İranın Azərbaycana qarşı oxunda “ərəb açılımı” amili: Bakı Ağ Evin dəstəyinə ehtiyatla yanaşır - TƏHLİL

GÜNDƏM 16.11.2022 1746

İran regional hegemonluq ambisiyalarının mərkəzinə Azərbaycanı da daxil etmək üçün məşqlər edir, lakin Bakının müttəfiqlərinin və strateji tərəfdaşlarının çoxluğu, üstəgəl adekvat cavab addımları Tehranın praktiki addım səslərini batırır.

Molla rejimi Azərbaycanı aşkar hədələyən böyük bir yükün altına girib və nəticə qazanmaq üçün kəşfiyyat-təxribat fəaliyyətindən tutmuş ideoloji cəbhələrini gücləndirməyə çalışır.

İran daxildəki problemlərin üzərinə pərdə çəkmək üçün qonşularını düşmənləşdirir, bunun arxasında dayanan məqamlardan biri də İsrailin “ərəb açılımı”na getməsi və bu işdə Türkiyə ilə birgə qarşılıqlı şəkildə müştərək maraqların dalınca düşməsidir.

Bu temp İranın ideoloji istehkamlarını və Tehranın illərdir çirkli pullar hesabına formalaşdırdığı regional şəbəkələri dağıdır.

İsrailin müsəlman coğrafiyasında Azərbaycanla strateji tərəfdaşlığını, Türkiyə ilə keçmişi unudaraq gələcəyə baxmasını onun Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynlə əlaqələrini gücləndirməsi siyasəti müşayiət edir.

Bu, İranın ümid bəslədiyi “şiə hilalı”nın xəyali və praktiki sərhədlərinin iflic duruma düşməsidir, onun müsəlman dünyasında yaratmaq istədiyi ideoloji monopoliyanın boğulmasıdır.

Ancaq İran İsraillə sərhəddə pərçimlənmiş mövqelərini daimi etmək üçün Qəzza zolağı və İordan çayının qərb sahilində, Suriyada, Livanda və İraqda terrorçu qruplaşmalarını stimullaşdırmaqda davam edəcək. İran bu yöndə pul və digər resurslar xərcləməkdə xəsislik edən deyil və bunu İrana əks cəbhədə olan bütün tərəflər mütləq nəzərə almalıdırlar, o da diqqətdə saxlanılmalıdır ki, Tehran terror fəaliyyətini Azərbaycana qarşı da aşkar müstəviyə keçirir.

İran paranoya tutmaları içərisində qıvrıldığından kəşfiyyat fəaliyyətinin sərhədlərini genişləndirir, Tehran dünya ölkələrində ona müxalif olan qüvvələri, israilli diplomat və iş adamlarını aradan götürmək siyasəti üzrə yeni əməliyyat planları hazırlayıb.

İranı strateji cəzalandırma üsulları üçün güclü əks-kəşfiyyat tədbirləri həyata keçirilir, ABŞ-nin də Bakıya dəstəyi onun Tehran əleyhinə növbəti planlarının tərkib hissəsidir.

ABŞ-nin qlobal siyasətdə oynadığı rolu, onun qüdrətini nəzərə alsaq, Azərbaycana İran mövzusunda dəstəyi Bakı tərəfindən alqışlanır.

Ən azından, Vaşinqton İranın Azərbaycana qarşı hərbi müdaxilə ssenarilərini önləyir, verilən diplomatik-siyasi dəstək Ağ Evin Azərbaycana ən təhlükəli anlarda hərbi yardım etməsi kimi qiymətləndirilə bilər.

Amma diqqət edilməlidir ki, ABŞ-nin Yaxın Şərq regionunda buraxdığı təhlükəli irslərin Cənubi Qafqaz regionunda da törəmələri yarana bilər, hərçənd ki, Vaşinqton Yaxın Şərqdə uduzmayıb və strateji məqsədlərinin bir hissəsinə çatıb.

Ağ Evin başqa məqsədi də Türkiyəni oyuna salmaq ola bilər, bu baxımdan Bakı ilə Ankara strateji müttəfiqlik öhdəliklərindən və zərurətlərindən irəli gələrək Vaşinqtonun gözləntiləri əsasında plan qurmayacaqlar.

Ümumiyyətlə isə İranın bölgədə təhrik etdiyi gərginliyin nisbi sakitliklə müvəqqəti tənzimlənmə üsulları yoxa çıxacaq.

İranın perspektivdə təcavüzkar siyasətini keyfiyyət etibarı ilə dəyişməsi çətin görünür.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top