Azərbaycan - Fransa Ticarət və Sənaye Palatasının nümayəndə heyəti ilə görüş olub - FOTO

GÜNDƏM 15.04.2022 827

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının nümayəndə heyəti ilə görüş olub. 

Görüşdə Palatanın tərkibindəki Qadın Professionallar Komitəsinin fəaliyyətinin daha da genişləndirilməsi istiqamətində əməkdaşlıq və mümkün layihələr, gender bərabərsizliyinin aradan qaldırılması, qadınların məşğulluq imkanların genişləndirilməsi  üçün aparılan işlər müzakirə olunub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev gender bərabərliyinin təmin edilməsi ilə bağlı milli qanunvericiliyin müvafiq beynəlxalq konvensiyalar əsasında təkmilləşdirildiyini bildirib. O, əmək və məşğulluq sahəsində qadın və kişilər arasında ayrı-seçkiliyə yol verilməsinin qanunla qadağan edildiyini diqqətə çatdırıb. Qadınların məşğulluq imkanların genişləndirilməsi, gender bərabərliyinin təmin edilməsi məqsədilə əmək qanunvericiliyinə dəyişiklik layihələri hazırlandığını bildirib.

Nazir qadınların məşğulluq imkanlarının artırılması üçün icra olunan aktiv məşğulluq proqramlarını qeyd edib. Həmçinin özünüməşğulluq proqramının icrası zamanı qadınlara da üstünlük verildiyini, ötən il də daha 4400-dən çox, bu ilin ilk rübündə 1005 qadının bu proqrama  cəlb olunaraq kiçik bizneslərini qurmalarına dəstək verildiyini bildirib. 

S.Babayev əmək bazarının tələblərinə uyğun peşə və ixtisaslar üzrə qadınların da peşə hazırlığının təşkili işləri aparıldığını, bu işlərin davamı olaraq ötən il və bu ilin ilk rübündə 1000-ə yaxın qadının peşə hazırlığına cəlb edildiyini deyib. Son illərdə BMT-nin İnkişaf Proqramı və Əhali Fondu ilə birgə icra olunan layihələr çərçivəsində həssas qruplara aid qadınların sahibkarlıq fəaliyyətinin təşkilinə dəstək məqsədli işlər görüldüyünü diqqətə çatdırıb. 

Əmək və məşğulluq, sosial təminat sahələrində aparılan islahatlar barədə məlumat verən nazir bu islahatlarda işəgötürənlərlə, habelə Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasında təmsil olunan şirkətlərlə əməkdaşlığa xüsusi önəm verildiyini qeyd edib.

Palatanın İdarə Heyətinin sədri Teybə Quliyeva sosial sahədə, həmçinin əmək müansibətləri, məşğulluq sahələrində aparılan islahatları maraqla izlədiklərini, nazirlik və Palata arasında əmək, məşğulluq sahələrində islahatlara dair fikir  və məlumat mübadilələrinin aparılması, gələcək birgə layihələrin müzakirəsi üçün belə görüşlərin önəmini qeyd edib.  Görüş mövzu ətrafında fikir mübadilələri ilə davam edib.

2014-cü ildə yaradılan Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının əsas missiyası Azərbaycan ilə Fransa arasında biznes və ticarət əlaqələrini daha da inkişaf etdirməkdir. Hazırda 50-yə yaxın yerli və beynəlxalq şirkət Palatanın üzvüdür.

 


XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top