunluğu ilə uyumuş bədənim Daşaltı kəndinin dolanbaclı yolları ilə bu müqəddəs şəhərə qalxmağa başlayanda anidən silkələndi. 

Bu yolu necə qalxmışdılar?! Bir nəfər belə şəhidini, yaralısını ardında qoymadan döyüşə-döyüşə bu yolu necə qalxmışdılar?! Bu sualları ətrafımdakılara və özümə neçə dəfə verdiyimi xatırlamıram. Tərənnüm edərkən aşırılığa qaçmağın tərəfdarı deyiləm. Amma bu, tərənnüm yox, çılpaq həqiqətin özü idi. 

Saniyələr içində beynimdə dolaşan milyonlarla fikirlərin illüziyasının təsirindən bir müddət sonra çıxa bildim. Çünki insan beyni anlamadığı, qavraya bilmədiyi, həqiqəti çözə bilmədiyi problemləri palazın altına yuvarladığın tozlar tək beyin qırışlarında gizlədir. Bəzən şüuraltında elə fikirlər dolanır ki, qaynağını bildiyin və ya bilmədiyin o hissin şövqləndirdiyi ruhunun verdiyi güclə etdiyin fiziki tərpəniş qarşındakı insanların qavrama sərhədlərini aşıb keçir. 

Ordumuzun sözün əsl mənasında bütün dünyanı heyrətə salan Şuşa əməliyyatının arxasında isə dayanan hissin adı Vətən sevgisi, yurd həsrəti idi. Adəm övladı üçün canında dəyərli nə var? Bu sualın fərqli cavabları olsa da, Azərbaycan əsgəri buna torpağa bağlılıq cavabını verdi. 

Şuşanın enişli-yoxuşlu küçələrində dolaşdıqca insanların bir-birinə necə səmimi yaxınlaşdığını, hər bir hərəkəti, hər kəlməsi ilə nəvaziş, qayğı ötürdüyünü gördüm. Bəlkə, həqiqətən yer üzündəki cənnət elə Şuşa idi?! 

Yox əslində... Daha sonra anladım səbəbi. Dəmir yumruğun nəyə qadir olduğunu, birliyin nələrə qalib gəldiyini və bütün mənfi enerjinin, intriqaların bu torpaqların sərhədlərindən keçə bilmədiyini. Çünki buranı hər bir azərbaycanlı eyni dərəcədə sevir, eyni dərəcədə mənimsəyir və burada ancaq birlikdən doğan gücün qübbəsi altındayıq. 

Dağıdılmış yurdları, illərdir olmazın zülmlərə məruz qalan küçələri gəzmək ürəyimi ağrıtsa da, təsəlli tapmağım çətin olmadı. Axı biz qayıtmışıq, biz artıq Şuşadayıq! Ətrafda gedən təmir işləri, qədim şəhərə gələn yeni nəfəsi hiss etdikcə, “birlik, həmrəylik nə gözəldir” deyə düşündüm. Şuşanın başından qara buludlar dağılıb və biz bundan sonra əbədi olaraq doğma yurdumuzda məskən salacağıq.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top