Zərdab kümçüləri liderdir

Manşet
CƏMİYYƏT 24.06.2024 5443

Son illərdə ölkə başçısının baramaçılığın və ipəkçiliyin inkişafı ilə bağlı imzaladığı fərman və sərəncamlar iqtisadiyyatın bir qolu olan kənd təsərrüfatının bu sahəsinin də yenidən dirçəlməsinə səbəb olub. 2016-cı ildən ipək istehsalının müasir infrastrukturunun yaradılmasına başlanılıb. Barama istehsalı ilə məşğul olan kəndlilərə dövlət tərəfindən subsidiyanın verilməsi bu sahəyə marağı daha da artırıb.
Dövlət başçısının müvafiq Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi, ixrac potensialının artırılması və kənd yerlərində məşğulluğun təmin edilməsində əhəmiyyətli rol oynayıb.
Dövlət proqramının məqsədi ipək emalı sənayesinin xammal təminatını yüksəltmək, istehsal edilən məhsulun keyfiyyətini artırmaq, ipək məhsullarının ixrac potensialını gücləndirmək və məşğulluğunu artırmaqdan ibarətdir.
Eyni zamanda qeyri-neft sektorunun inkişafı üçün də ipəkçiliyin geniş vüsət alması dövlətin prioritetlərindəndir.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, hər il olduğu kimi bu il də ən çox barama tədarükü Zərdab rayonunda aparılıb.
Zərdab kümçüləri tədarük məntəqələrinə 40 tondan artıq yaş barama təhvil veriblər. Kümçülər yaş baramanı kiloqramı 5 manatdan “Azəripək” MMC-yə təhvil verirlər.
Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 6 manat subsidiya ödəyir.
Kümçülər  təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində ümumilikdə 11 manat əldə edirlər. Bu da o deməkdir ki, bu il rayonumuza yarım milyona yaxın vəsait daxil olacaq.
Daxil olan vəsait əhalinin rifahının yaxşılaşmasında şübhəsiz ki, böyük rol oynayır. Mən də doğma həmyerlilərimin əziyyətinin boşa getməməsinə sevinir, növbəti illərdə də kümçülərimizə uğurlar arzulayıram.
Cənab Prezidentin digər sahələrdə olduğu kimi kənd təsərrüfatı sahəsində də apardığı uğurlu siyasətinə məsuliyyətlə yanaşaraq rayonumuzun öndə olması üçün əllərindən gələni əsirgəməyən zəhmətkeşlərə və rayon rəhbərliyinə minnətdarlığımı bildirirəm.
Necə deyərlər, sükanı belə saxlayaq!
Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyinin İnnovativ ideyaların reallaşdırılması və kommunikasiya şöbəsinin müdiri Ramil Mehdiyev
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top