Qarabağa “Böyük Qayıdış” hansı istiqamətləri ehtiva edir? - ŞƏRH + FOTO

GÜNDƏM 17.11.2022 1595

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çox ciddi bir neçə istiqaməti ehtiva edir”.

Bunu Oxu.Az-a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib.

Onun sözlərinə görə, ən əsas milli prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda bu ərazilərə qayıdışla bağlı iki məqsəd təsbit olunub:

“Əhalinin dayanıqlı məskunlaşması və ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyası əsasdır. Bu iki istiqamət əsas götürülərək 15 altməqsəd formalaşdırılıb. Bunun nəticəsində proqram hazırlanıb və 280-ə yaxın tədbirin gerçəkləşdirilməsi nəzərdə tutulub.

Həmin tədbirlərin həyata keçirilməsi üçün altı prioritet istiqamət var: ərazilərdə təhlükəsiz yaşayış və dövlət idarəetməsinin təşkili (bu, bilavasitə ərazilərin minadan təmizlənməsi ilə əlaqəlidir); şəhər, qəsəbə və kəndlərin, yaşayış məntəqələrinin qurulması; əhalinin geri qayıdışı və dayanıqlı icmaların yaradılması; bilavasitə ərazilərdə iqtisadiyyatın yerli və xarici dəyər zəncirinə inteqrasiyası və ərazilərdə ekoloji mühitin yaxşılaşdırılması.

Bu istiqamətlərin hər biri öz altfəaliyyət istiqamətinə bölünür və burada 30-dan çox bölmə var”.

Ekspert qeyd edib ki, bu tədbirlərin həyata keçirilməsi üçün əsas maliyyə mənbəyi dövlət büdcəsidir:

“Eyni zamanda, Qarabağ Fondu, Neft Fondu, Biznesin İnkişafı Fondu. Yerli və xarici investisiyalar və digər qurumlar çoxluq təşkil edir. Tədbirlərin əhatə etdiyi istiqamətlərə baxsaq, daha çox vəsait ərazilərdə şəhər, qəsəbə və kənd tipli yaşayış məntəqələrinin tikintisinə, infrastrukturun yaradılmasına ayrılır. Hədəf göstəricilərindən əsas olanları – infrastruktur, iqtisadi reinteqrasiya, sosial inkişaf və ətraf mühitdir”.

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilib.

Sözügedən proqram barədə buradan geniş məlumat əldə edə bilərsiniz.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top