Azərbaycanda borca görə iki yaşayış məntəqəsinin suyu kəsildi - FOTO

CƏMİYYƏT 18.11.2022 1894

Göygöl rayonunun Hacıməlik qəsəbəsində və Mollacəlilli kəndində sakinlərin içməli suya görə xeyli miqdarda borcu yarandığı üçün bu yaşayış məntəqələrinin su təchizatı müvəqqəti dayandırılıb.

Bu barədə “Azərsu” ASC məlumat yayıb.

Məlumata görə, debitor borcun ödənilməsi ilə bağlı sakinlərə dəfələrlə xəbərdarlıq edilsə də, onların böyük əksəriyyəti yenə də öhdəliklərini yerinə yetirməyib. Buna görə də abonentləri ödənişə cəlb etmək üçün zəruri tədbir kimi su təchizatının dayandırılmasına qərar verilib və bu barədə icra orqanları, bələdiyyələr əvvəlcədən məlumatlandırılıb.

Sakinlərin suya görə ümumilikdə 147 min manat debitor borcu yaranıb. Hacıməlik qəsəbəsində 312 abonentin cəmi 43-ü xidmət haqlarını ödəyir. Xidmət haqqını ödəməyən 269 abonentin içməli suya görə 74 698 manat (bir abonentə orta hesabla 278 manat) borcu yaranıb. Mollacəlilli kəndində isə 416 abonentdən cəmi 56-sı xidmət haqqını ödəyir. Digər 360 abonentin isə 72 408 manat debitor borcu (bir abonentə orta hesabla 201 manat) mövcuddur.

“Yaşayış məntəqələrinin mövcud su təchizatı sistemləri borclu abonentlərin su təminatının fərdi şəkildə dayandırılmasına imkan vermir. Bu, nəzərə alınaraq xidmət haqqını vaxtında ödəyən abonentlər fərdi qaydada sudaşıyan maşınlarla içməli su ilə təmin edilir və bu məqsədlə 18 tonluq su maşınları ayrılıb. Abonentlərdən xidmət haqlarını vaxtında və tam ödənilməsini xahiş edir, bildiririk ki, göstərilən xidmətlərin səviyyəsi abonentlərin ödənişlərindən asılıdır”, - deyə “Azərsu” bəyan edib.

 



XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top