“Məktəb hesabatları”nın dinlənilməsinə başlanılıb - FOTO

GÜNDƏM 14.07.2022 1079

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Məktəb hesabatları”nın dinlənilməsinə start verilib.

İdarədən bildirilib ki, “Məktəb hesabatları”nın dinlənilməsi ilk olaraq Nəsimi, Binəqədi və Nərimanov rayonlarının ümumi təhsil məktəblərini əhatə edib.

Dinləmədə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müdir müavini Xəyalə Əhmədzadə, Ümumi təhsil sektorunun müdiri Fuad Babayev, Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə, İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanova, İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, Təminat və Təchizat sektorunun müdiri Səccət Mahmudov, və məktəb direktorları iştirak ediblər.

“Məktəb hesabatları”nın dinlənilməsinin əsas məqsədi ümumi təhsil məktəblərində təlim-tərbiyə prosesinin təşkili, ümumi təhsilin keyfiyyətinə birbaşa təsir göstərən metodiki işin düzgün qurulmasının əhəmiyyəti, məktəblərin fəaliyyətində səmərəli idarəetmənin rolunun artırılması, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli işin aparılması, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinin sağlam rəqabətin yaranmasına təsiri, şagirdlərlə işin düzgün qurulması və olimpiada hərəkatının genişləndirilməsi, uşaqların məktəbəhazırlıq təhsilinin təşkili, tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi, digər müvafiq məsələlərin müzakirəsi, təhsil müəssisələrində tədrisin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını və məktəb hesabatlığını təmin etməkdən ibarətdir.

Paytaxtdakı 247 nömrəli tam orta məktəbdə keçirilən ilk “Məktəb hesabatları”nda çıxış edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva 2021-2022-ci tədris ilində ümumi təhsilin fəaliyyət istiqamətləri barədə təhsil nazirinin əmrində müəyyən edilmiş əsas prioritet istiqamətlər üzrə görülən işlərdən danışıb, ötən dərs ilinin nəticələrinin təhlilinə diqqətin artırılmasının əhəmiyyəti haqqında fikirlərini bildirib. Həmçinin şagird nailiyyətlərinin artırılması, elektron təhlil sisteminin qurulması, müəllimlərin sertifikasiyası, elektron hesabat bazasının formalaşdırılması, valideynlərlə iş və digər müvafiq məsələlərdən söhbət açıb, yeni yanaşmaları, müasir çağırışların tələblərindən irəli gələn zəruri amilləri diqqətə çatdırıb.

İdarə müdiri məktəb rəhbərinin hesabatlılıq, məsuliyyətin bölüşdürülməsi və inkişafın monitorinqi məsələlərini daim diqqət mərkəzində saxlamasının vacibliyini önə çəkib. Hər bir məktəb direktorunun öz fəaliyətinin təhlilini aparmasının zəruriliyini vurğulayan BŞTİ müdiri məktəbdaxili monitorinq sisteminin təşkilinin əhəmiyyəti haqqında fikirlərini bildirib.

Məktəb direktorlarının hesabatları dinlənildikdən sonra Ümumi təhsil sektorunun müdiri Fuad Babayev Nəsimi, Binəqədi və Nərimanov rayonları üzrə ümumi təhsil məktəblərinin tədris göstəricilərinin, həmçinin olimpiada və müsabiqələrin nəticələrinin təhlilinə dair təqdimatla çıxış edib. Sektor müdiri paytaxt məktəbləri üzrə keçirilən layihələr, qiymətləndirmə və monitorinq imtahanlarından danışıb.

Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə ümumi təhsil məktəblərində IV və IX siniflərdə keçirilən monitorinq və buraxılış imtahanlarının nəticələrinə aid təqdimatla çıxış edib. Ümumi təhsil məktəblərində təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar, keyfiyyətə nəzarət məsələlərinə toxunan sektor müdiri ötən dərs ilinin statistik təhlilinə diqqət çəkib.

Təminat və təchizat sektorunun müdiri Səccət Mahmudov məktəblərin təmir, tikinti və təchizat məsələləri barədə fikirlərini bildirib.

Sonda məktəb direktorlarını maraqlandıran suallara aydınlıq gətirilib, müvafiq mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Məktəb hesabatları” üzrə dinləmələrin paytaxtın 12 inzibati rayonu üzrə keçirilməsi nəzərdə tutulur.

 









XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top