Şaxta qiymətləri “dondurmur”, amma bəzi məhsullar 20-30 faiz ucuzlaşacaq - RƏY + FOTO

GÜNDƏM 12.01.2023 1414

Fəsil dəyişkənliyi, ümumiyyətlə havaların soyuması bazarlarda alıcılıq qabiliyyətinə təsir edib. Çünki soyuq havalarda bazarlıq etmək həvəsi elə də güclü olmur. 

Bir qisim şəxs alıcılıq qabiliyyətinin düşməsi səbəbindən məhsulların qiymətinin endirilə biləcəyini ehtimal edir. Bəs görəsən, bu gözlənti reallaşa bilərmi? 2023-cü ildə qiymət artımlarına son veriləcəkmi?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən iqtisadçı-ekspert Emin Qəriblinin sözlərinə görə, kəskin hava şəraiti qiymət artımına səbəb ola bilər:

“Qış fəslində hava şəraiti ilə əlaqədar müəyyən problemlər ortaya çıxır. Bəzən yollar bağlanır, gediş-gəliş kəsilir və ya təchizatda problemlər yaranır. Bu öz növbəsində qiymət artımına gətirib çıxara bilər. Bəzən elə olur ki, müəyyən dövrlərdə adamlar hətta bazara da getmirlər. Tələbat azala və o zaman məhsulun qiyməti salına bilər”.

E.Qəribli qeyd edib ki, müəyyən tədbirlər nəticəsində inflyasiyanın faizi azalmaq üzrədir:

“Bizdə kəskin qar yağmır. Mən inanmıram ki, bu amil böyük təsir göstərə bilsin. Qiymət artımına, inflyasiyaya gəldikdə qeyd etmək lazımdır ki, hazırda əksər ölkələr müvafiq tədbirlər görürlər. Bunun nəticəsində də inflyasiyanın faizi azalır. Buğdanın qiymətində ilin əvvəlindən 6 faiz azalma müşahidə olunur. Bu da öz növbəsində iqtisadi tələbatı azaldır, qiymətlərin azalmasına təkan verir”.

Ekspert əlavə edib ki, bu il məhsulların qiyməti 20-30 faiz enəcək:

“Bu il üçün olan proqnozlara görə, qiymət azalmaları baş verəcək. Pandemiya dövründə və geosiyasi qeyri-stabillik səbəbindən müəyyən qida məhsullarında qiymət artımı baş vermişdisə, bu il azalmalar gözlənilir.

İnflyasiyanın özünün də dünya üzrə illik iki-üç faiz artım tendensiyası var. Bunu nəzərə alsaq, görərik ki, bəzi məhsulların qiymətində 20-30 faiz artım baş vermişdisə, bu il müəyyən azalmalar gözlənilir. Bu da dünya iqtisadiyyatının durumundan asılıdır. Ola bilsin ki, bu azalma o qədər də yüksək olmasın”.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top