Kazım Məmmədov: QHT-dövlət əməkdaşlığında yeni mərhələ

SİYASƏT 09.06.2022 1771
Dövlət - vətəndaş cəmiyyəti münasibətlərində müəyyənedici amil demokratiyadır. Demokratik inkişaf yolu ilə gedən dövlətin siyasi hakimiyyəti vətəndaş cəmiyyətini inkişaf etdirir və inkişaf edən vətəndaş cəmiyyəti isə dövlətin demokratik quruluşunu qidalandırır. Dövlət-vətəndaş cəmiyyəti münasibətlərinin demokratik və hüquqi müstəvidə fəaliyyət göstərməsi dövlət qurumlarının daha şəffaf fəaliyyətinin olmasını təmin edir. Vətəndaş cəmiyyətinin dövlət tərəfindən sosial qərarların qəbulunda iştirakı dövlət-vətəndaş cəmiyyəti münasibətlərini gücləndirir. Bu baxımdan dövlət və vətəndaş cəmiyyətinin bir-birinə qarşı, konfliktdən daha çox qarşılıqlı əlaqədə və əməkdaşlıq etdiyi strukturda olması vacibdir. 

Hazırda Azərbaycanda qeyri-hökumət təşkilatlarının fəaliyyətindəki canlanma məhz dövlət və vətəndaş cəmiyyəti əməkdaşlığının düzgün qurulması istiqamətində aparılan səmərəli və məqsədyönlü fəaliyyətlərlə bağlıdır.  Xüsusən 2021 – ci ilin aprel ayında Prezident İlham Əliyevin Fərmanı ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaradılması ilə vətəndaş cəmiyyətinin inkişafında yeni mərhələnin əsası qoyuldu. Yaranmasından 1 il keçməsinə baxmayaraq Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin gördüyü işlərə nəzər saldıqda, ardıcıl, şəffaf, QHT-lərin iştirakçılığında bərabərliyin təmin olunduğu, vətəndaş cəmiyyətinin nüfuzunun yüksəldilməsinə imkanlar yaradan, eləcə də QHT-ləri fəallığa təşviq edən bir sıra fəaliyyətlərin – layihələrin şahidi oluruq. 

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin may ayının 20-sindən həyata keçirməyə başladığı “QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi” adlı respublika zona konfransları, dövlət qurumlarının fəaliyyətində; qərarların qəbulu prosesində vətəndaş cəmiyyətinin iştirakçılığının təşviq edilməsi, bu əməkdaşlıqda davamlı inkişafa nail olunması kimi ali məqsədləri özündə ehtiva edir. 

Konfranslarda gələcəkdə bütün təşkilatların birgə inkişafı, bu sahənin təkmilləşdirilməsi, geniş formatda bütün QHT-lərin daha operativ şəbəkələşməsi üçün baza yaradılmasının vacibliyi, İcra hakimiyyətləri yanında fəaliyyət göstərən ictimai şuralara QHT-lərin cəlb edilməsi məsələsinin də olduqca vacib məqamlardan biri olduğu qeyd edilir. 

Eyni zamanda  ictimai iştirakçılıqda QHT-lərin rolunun artırılması, fəaliyyətlərinin müasir dövrün tələblərinə uyğun təşkili, qeyri-hökumət təşkilatlarının potensialından daha səmərəli istifadə edilməklə dövlətin və cəmiyyətin həyatında onların aktiv fəaliyyəti üçün tənzimləyici mexanizmlərin təkmilləşdirilməsi kimi məsələlər müzakirə olunub.

Digər əhəmiyyətli layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə müxtəlif bölgələrində həyata keçirilən “QHT ziyarətləri” layihəsidir. Layihə çərçivəsində Agentliyin rəhbərliyi QHT-ləri ziyarət edir , regionda onların üzləşdikləri problemlər, onların həlli yolları müzakirə edilir, fəaliyyətləri ilə tanış olunur. Burada mahiyyət etibarı ilə əhəmiyyətli məqam QHT-lərin nüfuzunun artırılmasına dəstək olmaq və onların dövlət və cəmiyyət qarşısında məsuliyyətini xatırlatmaqdır. Hesab edirəm ki, Vətəndaş cəmiyyətinin gələcək inkişaf perspektivlərinə Agentliyin bu layihəsi məxsusi töhfə verəcəkdir. Layihə sanki uzun müddətdir “ögey” münasibətlərin QHT-lərin fəaliyyətlərinə mənfi təsiri hallarını indi stimul verici doğma münasibətlərlə əvəz edir. Nəzərə alsaq ki, layihə çərçivəsində görüşlər Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyevin, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyevanın, Prezident Administrasiyasının məsul əməkdaşları və Agentliyin Müşahidə Şurasının üzvlərinin iştirakı ilə baş tutur, QHT-lərin bu təşəbbüsə adekvat münasibəti yalnız geniş fəaliyyətlərə fokuslanmaq olmalıdır.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin fəaliyyətlərindən biri də qeyri-hökumət təşkilatlarının uzun müddətdir ehtiyac duyduğu, həm beynəlxalq təcrübəni regionlarımıza inteqrasiyası baxımdan, həm QHT-lərin işçi heyətlərinin şəxsi təcrübəsi baxımdan səmərəli olan, eyni zamanda ölkəmizi sərhədlərimizdən kənarda təmsil etmək imkanını artıran beynəlxalq təşkilatlar arasında əməkdaşlığın geniş təşviqidir. Bu istiqamətdə yanvar ayında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinin Türkiyənin paytaxtı Ankara şəhərinə rəsmi səfəri və bu səfər zamanı Azərbaycan və Türkiyə vətəndaş cəmiyyəti təsisatları arasında birgə əməkdaşlıq məsələlərinin müzakirə olunması, may ayında Türkiyə Cümhuriyyətinin tanınmış QHT sədrlərinin Azərbaycana səfəri və Azərbaycan - Türkiyə Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçirilməsi olduqca böyük əhəmiyyət kəsb edir.

Görülən işlər göstərir ki, Vətəndaş cəmiyyətinin davamlı inkişafı üçün müxtəlif və davamlı şəkildə fəaliyyətlər göstərən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ona göstərilən etimadı yüksək səviyyədə doğruldur, qarşıya qoyulan missiyanı layiqli şəkildə icra edir. 

Kazım Məmmədov
“Gələcək” İntellektual İnkişafa Yardım İctimai Birliyinin sədri 
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top