Məşhur simaların məktəb illəri - Eksklüziv FOTOLAR

CƏMİYYƏT 14.06.2022 1126

İnsan həyatında elə günlər olur ki, ömür boyu unudulmur. Ən maraqlı və yadda qalan günlərdən biri ilk dəfə əlimizə çanta alıb birinci sinifə getdiyimiz gündürsə, biri də on bir il sonra məktəb illərinə “əlvida” dediyimiz “Son zəng” günüdür. İlk və son günlər... Dəcəlliklərimiz, ilk sevgi hissləri, saf duyğuların başladığı yerdir məktəb. Musiqidə də qeyd olunduğu kimi: “Məktəb illəri, ömrümün ən şirin, duyğulu, qayğısız günləri”.

Yəqin ki, bir çoxumuzun fikrində məktəb illərində “bircə məktəbi bitirsəydik canımız qurtarardı” düşüncəsi də olub. Ancaq o an gəlib yetişəndə, bitməsini istəmirik. Bu zəng insan həyatında bir mərhələni bağlayıb, yeni bir mərhələnin qapısını açır. Elə bugünkü yazımız da məşhur simaların “Son zəng” xatirələri ilə bağlıdır. 

Oxu.Az şou əhlinin məktəb illərinə aid heç yerdə görmədiyiniz fotolarını əldə edib.

“Mənim üçün 25 may ən sevimli gün idi. Çünki bizim zamanımızda “Son zəng” həmin gün keçirilirdi. Əfsuslar olsun ki, biz müharibə illərinə düşdük və qeyd edə bilmədik. Bu yaxınlarda biz sinif yoldaşlarımızla yenidən yığışıb bir araya gəldik. Bu gün artıq 33 ildir ki, məktəbi bitirmişəm. Artıq “Son zəng” ərəfələridir, mən dünyasını dəyişmiş müəllimlərimizə rəhmət diləyirəm. Onlar bizim ikinci valideynlərimiz idi, onlar olmasaydı biz bu peşələrə yiyələnməzdik. Bütün müəllimlərin qarşısında baş əyib, məzunları təbrik edirəm!”.

Bu sözləri saytımıza açıqlamasında Əməkdar artist Bəhram Bağırzadə bildirib. O, 1979–1989-cu illərdə Bakı şəhəri 189 saylı məktəbdə oxuyub.

Bəhram Bağırzadənin məktəb illərindən xatirə fotoları:

Əməkdar artist Firuzə İbadova isə Asəf Zeynallı adına Musiqi Texnikumunu bitirib.

Məktəb illəri ilə bağlı xatirəsindən danışan F.İbadova həmin illəri nağıl adlandırıb:

“Məktəb illəri dedikdə ağlıma ilk müəllimim Güllü müəllimə gəlir. O illərdən danışanda insan sanki hər şeyi unudur, elə gözəl illər idi ki... Əməkdar artist Gövhər Rzayeva, Yaşar Nurinin bacısı Ruhəngiz xanım, müğənni Rüfət Axundovun anası və s. insanlarla eyni məktəbdə oxuyurduq. Müəllimlər məni çox sevirdi, mülayim, fağır, sakit qız idim. Bu xatirələr məni heç vaxt tərk etmir. Qızların 99%-i ailə qurdu, 1% mən idim ki, müğənni oldum. O, 1%-ə Gövhər Rzayeva da aiddir ki, o da qarmon ifaçısı oldu. O da məktəb vaxtlarından nur parçası kimi çox gözəl idi. Həmişə məktəbdə deyirdilər ki, iki gözəl var, biri Gövhər, biri Firuzə, biri qara qız, biri ağ qız...”.

Firuzə İbadovanın sinif yoldaşları ilə birgə məzun fotosu:

Müğənni Yaşar Cəlilov 1995-ci ildə Mərdəkan qəsəbəsi 183 saylı orta məktəbin 1-ci sinfinə gedib. Uşaqlıqdan musiqiyə böyük həvəsi olub və məktəb tədbirlərində aktiv iştirak edib. 2-ci sinifdə oxuyarkən eyni zamanda Əzizbəyov (indiki Xəzər) rayonundakı 17 saylı musiqi məktəbinin muğam şöbəsində təhsil alır. Elə həmin il xalq artisti Arif Babayev onun səsinə qulaq asaraq musiqi məktəbində təhsilini davam etdirməyi məsləhət görür. Daha sonra Bülbül adına orta ixtisas musiqi məktəbinin 6-cı sinfində təhsilini davam etdirib. 2006-cı ildə Bülbül adına orta ixtisas musiqi məktəbini fərqlənmə diplomu ilə bitirib.

Yaşar Cəlilovun məktəb illərindən xatirə fotoları:

Televiziya aparıcısı Nərgiz Cəlilova isə orta təhsilini Badamdar qəsəbəsi 239 nömrəli məktəbdə alıb.

Nərgiz Cəlilovanın sinif yoldaşları ilə birgə məktəb illərindən xatirə fotosu:

(N.Cəlilova əyləşənlər sırasında soldan birinci)

Estrada müğənnisi Rüfət Axundov isə orta təhsilini 1986-1991-ci illərdə Bakı şəhəri 169 saylı orta məktəbdə, 1991-1996-cı illərdə Bakı şəhəri 80 saylı orta məktəbdə alıb. 

Rüfət Axundovun məktəb illərindən xatirə fotoları:

Yekunda “Son zəng” münasibətilə bütün məzunları təbrik edir, gələcək həyatlarında öz əməlləri ilə Vətənimizin adını həmişə zirvələrə ucaltmalarını arzu edirik! 
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top