Gözləmə mövqeyində olan investorları necə cəlb etməli?

GÜNDƏM 20.04.2022 688

Hazırda dünya iqtisadiyyatında vəziyyət sabit deyil və heç də müsbətə doğru inkişaf etmir. Səbəbləri də bəllidir. Postpandemiya dövrü tam yetişməmiş, Rusiya-Ukrayna müharibəsi dövriyyəyə daxil olaraq, bütün istehsalçı əlaqələri qırmaqla istehlakçı tələbatını havadan asılı vəziyyətə salıb, qiymətləri kəllə-çarxa qaldırıb, investorları tam çaşqın vəziyyətdə qoyub.

Ölkəmizin iqtisadiyyatı isə cari ilin ilk üç ayı ərzində uğurla artmaqda və inkişaf etməkdə davam edib. Ancaq inflyasiya və bahaçılıqdan, həmçinin investisiya qıtlığından xali olmayıb və real olaraq da deyil. Bu da xüsusi diqqət tələb edir. Belə ki, inflyasiya və investisiya çatışmazlığı elə amillərdir ki, ciddi buxova çevrilə - iqtisadi artımı və inkişafı saxlaya bilər.

İnflyasiya və bahalaşma haqda çox danışılır və yazılır. Hökumətin bu sahədə sığorta və məhdudlaşdırıcı tədbirlər gördüyü bəllidir. İnvestisiyaların azalması isə mənfi baxımından heç də bundan az əhəmiyyətli məsələ deyil.

Bəs bu sahədə hökumət nə düşünür? İqtisadiyyata investisiyaların azalması qarşısını necə almaq olar?

Cari ilin ilk üç ayı ərzində ölkə iqtisadiyyatında əsas kapitala vəsait qoyuluşu 9,5 faiz azalıb. Xatırladım ki, keçən ilin yekununda bu rəqəm 8,2 faiz təşkil edib. Bu ilin yanvar-mart aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2440,7 milyon manat vəsait qoyulub ki, neft-qaz sektoruna 28 faiz az, qeyri neft-qaza isə 10,1 faiz artıq investisiya sərf olunub.

Ümumi sərmayənin 37,5 faizini dövlət, 62,5 faizini isə qeyri-dövlətə məxsus sərmayə təşkil edib. Xarici investisiyaların xüsusi çəkisi isə daha çox azalıb. Bu ilin yanvar-mart aylarında Azərbaycanda xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 764 milyon manat vəsait yönəlib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,6% az deməkdir.

Yanvarda xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 296,1 milyon manat, fevralda 264,2 milyon manat, mart ayında isə 203,8 milyon manat vəsait yönəlib ki, bu da ötən ilin müvafiq ayları ilə müqayisədə 14,5 faiz, 15,7 faiz və 2,3 dəfə azdır. Aylar üzrə xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsaitlərin ümumi investisiyalardakı payı 45 faiz, 38,7 faiz və 18,5 faiz təşkil edib.

Xarici investisiyaların daha çox azalması səbəbləri bəllidir: investorlar çaşqın vəziyyətdədirlər. Dünya iqtisadiyyatında vəziyyət sabit olmadığından hamı gözləmə mövqeyindədir ki, heç bir mənbə risk etmir - bu da təbiidir. Çünki qeyri-müəyyən vəziyyət yarandıqda investorlar həmişə belə mövqe tutur və bacardıqca riskə yol verməməyə çalışırlar.

Belə fonda Azərbaycanda investisiya qoyuluşunun artacağını gözləmək səhv olardı. Lakin bundan başqa digər obyektiv səbəb də var. O da bundan ibarətdir ki, indiyədək ölkədə investisiya daha çox neft-qaz sektoruna qoyulub. Bax məhz bu tendensiya neçə illərdir ki, zəifləyib. 

Ümumiyyətlə, neft-qaz sektoruna kapital qoyuluşu çoxdan əvvəlki tempdə deyil.

Digər tərəfdən, indi Azərbaycan hökuməti investisiya və xarici sərmayə axınında qeyri-neft sektorunu prioritet seçib. Bu isə asan məsələ deyil. Ona görə ki, hər bir xarici investor digər ölkəyə kapital qoyanda ən çox daha tez gəlir gətirən sahəni seçir. Bu isə xammal sektorudur.
Qeyri-neft sektoruna gəldikdə, xarici investorların bu sahəyə daha çox meyil göstərməsi üçün ölkədə sabitlik, mövcud potensial, qanunvericilikdə təminat, məhkəmə sistemində vəziyyət və sair kimi amillər qarant rolunda çıxış edir.

Bütün bu qeyd olunanlara nəzərən yuxarıda qeyd etdiyim rəqəmlərə əsasən, neft-qazdan fərqli olaraq qeyri-neft sektoruna ilin ilk üç ayı ərzində10 faizdən artıq investisiya qoyulması faktı diqqəti cəlb edir. Və bu, olduqca müsbət cəhət sayılır.

Ümumiyyətlə, investisiyalar ümumən azalsa da müəyyən faktorlar xüsusi əhəmiyyət kəsb edir. Belə ki, bu göstəricilər yüksək qiymətləndirilməlidir. Məsələn, ümumi sərmayənin 1524,7 milyon manatının və ya 62,5 faizinin məhz məhsul istehsalı sahələrinə yatırılması faktı iqtisadi artımda dayanıqlılığın təmini üçün əhəmiyyətlidir. Yerdə qalan 743,2 milyon manatı (30,4 faizi) xidmət sahələrinin, 172,8 milyon manatı (7,1 faizi) isə yaşayış evlərinin tikintisinin payına düşüb.
İstehsala investisiya qoyuluşu həm də işgüzar aktivlik və sahibkarlığın inkişafı göstəricisi olduğundan bu, inkişaf etdirilməlidir.

Məlum olduğu kimi, ölkədə biznesin inkişafı məqsədilə yaradılan sənaye parkları mühüm rol oynamaqla yanaşı, əlavə olaraq sahibkarlara xüsusi güzəştlərin verilməsi və maliyyə dəstəyinin göstərilməsi, həmçinin investisiyanın təşviqi və digər bu kimi tədbirlər də həyata keçirilir.

Yeri gəlmişkən, yuxarıda inflyasiya məsələsinə toxunduq. İdxal inflyasiyasının qarşısını almaq üçün məhz istehsalı genişləndirmək tələb olunur ki, bu özü də investisiya mövzusunun nə qədər aktual xarakter daşıdığını bir daha sübut edir. 

Bundan əlavə, götürək ümumi sərmayənin yarıdan çox hissəsini - 62,5 faizini özəl sektorun payının təşkil etməsi faktorunu. Daxili investisiya da xarici investisiya qədər önəmlidir. Ölkədə çoxsaylı şirkətlər və sahibkarlar var. Dövlət başçımız İlham Əliyev iqtisadi məsələlərlə bağlı bütün müşavirələrdə, xüsusilə də işğaldan azad olunan ərazilərdəki yenidənqurma işləri, regionla bağlı çıxışlarında hər zaman yerli sahibkarları, investorları iqtisadiyyata kapital qoyuluşunda fəal olmağa çağırır. 

Yerli investorların öz vəsaitlərini ölkədən kənara çıxardaraq xaricdə biznes qurmaq, daşınmaz əmlaklara yatırmaq əvəzinə, ölkə iqtisadiyyatına yönəltmələri ümumi iqtisadi artıma əlavə təkan verə bilər və verir.

Qısa desəm, göründüyü kimi, iqtisadiyyata investisiyaların azalması fonunda hər halda müsbət cəhətlər də vardır. Və məhz bu cəhətlər üzərində çalışaraq onları inkişaf etdirməklə ümumi investisiya həcmində dönüş əldə etmək olar. 

Ümumiyyətlə, dövlətin və hökumətin qarşısında duran vəzifələrdən biri odur ki, qeyri-neft sektoruna daha çox xarici investisiyalar cəlb olunması üçün həyata keçirilən müvafiq stimullaşdırıcı iqtisadi kurs və siyasət daha sürətlə davam etdirilsin və getdikcə daha geniş xarakter daşısın.

XƏBƏR LENTİ
01.05.2024 1896

DİGƏR XƏBƏRLƏR

Loading
Top