Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Alıyevə məxsus bank kartından oğurluq faktı üzrə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs müəyyən olunub.
Bu barədə Oxu.Az-a DİN-in Mətbuat Xidmətindən bildirilib.
DİN-in Baş idarənin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Ayaz Aydın oğlu İsgəndərov saxlanılıb.
Onun xarici ölkə vətəndaşları ilə əlaqələri müəyyən olunduğundan həmin şəxslər axtarışa verilib.
Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
"Dövlətim çox sağ olsun, oğurlanan pulların hamısı özümə qaytarıldı".
Oxu.Az bildirir ki, bu sözləri "Unikal"a açıqlamasında Milli Qəhrəman Hökumə Əliyevanın atası, kartından 80 min manat oğurlanan Cəlil Əliyev deyib.
O qeyd edib ki, dünən axşam saat 5-6 radələrindən Gəncə şəhərindən evə gələndə zəng gəlib:
"Fikir vermədim ki, zəng haradan gəlib. Dedilər ki, biz "Kapital Bank"ın işçiləriyik, sizə yardım etmək istəyirik. Bildirdilər ki, kartınızın şifrəsini sındırıblar, pul oğurlayacaqlar. Tez bir zamanda kartınızıda olan pulu bu kartdan digər karta köçürüb sığortalamaylıq. Mən də şokda olan, fikirli adamam. Onların dediklərinə əməl etdim. Hadisə belə oldu. Sonra da polisə məlumat verdim. Sağ olsunlar, Samux Rayon Polis İdarəsinin əməkdaşları mənə ərizə yazdırdılar. Daxili İşlər Nazirliyinə və Nazirliyin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə göndərdilər. Onlar tez bir zamanda cinayətkarları yaxaladılar, pulumu geri qaytardılar. Hazırda pulum özümdədir. Dövlətimizin Prezidenti sağ olsun, millətim, xalqım sağ olsun. Hamısı ağır günümdə yanımda oldular".
C.Əliyev qeyd edib ki, həmin şəxslərə inanıb şifrəni verib: "Mən onlara bildirdim ki, məni yorursunuz. Mənə dedilər ki, dayı elə şeylər etmərik".
"Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul vəsaitini oğurlayan şəxslər müəyyən edilib, ailəyə dəyən ziyan isə ödənilib".
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Milli Qəhrəman Hökümə Əliyevanın atası Cəlil Alıyevə məxsus bank kartından oğurluq faktı üzrə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən tədbirlər görülür.
"Faktla bağlı başlanmış cinayət işi çərçivəsində, cinayəti törədən şübhəli şəxslər müəyyən ediliblər. 80507 AZN pul vəsaitinin tam həcmdə zərərçəkmişə ödənilməsi isə təmin edilib", - deyə qurumdan bildirilib.
Hazırda cinayət işi üzrə əməliyyat-istintaq, əməliyyat-texniki tədbirlər davam etdirilir.
"Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvü, Milli Qəhrəman Hökumə Əliyevanın ailəsinə qarşı dələduzluq edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Oxu.Az-a bildirilib ki, Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Alıyevin müraciəti əsasında nazirliyin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində fakta görə cinayət işi başlanılıb.
"Araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək", - deyə qurumdan bildirilib.
AZAL-ın təyyarə qəzasında həlak olan ekipaj üzvü, Milli Qəhrəman Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı olub.
Oxu.Az xəbər verir ki, bu barədə Ölkə.Az-a danışan H.Əliyevanın atası Cəlil Əliyev faktı təsdiqləyib.
O bildirib ki, hadisə ötən gün axşam saatlarında baş verib.
C.Əliyevin sözlərinə görə, pulu oğurlayan şəxs onu "Kapitalbank"ın əməkdaşı olduğunu deyərək aldadıb:
"Telefonla zəng edərək dedilər ki, sizin şifrənizimi, kartınızımı Elmir Həsənov adında biri göndərib. Kartdan ümumilikdə 80 507 manat pul çəkilib. Bildirdilər ki, "Kapitalbank"ın işçisiyik. Dedilər, banka yaxınlaşana qədər kartınızdakı pulu çəkəcəklər".
C.Əliyev artıq məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin "qaynar xətt"inə zəng edərək məlumat verib.
Milli Qəhrəmanın atası deyib ki, kartdan oğurlanan vəsait H.Əliyevanın vəfatına görə ödənilən sığorta pulu və 40 min manat kompensasiya məbləğindən qalan pul olub.
Xatırladaq ki, dekabrın 25-i səhər "Azerbaijan Airlines" (AZAL) QSC-yə məxsus Bakı-Qroznı J2-8243 nömrəli reysi həyata keçirən "Embraer 190" tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə beş nəfər ekipaj üzvü daxil olmaqla 67 nəfər (42 Azərbaycan, 16 Rusiya, altı Qazaxıstan və üç Qırğızıstan vətəndaşı) olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb. Həlak olanlar arasında hər iki pilot daxil olmaqla üç ekipaj üzvü var.
Prezident İlham Əliyevin sərəncamı ilə həlak olan ekipaj üzvləri - İqor Kşnyakin, Aleksandr Kalyaninov, Hökumə Əliyevaya ölümlərindən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.
Qəza nəticəsində təyyarədə olan və xəsarət alanların hər birinə 20 000 manat, həlak olanların hər birinin ailəsinə isə 40 000 manat kompensasiya ödənilməsinə qərar verilib.