Azərbaycan təhsilinin zərif insan kapitalları

CƏMİYYƏT 25.06.2024 3353
"Bir oğlana təhsil verməklə təhsilli bir insan, bir qıza təhsil verməklə təhsilli bir ailə qazanmış oluruq" (Hacı Zeynalabdin Tağıyev)

Millətin təşəkkülü, xalqın formalaşması, dayanıqlı iqtisadiyyata əsaslanan dövlətin qurulması, güclü ordu, beynəlxalq nüfuz kimi ümdə məsələlərin əsasını elm, maarif, təhsil təşkil edir. Bunları özündə birləşdirən isə təhsil müəssisələridir. Tarixin keşməkeşli sınaqlarından çıxan Azərbaycanda, təəssüf ki, ilk məktəblər bir qədər gec - XIX əsrin ikinci yarısından etibarən qurulmağa başlandı. Bunu ləngidən siyasi arenada baş verən hadisələr olsa da, sürətləndirən amillər kadr çatışmazlığı, iqtisadiyyatın  sürətli inkişafı ilə ayaqlaşmaq zərurəti, məktəblərlə bağlı islahatları qaçılmaz edən sosial-mədəni irəliləyiş oldu. 

Azərbaycanda orta məktəblərin təşkili 1865-ci ilə təsadüf edir. Bu sahədə aparılan islahatlar qızların təhsili məsələsini də zəruri edirdi. Bakıdakı "Müqəddəs Nina" qız məktəbi istisna olmaqla, Azərbaycanda qızların təhsili bir qayda olaraq evlərdə təşkil edilirdi. 1864-cü ildə Zaqatalada təhsil müddəti bir il olan qız məktəbi, 1874-cü ildə Bakıda "Müqəddəs Nina" məktəbi əsasında qadın gimnaziyası, 1897-ci ildə Bakıda daha bir qadın orta məktəbi, 1894-cü ildə Şuşada "Mariniskoe uçilişe" adlı qadın məktəbi açıldı. Əsrin sonuna qədər qız məktəblərinin sayı 7-yə çatmışdı. Bu məktəblərdə tədris rus dilində aparılırdı. Əsrin sonuna yaxın bu orta məktəblərdə 1300 nəfərə qədər qız oxuyurdu. 

Qızların təhsilə cəlb edilməsi prosesini Azərbaycan maarifçilərinin inadcıl mübarizəsi, dəstəyi sürətləndirdi.

Azərbaycanın maarifpərvər xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyev hələ iki əsr əvvəl qızların təhsili uğrunda yenilməz mübarizəsinə başlamış, Rusiya imperator idarələrinin süründürməçiliyi, məsələnin həlli üçün yaradılan süni maneələri aşaraq tariximiz, Azərbaycan millətinin gələcəyi üçün önəmli olan qızlar məktəbinin açılmasına nail olmuşdur. 
Artıq əsrlər əvvəl başlayan prosesin davamı olaraq bu gün də Azərbaycan qadının təhsili, cəmiyyətdə, ictimai-siyasi həyatda rolu daim diqqət mərkəzində saxlanılan məsələlərdəndir. Təsadüfi deyil ki, intellektual vətəndaşların, peşəkar kadrların, uğurlu şagirdlərin yetişdirilməsi üçün mütəmadi olaraq tədbirlər, layihələr, müxtəlif təqaüd proqramları həyata keçirilir, gənclərin xaricdə təhsil almaları, karyera qurmaları üçün geniş imkanlar yaradılır. 

Yuxarıda sadalananları nəzərə alsaq, bu gün qızların təhsil almaq imkanlarının daha geniş olduğunu görmüş olarıq. Üstəlik, bu imkanlar həm ailə, həm də dövlət səviyyəsində təmin edilir, bunun üçün geniş tədbirlər görülür. 

Bu gün qızların da ayrı-ayrı sahələrdə peşəkar kadr kimi öndə olduqlarını görmək, Müstəqil Azərbaycan tarixində təhsilə cəlb edilən qızların sayındakı inanılmaz artım qürurvericidir. Bunlara aparılan düzgün siyasət, həyata keçirilən uğurlu layihələr, təhsilə investisiya qoyuluşundakı artım, icra edilən uğurlu proqramlar sayəsində nail olunub.  
Bu prosesin ən mühüm hissəsi isə Prezident İlham Əliyevin, Birinci-vitse prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın təhsilə diqqəti və qayğısı sayəsində yüksək standartlara cavab verən yeni məktəblərin açılmasıdır. 

Heydər Əliyev Fondunun təhsillə bağlı həyata keçirdiyi irimiqyaslı layihələr sırasında “Təhsilə dəstək ” layihəsi, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsil hamı üçün ”, “Uşaq evləri və internat məktəblərinin inkişafı ” proqramları var. Bundan başqa, Təhsildə müasir informasiya texnologiyalarının tətbiqi sahəsində BMT-nin İnkişaf Proqramı ilə fond arasında imzalanmış saziş ölkədə təhsil strategiyasının qurulmasında mühüm rol oynayıb. 

Gürcüstanda yaşayan azərbaycanlıların təhsillə bağlı problemlərinin aradan qaldırılması üçün hər il fond tərəfindən böyük miqdarda yardım göstərilir.

İşğaldan azad olunan torpaqlarımızda da yeni təhsil ocaqlarının açılması, bölgələrdə təhsil müəssisələrinin təmiri və yenidən qurulması istiqamətində görülən işlər şagirdlərin təhsil və tədrisə cəlb olunmasını sürətləndirmiş, bunun nəticəsi olaraq isə qadının Azərbaycan təhsili, Azərbaycan cəmiyyəti, mədəniyyəti, iqtisadi-sosial həyatındakı rolu köklü şəkildə müsbət istiqamətdə dəyişmişdir. 

Təsadüfi deyil ki,  hər il ölkənin ali təhsil müəssisələrinə qəbulun statistik göstəricilərində qızların sayı ilə bağlı müsbət irəliləyişlərin olduğunu görürük. 

Təkcə bu ilin statistikasına nəzər salsaq, xüsusilə bölgə məktəblərindən olan qızların birincilik qazanmaları sevindirici haldır. 

Belə ki, Lənkəranın Boladi kənd 1 nömrəli tam orta məktəbinin 3 qız məzunu bu il keçirilən buraxılış-qəbul imtahanlarında 600-dən çox bal toplayıb.

▪ Zəhra Qafarzadə (lV qrup) – 683.6 bal.
▪ Sabrina Rzayeva (l qrup) – 665.8 bal.
▪ Jalə Rəhimova (lll qrup) – 641.2 bal.

Bu il I qrup üzrə buraxılış və qəbul imtahanlarında yeganə ölkə birincisi də qız məzunlarımızdan - Şəki şəhər 18 saylı orta məktəbin şagirdi Zərifə İlyasovadır (700 bal). 

II qrup üzrə ən yüksək nəticə - Şəbnəm Novruzova (693,9 bal), Xırdalan şəhər 2 saylı orta məktəb;

IV qrup üzrə ölkə birincisi - Nəzrin Əhmədova (697 bal), Gəncə şəhər 30 saylı orta məktəb;

III qrup üzrə ən yüksək nəticə - İlahə Məhərrəmzadə - (692.5 bal), Tovuz şəhər M.Ələkbərov adına tam orta məktəb.

3 martda keçirilmiş buraxılış imtahanlarında 50 min şagirdin içindən seçilərək maksimal 300 balı toplayan 14 nəfərdən 13-ü qızdır və şagirdlərin yarısı bölgə məktəblərindəndir.

Qax şəhər 4 saylı tam orta məktəbinin şagirdləri Humay Harunova və Ayşən Nəzirova buraxılış imtahanında maksimal 300 bal toplayan 39 nəfər sırasındadır.
Qazax rayon Dəmirçilər kənd tam orta məktəbin şagirdi Yusifova Səbinə də buraxılış imtahanında 300 bal toplayanlar sırasında olub. 

Ölkənin ən yaxşı məktəblərindən biri - Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyadan buraxılış imatahanlarında maksimal bal (300 bal) toplayan 3 şagirddən biri Hüseynli Aytacdır.  


10 martda keçirilmiş buraxılış imtahanlarında maksimal nəticə toplamış 39 nəfərdən 28-i qız məzundur. 

Bu il magistratura I cəhd imtahanı üzrə essesiz yeganə Respublika birincisi və ümumi I cəhd imtahanı üzrə Respublika birincilərindən biri Gültən Məhərrəmli olub. Gültən 2020-ci ildə 558 balla ADNSU-ya qəbul olub. 2024-cü ildə magistraturaya keçirilən qəbul imtahanlarında essesiz 93 balla ölkə birincisi, esse ilə 96 balla yenə ölkə birincisi olub.

Azərbaycan təhsilinin ən dəyərli insan kapitalları olan qızlarımızın dünya reytinqinin lider universitetlərinə qəbulu ölkəmiz, təhsilimiz adına çox böyük uğurdur.

Bakı şəhəri 1 saylı məktəbin XI sinif şagirdi Gülnur Ağakişiyeva ABŞ-nin ən nüfuzlu universitetlərinə qəbul və təqaüd qazanıb. O, ABŞ-nin "Illinois Urbana Champaign" Universiteti, "Purdue" Universiteti və Penn Dövlət Universitetindən qəbul qazanıb.

Dünya reytinqində "TOP-7"də olan ABŞ-nin Kolumbiya Universitetinin bakalavr pilləsinə qəbul alan Şəkidən olan məzun Dəniz Məmmədzadə dünyanın 17 ən yaxşı universitetinə qəbul alıb. Onların aralarında Vaşinqton Universiteti, Miçiqan Universiteti, Pensilvaniya Universiteti, Georgiya Texnoloji Universiteti, Kaliforniya Universiteti, İngiltərənin "Kings Kollec London" təhsil müəssisəsi də var. Dənizin seçimi Nyu–Yorkdakı dünyaca məşhur Kolumbiya Universiteti olub və Universitet Dənizi özünün ən nüfuzlu təqaüd proqramı - Egleston Scholars proqramına layiq görüb. Bu, Kolumbiya Universitetinə qəbul olunan tələbələrin yalnız 1%-nə verilən xüsusi alimlik-araşdırma təqaüdüdür. 

ADA Universitetinin Kommunikasiya və rəqəmsal media ixtisası üzrə təhsil alan tələbələri Elşən Hüseynzadə və Məryəm Əliyeva ABŞ Dövlət Departamenti tərəfindən tam maliyyələşdirilən bir illik proqramda (CCI proqramı) iştirak haqqı qazanıblar.

17 yaşlı Qəndab Məmmədova, 16 yaşlı Dəniz Məmmədzadə və 16 yaşlı Nihad Həsənov bakalavr təhsillərini "Ivy League" universitetləri sayılan Harvard və Kolumbiya universitetlərində alacaqlar. 

Bakı şəhər 279 saylı məktəbin məzunu Qəndab Məmmədova dünya reytinqinin lideri - ABŞ-nin Harvard Universitetinin bakalavr pilləsinə qəbul olunub.

Azərbaycan Dillər Universitetinin fəxri məzunu Aysun Məmmədli ABŞ-nin Harvard Ali Təhsil Məktəbinin Təhsildə liderlik, idarəetmə və sahibkarlıq ixtisası üzrə magistr proqramına qəbul olunub.

Azərbaycanlı gənc Röya Talıbova Harvard Universitetinin Kennedi adına Dövlət İdarəetmə İnstitutunda professor (tenure-track) olaraq fəaliyyətə başlayıb.

Həmyerlimiz Günay İmanzadənin adı "Forbes" jurnalının 30 yaşa qədər uğur qazananlar siyahısına salınıb. O, builki siyahıda yer alan yeganə azərbaycanlıdır. Günay 2023-cü ildə innovasiya sahəsi üzrə gənclər üçün Prezident mükafatına layiq görülüb. Onun təsisçisi olduğu startap “Texnofest” festivalı çərçivəsində keçirilən müsabiqədə qalib olub.

Həmyerlimiz Nərgiz Hacıyeva ABŞ-nin dünya reytinq sıralamasında "Top30"da olan Miçiqan Universitetinin “Weiser Professional Post-doctoral Fellowship” proqramının tam təqaüdlə Azərbaycan üzrə yeganə qalibi seçilərək “Weiser” mükafatına layiq görülüb.

ABŞ-də urologiya uzmanlığını qazanan ilk azərbaycanlı - İlahə İsalıdır. 10 noyabr 1991-ci ildə Tərtərdə anadan olub. 2009-cu ildə Xırdalandakı ərəb dili təmayüllü məktəbi fərqlənmə ilə başa vurub. 

Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin məzunu Fidan Hüseynova dünya universitetlərinin reytinq lideri olan ABŞ-nin Massaçusets Texnologiya İnstitutuna (MIT) qəbul alıb.

ABŞ-də alimlik dərəcəsi alan ilk azərbaycanlı qadın Ekologiya üzrə fəlsəfə doktoru Əminə Nəcəf qızı Salamovadır. O, İndiana Universitetinin Ekoloji Kimya laboratoriyasında ətraf mühitin çirklənməsinin monitorinqi proqramının direktorudur.

AzMİU-nun bakalavr məzunu, Azərbaycanın Milli Qəhrəmanı, Şəhid polkovnik İlqar Mirzəyevin qızı Gülnarə Mirzəyeva İngiltərənin nüfuzlu universitetlərindən olan “Warwick Business School”un magistr pilləsini başa vurub.

"Gənc nəslin təhsilinə gəldikdə, biz bu sahədə çalışırıq. Bu, bizim əsas prioritetlərimizdən biridir. Gənc nəslin aparıcı beynəlxalq universitetlərdə təhsili üçün xüsusi prezident proqramı var" deyən Prezident İlham Əliyevin dəstəyi qızlarımızın təhsil alması üçün böyük stimuldur. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2024-cü il Gənclər üçün Prezident mükafatları verilənlərdən 6-sı qızdır:

Abdullayeva Gülnar Rizvan qızı
Ağamirova Rəvanə Seymur qızı
Baxışova Rzayeva Kimyəxanım Ziyad qızı
Məhərrəmova Zərifə Hüseyn qızı
Məmmədova Dinara Bəxtiyar qızı
Məmmədova Fatimə Nizami qızı.

Azərbaycan Respublikasının Dövlət Statistika komitəsindən əldə etdiyimiz aşağıdakı statistik göstəriciləri təqdim edirik: 
Xarici ölkələrin ali təhsil müəssisələrində dövlət xətti ilə təhsil alanAzərbaycan vətəndaşlarının sayı
(tədris ilinin əvvəlinə, nəfər)
 
  2018/2019 2019/2020 2020/2021 2021/2022 2022/2023
Cəmi 751 807 975 717 1004
onlardan qadınlar 178 162 159 65 144
 
Bütün bu uğurlarla yanaşı, hər cəmiyyətdə olduğu kimi, ölkəmizdə də təhsildən yayındırılan, evliliyə məcbur edilən qızlar yox deyil. Qadağalar, cəzalarla yanaşı, artıq qızların təhsildən yayındırılmasının qarşısının alınması üçün erkən nikahlar, qohum evliliyi ilə bağlı yeni qanun layihələri təqdirəlayiqdir.

Azərbaycanda qohum evliliyinin rəsmi olaraq qadağan edilməsi, nikah yaşının 1 il azaldılmasına yol verilən halın aradan qaldırılması, nikah yaşına çatmayan şəxsi erkən evliliyə daxil olmağa məcbur edənlərin həbsi, yetkinlik yaşına çatmayanların kəbinini kəsən mollaların cərimələnməsi, inanırıq ki, bu kimi neqativ halların qarşısını alacaq. 
Nuranə Abbasova
Bu yazı “Təhsilin İnkişafı Fondunun, Azərbaycan Mətbuat Şurasının və “Azərbaycan müəllimi” qəzetinin “Qızların təhsilinə dəstək” müsabiqəsinə təqdim olunur

 
XƏBƏR LENTİ
23.07.2024 1292
22.07.2024 3317

DİGƏR XƏBƏRLƏR

Loading
Top