Azərbaycanda bu şəxslərə ayda 345 manat ödəniləcək

Manşet
Sosial 09.07.2024 4808

"Prezident İlham Əliyev "Məşğulluq haqqında" qanuna edilən dəyişiklikləri təsdiq edib. Sənədə əsasən, 3 ay ərzində Nazirlər Kabineti kvotadan əlavə iş yerlərinin yaradılması və məqsədli proqramların həyata keçirilməsi qaydalarını təsdiq edəcək".

"Saat24.az" xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi növbəti yarım il ərzində sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin kateqoriyaları üzrə faiz dərəcələrini və məqsədli proqramların həyata keçirilməsi çərçivəsində işəgötürən tərəfindən yaradılan hər iş yerinə görə iqtisadi fəaliyyət növlərinin xüsusiyyətləri nəzərə alınmaqla ayrılacaq vəsaitin məbləğini təsdiq edəcək:

"Hər iki qurum hazırlanan sənədlərlə bağlı dövlət başçısına məlumat verəcək. Qanuna edilən dəyişikliklər iş axtaran vətəndaşlarımızın özəl sektorda işlə təmin olunmaqla dövlətdən ayda minimum əmək haqqı məbləğində, yəni, 345 manat vəsait almasına imkan verəcək. Minimum əmək haqqı artdıqca bu məbləğ də yüksələcək. Yeni qanun özəl sektorda dövlət hesabına daha çox iş yerlərinin yaradılmasına xidmət edəcək və dövlət İşsizlikdən Sığorta Fondunun vəsaiti hesabına özəl sektorda kvotadan əlavə 15 iş yerinin yaradılmasını dəstəkləyəcək. İlkin qiymətləndirmələrə görə təxminən 15 mindən artıq vətəndaşımızın kvotadan əlavə işlə təmin edilməsi mümkün olacaq. Bu zaman onların maaşları dövlət tərəfindən ödəniləcək və onlar özəl sektorda işə cəlb olunacaqlar.

Yeni qanun eyni zamanda, dövlət və özəl tərəfdaşlığının gücləndirilməsinə imkan verəcək, işaxtaranların daha qısa zamanda işlə təmin olunmasına şərait yaradacaq. Əmək bazarında daha çox tələb olunan ixtisaslar üzrə dövlət tərəfindən maaşların ödənilməsi həyata keçiriləcək. Kvotadan əlavə iş yerlərinin yaradılması və həmin iş yerlərində çalışanlanların maaşlarının dövlət tərəfindən ödənilməsi həm özəl sektor üçün işçiləri cəlb etmək baxımından, həm də işsizlərin daha qısa zamanda işlə təmin olunması baxımından yeni bir imkandır. Bütövlükdə, qanun ölkəmizdə məşğulluğun daha yaxından təmin olunmasına və iş axtaranların qısa müddətdə işlə təmin olması üçün yeni imkanlar yaratmaqla əhalinin sosial təminatının daha da yaxşılaşdırılmasına xidmət edəcək".

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top