ƏMƏLLƏRİ İLƏ İŞIĞA ÇEVRİLƏN QADIN-Jalə Əliyeva

CƏMİYYƏT 28.04.2024 2223

28  aprel – özünün işıqlı və humanist peşəsi, xeyirxah və faydalı fəaliyyəti ilə minlərlə insana xoşbəxtlik bəxş etmiş, XX əsr Azərbaycan Oftalmologiya məktəbinin yaradıcılarından biri – akademik Zərifə xanım Əliyevanın dünyaya gəldiyi gündür. Zərifə xanım Əliyeva haqqında söhbət açılanda yada ilk olaraq işıq düşür. Təkcə ona görə yox ki, Zərifə xanım həkim kimi gözlərə nur verirdi. Onun yaşadığı ömrün özü bir işıq mücəssəməsidir. Bu işıqdan hamıya pay çatırdı: ailəsinə, övladlarına, əhatəsində olanlara, gözünün nurunu itirmiş insanlara… Zərifə xanım Əliyeva tanrının sevdiyi və əbədi yaşarlılıq haqqı verdiyi seçilmişlərdəndir.

Azərbaycan tibb elmində silinməz izlər qoymuş, səhiyyəmizə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanı xatırlayanda həm də göz önündə mənəvi kamilliyinin ən uca zirvəsində dayanan görkəmli elm fədaisinin işıqlı çöhrəsi canlanır. Eyni zamanda, onun simasında nəcib Azərbaycan qadını, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazı görürük. Yüksək intellekt və mədəniyyət, dərin bilik, insanpərvərlik, Vətənə məhəbbət və xeyirxahlıq kimi keyfiyyətlər Zərifə xanımın portretini tamamlayan əsas cizgilərdir. 

Zərifə xanım ümummilli liderlə çiyin-çiyinə addımlayır, qayğısına qalır, çətin günlərdə ona arxa-dayaq olurdu. Bu yükü kövrək çiyinlərində böyük mətanət və fədakarlıqla daşıyırdı. Eyni zamanda, övladlarını vətənin layiqli övladları kimi, öz nəslinin yüksək mənəvi dəyərlərinin varisi kimi yetişdirirdi. Üstəgəl gərgin iş və elmi fəaliyyət…

Sıravi həkimlikdən akademikliyə qədər yüksəlmiş Zərifə xanım oftalmologiya elminin inkişafına dəyərli töhfələr verib, bu sahə üzrə yüksək ixtisaslı kadrlar yetişdirilməsinə böyük əmək sərf edib. Akademik Zərifə xanım Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələridir. Zərifə xanım haqlı olaraq belə hesab edirdi ki, həkimin peşə mövqeyi onun xəstəyə münasibətini müəyyənləşdirən başlıca amildir: “Yalnız o şəxs əsl həkimdir ki, xəstənin ağrılarını məhz özünün ağrıları hesab edir. Belə bir həkim üçün hər dəfə xəstəni qəbul etmək , hər dəfə xəstəliyə düçar olmuş insanla söhbət etmək həm xəstə qarşısında, həm də cəmiyyət qarşısında, ən başlıcası isə öz vicdanı qarşısında əxlaqi məsuliyyət deməkdir". 

Bəlkə də bəşər tarixində nadir şəxslərə qismət olmuşdur ki, dövlət xadiminin övladı, həyat yoldaşı və anası kimi şöhrətin ən uca mərtəbəsinə yüksəlsin, lakin özünün qazandığı insanlıq zirvəsini bütün şan-şöhrətlərdən ucada tuta bilsin. Məhz akademik Zərifə xanım Əliyeva insanlığın zirvəsində qərar tutmuş əbədiyyət yolçusudur. Zərifə xanım həm də ona görə xoş talehli və unudulmaz bir şəxsiyyətdir ki, onun humanist həkimlik peşəsi, alim, ictimai xadim kimi fəaliyyəti, ləyaqətli həyat yoldaşı, ana, nənə missiyası bu gün də sözün əsil mənasında yaşayır, ulu öndər Heydər Əliyevin ocağında Mehriban xanım Əliyevanın şəxsində daha böyük miqyasda davam edir. Hörmətli Mehriban xanım Əliyeva da istedadlı göz həkimi, görkəmli alim və səhiyyə təşkilatçısı, ictimai-siyasi xadim kimi şərəfli missiyanı uğurla davan etdirir, öz yorulmaz fəaliyyəti ilə milyonlarla insana ümid işığı, firavanlıq, can sağlığı və gələcəyə inam bəxş edir. 

Zərifə Əliyevanın elmi fəaliyyəti, şəxsiyyəti, keçdiyi şərəfli ömür yolu haqqında çox sayda əsərlər, məqalələr, kitablar yazılıb. Lakin bu böyük insan haqqında ən xoş, ən səmimi və ən gözəl sözləri onu hər kəsdən yaxşı tanıyan və hamıdan çox sevən ömür-gün yoldaşı – Ümummilli lider Heydər Əliyev söyləyib:

“… Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib. Zərifə xanım çox böyük alim olub. Mən hələ onunla həyat quranda o, artıq elm yolunda idi, elmlə məşğul idi. Onun elmi fəaliyyəti məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi. Mən bu barədə çox danışa bilərəm, ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsi üçün və həyatımda onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm. On il keçsə də, onu bir dəqiqə belə unutmuram və unutmayacağam. Mənim övladlarım da bu əhval-ruhiyyədədirlər. Onlar bu əhval-ruhiyyə ilə tərbiyələniblər, formalaşıblar. Ona görə də bu gün bizim üçün müqəddəs gündür. Bu gün xoşbəxt gündür. Çünki bu gün Zərifə xanım kimi böyük bir insan Yer üzünə gəlib, mənim həyatımı xoşbəxt edib, mənə gözəl övladlar bəxş edib”.

Bəli, Ulu Öndər Heydər Əliyevin də söylədiyi kimi, bu gün xoşbəxt gündür. Bu gün Zərifə xanımın doğum günüdür. O, gözəl övladları təkcə Heydər Əliyevə deyil, bütün Azərbaycana bəxş edib. Məhz onun övladı – Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev bizləri Qarabağlı Azərbaycan etdi! Ölkəmizi bütövləşdirdi Torpaqlarımızın Xilaskarına çevrildi!

Əminik ki, ruhu şaddır! Doğum günündə Zərifə xanım Əliyevanı bir daha dərin ehtiramla yad edir, ona Allahdan rəhmət diləyirik.

Jalə Əliyeva
Millət vəkili, 
Milli Məclisin Ailə, qadın, uşaq məsələləri
Komitəsinin sədr müavini, 
Filologiya elmləri doktoru, professor
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top