XİN-dən Azərbaycana qarşı təxribatlara - REAKSİYA

GÜNDƏM 19.11.2022 1307

Tunisin Cerba şəhərində davam edən Beynəlxalq Frankofoniya Təşkilatının Zirvə Görüşü çərçivəsində 18 noyabr 2022-ci il tarixində baş tutmuş Nazirlər iclası zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan tərəfindən təxribat xarakterli və sözügedən Təşkilatın üzvlərinin guya Azərbaycana qarşı mövqe tutmaları ilə bağlı təhriflərlə dolu bəyanat səslənib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin şərhində qeyd edilib.

Bildirilib ki, Cerba Zirvə Görüşünə hazırlıq mərhələsində Fransanın birbaşa dəstəyilə Zirvə Görüşünün yekun sənədləri olan Cerba Bəyannaməsinin və Frankofoniya ərazisində böhran vəziyyətlərinə həsr olunmuş qətnamə layihəsinin ilkin mətnlərinə Azərbaycan əleyhinə birtərəfli, qərəzli və təhriflərlə dolu təhrikçi ifadələr daxil edilərək, üzv dövlətlərin müzakirəsinə təqdim olunub:

“Lakin, sənəd layihələrinin müzakirəsi mərhələsində bir neçə üzv dövlətin müdaxiləsi nəticəsində ölkəmizə qarşı sözügedən ifadələr mətnlərdən çıxarılaraq, layihələrdə Azərbaycanı birbaşa hədəf alan hər hansı ifadənin daxil edilməsinə imkan verilməyib. Bununla belə, sənədin yekun layihəsində hələ də Təşkilatın mandatına aid olmayan və Ermənistanın siyasi təbliğat vasitələrinə təhrik imkanı verən müəyyən elementlər qalmaqdadır.  

Sənədlərin razılaşdırılması prosesi çərçivəsində Azərbaycan əleyhinə birtərəfli, qərəzli və təhriflərlə dolu müddəalara etiraz edən ölkələrə qarşı Fransa tərəfindən əlavə siyasi təzyiqlər və diplomatik praktikadan kənar çəkindirmə addımları atılıb. Bu təzyiqlərə baxmayaraq, 18 noyabr 2022-ci il tarixində keçirilmiş Beynəlxalq Frankofoniya Təşkilatına üzv dövlətlərin Nazirlər İclası zamanı bəzi üzv dövlətlər bir daha söz götürərək qətnamə layihəsinin müvafiq bəndlərinə etiraz etdiklərini və sənədin qəbuluna razı olmadıqlarını bəyan edib.  

Bununla belə, etirazlara məhəl qoyulmadan, qərar qəbuletmə prosedurları pozularaq və üzv dövlətlərin mövqeləri nəzərə alınmadan, sənəd layihəsinin Zirvə Görüşünə təqdim edilməsi üçün təsdiqləndiyi bildirilib. Bu məqamda qərara etiraz edən nümayəndələr konfrans zalını tərk edib”.

“Qeyd edək ki, Beynəlxalq çoxtərəfli platformalarda presedenti olmayan bu kimi addımların atılması və prosedur qaydalarının kobud şəkildə pozulması bir daha Beynəlxalq Frankofoniya Təşkilatının Fransanın digər dövlətlərə təzyiq etmək üçün siyasi aləti olduğunu nümayiş etdirib və bu, şübhəsiz ki, bir mədəniyyət profilli qurum olaraq onun nüfuzuna ciddi xələl gətirəcəkdir.

Azərbaycanın üzv və müşahidəçi olmadığı, əsas məqsədi fransız dili və mədəniyyətinin dünya miqyasında təbliği olan və Fransanın təsiri altında idarə olunan bir qurumun öz mandatına aid olmayan məsələlərin müzakirəsi və siyasi qərəzli məqsədlər üçün sui-istifadə edilməsi tamamilə qəbuledilməzdir.

Fransanın bu cür pozucu fəaliyyəti nəticəsində Frankofoniya üzv dövlətlərinin Zirvə Görüşündə qəbul ediləcək sənədləri siyasi cəhətdən qərəzli və əhəmiyyətsiz hesab edirik.  

Azərbaycan tərəfi sözügedən Zivə Görüşünün sənədlərinin müzakirəsi prosesində beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqe nümayiş etdirmiş bütün dövlətlərə öz təşəkkürünü bildirir”, - deyə şərhdə vurğulanıb. 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top