“Çağrı mərkəzi”nin yenidən təşkili və QR-kodun tətbiqi ilə bağlı təqdimat keçirilib - FOTO/VİDEO

CƏMİYYƏT 22.12.2022 1640

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) “Çağrı mərkəzi”nin yenidən təşkili və QR-kodun tətbiqi ilə bağlı təqdimatı keçirilib.

Bununla bağlı AAYDA məlumat yayıb. 

Təqdimatı giriş nitqi ilə açan Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədov ölkə Prezidentinin tapşırığı ilə respublikamızın hərtərəfli inkişafına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində də qabaqcıl islahatlar aparılmaqla müvafiq sahənin təkmilləşdirilməsi, müasirləşdirilməsi, vətəndaşlara daha keyfiyyətli xidmətlərin göstərilməsi ilə bağlı ardıcıl və yeni tədbirlərin həyata keçirildiyini bildirib. 

İdarə Heyətinin sədri Saleh Məmmədov qeyd edib ki, Agentlikdə yarandığı ilk gündən beynəlxalq standartlara uyğun olaraq yol infrastrukturunun yenidən qurulması istiqamətində yeniliklər tətbiq edilir, bu istiqamətdə müasir texnologiyaların imkanlarından geniş istifadə edilir. 

Bununla yanaşı ölkədə aparılan islahatlara və yeni çağırışlara uyğun hazırlanmış konsepsiya əsasında da işlər davam etdirilir.

2022-ci il ərzində idarəetmənin təkmilləşdirilməsi istiqamətində Agentliyin fəaliyyətinin daha çevik və məqsədyönlü həyata keçirilməsi, şəffaflığın təmin edilməsi üçün yeni informasiya texnologiyaların idarəetməyə tətbiqinin genişləndirilməsi, elektronlaşma sahəsində islahatların aparılması, həmçinin agentlik əməkdaşlarının peşəkarlıq səviyyəsinin yoxlanılması istiqamətdə böyük işlər görülüb və davam etdirilməkdədir.

Bura agentlikdə müasir metodlarla işçilər arasında keçirilmiş attestasiya, Daxili İntizam və Əməkdaşların Etik Davranış Qaydaları, İşə Qəbul Qaydalarının təsdiqi, Elektron İnformasiya Sistemi AYİS-in yaradılması daxildir.

İdarəetmənin təkmilləşdirilməsi istiqamətində daha bir yenilik Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”na əsasən “Çağrı mərkəzi”nin (0125997975) yenidən təşkili, iş fəaliyyəti sisteminin qurulması və müasir avadanlıqlarla təchiz edilməsidir.

Agentlikdə mövcud qaynar xəttin fəaliyyəti tələblərə cavab vermirdi. Bu üzdən işinin təkmilləşdirilməsinə və vətəndaş məmnuniyyətinin təmin olunması üçün göstərilən xidmətin qəbul olunmuş ümumi qaydalar əsasında daha yüksək səviyyədə həyata keçirilməsinə zərurət yaranmışdı.

Daha bir yenilik QR-kodun yaradılması və tətbiqi ilə bağlıdır. QR-kodun agentliyin ölkə ərazisində yerləşdirilən məlumatverici və  təmir işləri icra olunan ərazilərdə yerləşdirilmiş lövhələrdə, agentliyin rəsmi blank, həmçinin rəsmi sayt və sosial şəbəkə hesablarında paylaşılan məlumatlarında, agentliyə məxsus texnikaların üzərində yerləşdirilməsi planlaşdırılır. 

QR-kod məlumatlılığın artması və əlçatanlığın daha asan olmasında böyük rol oynayacaq, həmçinin Agentlik haqqında daha ətraflı məlumatın qarşı tərəfə ötürülməsini tez və asan təmin edəcək.

Tədbirin sonunda “Çağrı mərkəzi”nin fəaliyyətinin tənzimlənməsi qaydalarını, həmçinin Agentliyin QR-kodun yaradılmasını özündə əks etdirən video təqdimat nümayiş olunub.

 








XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top