Pankarta görə cəza kəsən İntizam Komitəsinin sədri: “Ş” hərfi dollar işarəsi ilə göstərilə bilməz” - FOTO

CƏMİYYƏT 21.04.2022 1005

“Tovuzda keçirilmiş matçda gəncəli azarkeşlərin tutduğu pankartla bağlı “Kəpəz” klubunu cəzalandırmağımızı AFFA-nın bizə verdiyi sifarişlə əlaqələndirirlər. Allaha and olsun, bunlar boş söhbətlərdir, qaydaları bilməyən insanların sözləridir. Bu qərar qanun çərçivəsində verilib”.

Bunu Oxu.Az-a AFFA İntizam Komitəsinin sədri Erkin Hüseynov deyib.

Aprelin 13-də keçirilmiş I divizionun XXI turunun “Turan Tovuz” – “Kəpəz” matçında qonaq komandanın azarkeşləri matçın gedişində öz komandalarının baş məşqçisi Yaşar Vahabzadəni nişan alan pankart açıb. “Nəticələriniz gözümüzü YAŞARdır” sözləri yazılmış pankartın açılması isə icazəsiz hesab olunub və nəticədə aprelin 15-də AFFA İntizam Komitəsi “Kəpəz” klubunu azarkeşlərinin addımına görə 160 manat cərimə edib. Bu qərar isə futbol ictimaiyyətində birmənalı qarşılanmayıb və qanunsuz hesab olunub.

Bəs görək, İntizam Komitəsinin ötən ilin mayında təsdiq olunmuş sədri bu barədə nə deyir?

“Peşəkar Futbol Liqasının (PFL) Əsasnaməsinin 29-cu maddəsində göstərilib ki, hər hansısa pankart stadionda nümayiş etdirilirsə, bunun üçün PFL-dən razılıq alınmalıdır. Hətta bu, “Yaşasın Azərbaycan” və ya “Qarabağ Azərbaycandır!” pankartı olsa belə. Hamı deyə bilər ki, pankart açmağa görə niyə icazə almalıyıq ki?! Bu ona görə elə edilib ki, sabah təhqiramiz ifadələrin işləndiyi pankart açıla bilər və ya heç kimin başa düşmədiyi ingilis dilində söz yazılar və bu böyük bir rezonansa səbəb ola bilər.

Ona görə də bütün pankartlar üçün icazə alınmalıdır. Bu məsələdə də PFL-dən icazə alınmadığı üçün “Kəpəz” klubuna cərimə verilib. Üstəlik, Azərbaycan əlifbasında “Ş” hərfi var. Bu hərf tarix boyu dollar işarəsi ilə göstərilə bilməz. Çünki cənab Prezidentin fərmanı ilə əlifbamız təsdiq olunub. Elə onda hamı “Ş” hərfini dollar işarəsi ilə göstərər də…

Xatırlayırsınızsa, “Qarabağ”ın sabiq futbolçusunun (Uroş Matiçi nəzərdə tutur – S.M.) formasında soyadındakı “Ç” hərfi Azərbaycan yox, serb əlifbası ilə yazılmışdı. Həmin klubu buna görə 4 min manat cərimə etmişdik. Bu da klubun mexaniki səhvi idi”.

Belədə sual doğur. Ən çox azarkeş kütləsinə malik olan Premyer Liqa klublarından “Qarabağ” və “Neftçi”nin azarkeşləri hər tur açdıqları pankart üçün PFL-dən icazə alır? Erkin Hüseynovun sözlərindən belə başa düşülür ki, PFL tərəfindən onlara pankartla bağlı müraciət daxil olursa, İntizam Komitəsi Əsasnamə çərçivəsində qərar qəbul edir, müraciət olmursa, məsələyə baxılmır:

“Qarabağ” və “Neftçi” azarkeşlərində standart pankartlar olur. Hər oyunda pankartların üzərində “Forza Neftçi”, “Qarabağ Ordu” və s. sözlər yazılmış olur. Əgər icazə alınmış olmasa, PFL bizə məktub göndərər ki, biz bu pankarta icazə verməmişik”.

Göründüyü kimi, onsuz da Azərbaycanda ölmək üzrə olan futbolun bəzəyi olan azsaylı azarkeşlər heç bir siyasi məna kəsb etməyən adi bir pankarta görə cərimələnirsə, biz həmin azarkeşləri futboldan küsdürürüksə, o zaman necə futbolumuz üçün arenalara toplaşanlar olsun ki?!

Qeyd edək ki, sözügedən matçda AFFA-nın nümayəndəsi Bəhram Qurbanov olub. Məhz onun qeydi əsasında məsələyə AFFA İntizam Komitəsində baxılıb və “Kəpəz” klubu cərimələnib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top