İranda SEPAH generalı həbs edildi - FOTO

DÜNYA 02.12.2022 1405

İran İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) keçmiş komandirlərindən olan general Məhəmməd Bağır Bəxtiyar evinə İran təhlükəsizlik qüvvələrinin hücumu nəticəsində həbs edilib və şəxsi əşyaları müsadirə olunub.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Bəxtiyar daha əvvəl bir audiofayl yayaraq İran hökumətini Məhsa Əmininin ölümünün əsl səbəblərini gizlətməkdə günahlandırmışdı.

O bildirib ki, məhkəmə-tibb ekspertizasının etibarlı mənbələri 22 yaşlı gənc qızın ölümünə “kəllə sümüyünün zədələnməsi diaqnozu qoyublar”.

İran rəsmilərini “ambisiyalı və şəxsiyyətsiz” adlandıran keçmiş SEPAH komandiri demişdi ki, əgər “sağlam düşüncə” bu hadisəyə görə məsuliyyəti öz üzərinə götürüb üzr istəsəydi, hökumət daha az acınacaqlı nəticələrlə qarşılaşa bilərdi.

“Artıq xalqın əsas hədəfi rəhbərdir, şüarlar birbaşa ona qarşı yönəlib. Bunu başa düşün ki, xalq artıq sizi istəmir”, - deyə general Məhəmməd Bağır Bəxtiyar səs yazısında bildirib.

General İran-İraq müharibəsi dövrünün əsas komandirlərindən biri və SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin qurucularından olub.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top