Elektrik enerjisi veriləndə ilk işimiz qarabaşaq yarması və yumurta qaynatmaq olur – KİYEVDƏN MÜSAHİBƏ

CƏMİYYƏT 21.11.2022 1363

Rusiya Federasiyası tərəfindən Ukraynanın əsas infrastrukturuna kütləvi raket hücumları Ukraynanın enerji şəbəkəsinin, demək olar ki, yarısını sıradan çıxarıb. Avropa İttifaqının (Aİ) böhranla mübarizə idarəsi üzrə komissarı Yanez Lenarçiç ümumiyyətlə hesab edir ki, Ukraynanın enerji sisteminə dəyən ziyan kritik həddə yaxınlaşır.

Hətta Ukraynanın cəbhə xəttindən uzaqda yerləşən İvano-Frankovsk şəhərinin hakimiyyət orqanları sakinləri qış vaxtı kəndlərə köçməyə çağırıb. Müharibədən əvvəl sayı üç milyon nəfər olan Kiyev əhalisinin təxliyə oluna biləcəyi ilə bağlı təkliflər səslənirdi. Həmçinin, Ukrayna hökuməti bundan əvvəl xaricdəki ukraynalılara elektrik enerjisi olmadığı üçün evlərinə qayıtmamağı tövsiyə edib. BMT də soyuq qışın yaxınlaşması ilə əlaqədar Ukraynada humanitar fəlakətin baş verə biləcəyi barədə xəbərdarlıq edib.

Siyasətçi və dövlət xadimi, Ukraynanın əməkdar həkimi, tibb elmləri doktoru Olqa Boqomolets Kiyevdəki vəziyyətlə bağlı Oxu.Az-a açıqlama verib:

- Kiyev sakinləri çox hazırlıqlı və pozitiv insanlardır. Enerji təchizatını azı 30 dəqiqə verdikləri zaman ilk işimiz qarabaşaq yarması və yumurta qaynatmaq olur, çünki onlar sonra soyuq halda yeyilə bilir. Hamı ehtiyat üçün şam, batareya, akkumulyator yığdı, kimsə generator aldı. Təbii ki, evdə və işdə elektrik enerjisinin olmaması çətinliklər yaradır, elektrik enerjisinin kəsilməsi istehsalata təsir edir. Biz isti geyinirik - Kiyevdə artıq soyuqdur. Amma Kiyev sakinləri təşviş içində deyillər. Qələbəyə inanırıq və onu səbirsizliklə gözləyirik.

- Kritik infrastruktura zərbə vurmaqla Ukraynanı danışıqlar masası arxasına oturmağa məcbur etmək istədiklərini Rusiya Federasiyasında gizlətmirlər...

- Bu zərbələr bizi sındırmayacaq, onların cavablarını veririk. Hökumətə, prezidentə heç bir təzyiq yoxdur, işıqsız, istiliksiz yaşayan insanların da narazılığı yoxdur, olmayacaq da. Hamı bizim Rusiya təcavüzünə qarşı mübarizəmizi dəstəkləyir.

Cəbhədəkilər üçün nə qədər çətin olduğunu hamımız başa düşürük, bizi canları bahasına qoruyurlar. Bizim isə sadəcə işığımız yoxdur. Bu, qorxulu deyil. Bəli, hava daha da soyuq olacaq, amma biz evi odunla isitməyə hazırıq. Ukraynalılar bu qışdan sağ çıxacaqlar.

Xəstəxanaların, hərbi müəssisələrin elektrik enerjisi ilə təmin olunması çox vacibdir.

- Yeri gəlmişkən, xəstəxanalar elektrik enerjisi ilə necə təmin olunur? Axı uzun müddət generator işlətmək çətindir. Həm də bu, baha başa gəlir.

- Düzdür. Amma hələ ki Kiyevdə xəstəxanalarda və digər kritik obyektlərdə elektrik enerjisi kəsilməyib. Yanlarında raketlərin partlamasına baxmayaraq, çörək vaxtında bişirilir, mağazalarda ərzaq var, xəstəxanalar işləyir. Amma indi tibb müəssisələrinə əvvəlkindən, müharibədən əvvəl olandan az müraciət var.

- Humanitar mövzunu davam etdirəcəyəm. Azərbaycan vaxtaşırı reabilitasiya üçün Ukraynadan uşaq qrupları qəbul edir. Bu, Ukrayna üçün nə dərəcədə vacibdir və bu cür yardımı göstərən ölkə sayı çoxdurmu?

- Biz Azərbaycanın və Aİ ölkələrinin dəstəyini hiss edirik. Demək olar ki, hər kəs az və ya çox dərəcədə kömək edir. Bilirsiniz, nə qədər ukraynalı ölkəni tərk etməyə məcbur olub - milyonlarla. Kimlər ki çıxmaq, övladlarını çıxarmaq istədilər, bunu etdilər. Bu gün uşaqlarımız Polşa, Çex Respublikası, İspaniya, İtaliya, Bolqarıstan, Böyük Britaniya və yəqin ki, Azərbaycanda məktəblərdə pulsuz təhsil alırlar.

Təbii ki, bunun tamamilə haqsız bir şəkildə, həyasızcasına başladılan müharibə olduğunu, Rusiyada “xüsusi əməliyyat” adı altında gizlədildiyini başa düşən dostlarımızdan, qonşularımızdan gələn, xüsusilə silahlarla, hər cür dəstək bizə lazımdır. Amma biz suveren, müstəqil ölkəyik, bizim heç nəyi məcburən etməyə ehtiyacımız yoxdur və işğalçıların torpağımızı tapdalamasına dözməyəcəyik. Ukrayna cəmiyyəti diplomatik danışıqlar üçün heç bir fürsət görmür, işğalçı bizim torpağımızdaykən onunla nə danışmalıyıq? Nə vaxt bütün ərazilərimizi azad edərlər, o zaman danışarıq.

Həkimlərimiz haqqında da danışmaq istəyirəm. Teletibb vasitəsilə xaricdə dil problemi olan vətəndaşlarımıza məsləhətlər verməyə davam edirik. Avstraliya, Kanada və bir çox başqa ölkələrdən müraciətlər daxil olur.

- Bəs ukraynalıların xaricdə qalması ilə bağlı vəziyyət necədir? Məsələn, Azərbaycanda Ukrayna vətəndaşları üçün müvəqqəti məhdudiyyətlər aradan qaldırılıb. Yəqin ki, hər dövlətdə belə deyil...

- Ölkənizin, prezidentinizin, hökumətinizin belə bir qərar qəbul etməsini çox yüksək qiymətləndiririk. Bu, müəyyən bir müvəqqəti sabitlik hissi verir. Amma müxtəlif ölkələrin Ukrayna vətəndaşlarına münasibətinin fərqli olması ilə bağlı fikrinizdə haqlısınız.

- Zaman-zaman enerji böhranı səbəbindən Kiyev əhalisinin təxliyə oluna biləcəyi ilə bağlı məlumatlar yayılır. Bu nə dərəcədə realdır?

- Kiyevlilərin heç biri bu fikri ciddi qəbul etmir. Baxmayaraq ki, Kiyevdə döyüşlər davam edərsə, təxliyə mümkündür. Belə olan halda təxliyə dinc əhalinin zərər görəcəyindən qorxmadan silahlı qüvvələrimizə şəhərdə döyüşməyə, düşməni məhv etməyə kömək edə bilər. Bu, Kiyev əhalisinin təxliyəsinə razılıq üçün yeganə şərtdir. Amma hansısa profilaktik təxliyə, sadəcə, mənasızdır - insanlar şəhərdən çıxmayacaqlar.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top