Səfər içində səfər: Eşq şəriklərinin karvanı - BƏLƏDÇİ

CƏMİYYƏT 15.05.2022 1182

Məna əhli üçün bura hamının ziyarət etdiyi yer deyil, xəlvətiyyədir, özü ilə tək qaldığı, ruhuna və Allahına pənah apardığı yerdir. Bura gəlmək xərc tələb edir, amma bu xərc mal ibadətidir, səcdə isə can ibadəti. Şəhadət can ibadətinin zirvəsidir. 

Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.

İmam Hüseynin ömrü həm də bir dəvət örnəyidir; bu dəvət əqidəli olmağa, Xuda naminə yaşamağa, dürüst olmağa dəvətdir. Bu dəvət hər gün davam edir, hər saat neçə min insan böyük eşqlə bu dəvətə razılıq verir. Yezid qanlı qətliam üçün özünə bir dəfə qoşun yığıb, bir dəfə muzdluları pulla ovlayıb, İmam Hüseynin qəlbi Allah eşqi ilə dolu qoşunu isə hər an artır, hər gün çoxalır. Bu, elə qoşundur ki, əsgərləri, döyüşçüləri sərkərdəyə yox, Allah yoluna xidmətdədir. Xurafata yuvarlanmadan, dini siyasiləşdirmədən, bəzi yersiz təqlidlərə beyət eləmədən, sadəcə Yaradan eşqilə, mənəvi dürüstlüklə, ayıq dini düşüncə ilə bu qoşun karvanına qoşulanların xoş halına. 

Bu dəfə “ziyarətçi qoşun”un arasında mən də vardım. Kərbəlaya getmək haqqında fikrim çoxdan qəlbimdə yuva qurmuşdu, Xuda nəsib elədi, IX Babil Mədəniyyət və İncəsənət Festivalı günlərinin birində - 21 martda imamın məqbərəsini ziyarət etdim.  

Kərbəlada əvvəlcə Həzrət Abbasın, sonra İmam Hüseynin, daha sonra isə Məhəmməd Füzulinin qəbirlərini ziyarət elədim və ziyarətgahlarda xalqımız, dövlətimiz, millətimiz, qazilərimiz, şəhid ailələrimiz, dostlarım və ailəm üçün dualar etdim, Tanrıdan sonu xeyirlə bitən arzularımın reallaşmasını istədim. 

Evdə bir balaca səs-küy olanda yata bilmirik, yerimizdən qalxıb səs salanı sakitləşdiririk. Gör əsəbimiz, ruhumuz nə qədər tarıma çəkilib, sinirlərimiz nə qədər oyaqdır  ki, adi tıqqıltı da bizə sirayət edə bilir. Amma yüzlərlə insan gəlib o qədər səs-küyün, izdihamın içərisində İmam Hüseynin türbəsində günlərlə yatırlar, gözlərini açmadan zikr edirlər. Belədə etiqadın ruhun ən böyük əlacı olduğunu görürsən, anlayırsan ki, inam, zikr, Allaha ürəkdən bağlanmaq nə böyük səadətdir... 

Kərbəlada xoşuma gəlməyən şeylərdən biri də ziyarətgahlara yaxın ərazidə bazarların yerləşməsidir. Çünki gün ərzində ziyarətə gələnlərin bəziləri tələsik dualar bazarlara tələsirlər. Eyni zamanda insan gərək o cür dini ab-havadan çıxmaya, o ruhi mərtəbədən gərək yerə – reallığa enməyə. Barı bir müddət o mənəvi aləmin sakini olaraqqala...

Burada satılan əşyalardan biri də su tuluğudur. Onun üstündə ərəbcə yazı yazılıb, tərcüməsi belədir: “Ey Kərbəla susuzuna su paylayan!” Balaca uşaqlar qışqıra-qışqıra müxtəlif ölçüdə tuluqları satırlar. 

Hava limanında ziyarətə gələn həmyerlilərimizi gördüm, onlar Bağdadda İmam Museyi Kazım türbəsini, Nəcəfdə İmam Əlinin məzarını, Samirədə İmam Həsən  Əskərinin türbəsini, eyni zamanda Kərbəla ziyarətgahlarını ziyarət edirlər. Əksər ölkələrdən gələnlərin ziyarət marşrutları belə zəngin deyil.

Məna əhli üçün imam Hüseyn türbəsi hamının ziyarət etdiyi yer deyil, xəlvətiyyədir, özü ilə tək qaldığı, ruhuna və Allahına pənah apardığı yerdir. Hamının içində özünü Allah və ruhu ilə təklədiyi məqamgahdır. Bura gəlmək xərc tələb edir, amma bu xərc mal ibadətidir, səcdə isə can ibadəti. Şəhadət can ibadətinin zirvəsidir. 

İmamı öldürəndə düşmənlər əlindən gələni ediblər, daşı olan daş vurub, nizə tutanlar nizə sancıblar. Bu hadisə bir neçə dəqiqə çəkib, amma əsrlərdir dinin dostları nə bacarırlarsa, onu da edirlər. Deməli, bu ziyarətgah əbədi dost qazanmaq ünvanıdır. Çünki əbədi düşmən olmur, düşmən gec-tez məhvə məhkumdur.

Xalq imamımızı Kufəyə dəvət eləmişdi ki, gedib onları zalımlardan xilas eləsin. İmam Hüseyn döyüşdən qabaq Sifah adlı məntəqədə Kufədən gələn Fərəzdəq adlı bir şairə rast olur, Kufədəki vəziyyəti xəbər alır. Şair deyir ki, onlar qəlbi ilə sənin yanındadırlar, qılıncları ilə Yezidin. Dini alver predimentinəçevirən, “Allah-Allah” deyib min hoqqadan çıxanlar, böyük dəyərlərdən danışıb hər cür xırdalıqları özünə rəva bilən adamlar  bu gün də var. Onlar hər nə qədər mömin kimi görünsələr də, dildə müsəlmandırlar.

İmam Hüseynin qəhrəmanlığına, cihadına hakimiyyət çəkişməsi kimi baxan insanlar, yaxud “iki ərəb vuruşub, biri o birini öldürüb, buna əsrlərlə yasmı saxlayaq” söyləyənlər daim olub, bundan sonra da olacaq. Bu baxış bucağı eynən Yezidin nəzəri-nöqtəsidir. İmam Hüseynin başını kəsdirib saraya gətirən Yezid onun dodaqlarına çubuq vuraraq deyirmiş ki, Kərbəla savaşı Bədr döyüşünün əvəzidir və o, guya, ata-babasının qisasını alıb. Hətta dini də hakimiyyəti ələ almaq üçün ortaya atılan cəfəngiyat sayırmış. Oxşar baxış bucaqları deyilmi? İmam özü də söyləyirmiş ki, hakimiyyət Allaha məxsusdur və onun savaşı Xudanın verdiyi payı mənimsəyən, Yaradanın haram bildiyini özünə halal hesab edənlərə qarşı idi. Yəni savaş Allahın hakimiyyəti yolunda idi. Ona görə imam qoşununu könüllülərdən seçirdi, əks təqdirdə böyük nüfuzu ilə, yaxud başqa vasitələrlə, dini təbliğatla savaşa saysız əsgər toplayardı.

Kərbəlanı alver predmetinə çevirənləri, dini məzhəkəyə döndərənləri, teatr çıxaranları da aydın görürsən. Həm də onu da müşahidə edirsən ki, nə qədər saf insan özü də bilmədən bu oyunlara sidq-ürəklə aludə olub. Fəqət ondan qat-qat daha çox insan böyük məhəbbətlə ibadət edir. 

Burada çoxlu yaşıl bayraqlar, müxtəlif dillərdə matəmnamələr, naləli yas şərqiləri oxuyanları, başına-üzünə döyənləri görmək olur, məzarın ətrafındakı dəmirə toxunmaq üçün sıraları, səfləri adlayanlar da nəzərdən qaçmır, sakitcə ibadətinə qapılıb dünyadan təcrid olanlara da diqqət yetirirsən. Dindarlığı ilə öyünənləri, canfəşanlıq edənləri də görmək olur, ruhunun dincliyində əqidə yolunun aramından hal əhlinə çevriləni də. İmam Hüseynə isə nə nəzir lazımdır, nə də məzarına bağlanan parçalar. Onun əbədiyyən istədiyi bizim haqqı nahaqqa verməməyimiz, zülmə əyilməməyimiz, Allahın buyurduğu yolla getməyimizdir. Onun ömrünün – istəyinin ibrət bayrağı elə yerdən asılıb ki, ruhun və mənəviyyatın gözü ilə dünyaya baxanlar üçün hər yerdən görünür...

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top