Mahir kanon ifaçısı: “Bütün not dəftərlərimi yandırdım” - SƏNƏT SÖHBƏTİ + FOTO

CƏMİYYƏT 06.11.2022 1036

Füzuli “Yeddi cam” poemasında deyir ki, “Хоş nəğmələr ilə edərək aləmi məmnun, Bir huri, mələk üzlü çalırdı iri Qanun”. 

“Kaspi” qəzetinin əməkdaşı hələ Füzuli dövründən məşhur olan qanun, yəni kanon alətinin ifaçısı Humay Abbasla söhbətləşib.

O, həm də Müdafiə Nazirliyi Həzi Aslanov adına Ordu İdeoloji Mədəniyyət Mərkəzinin mahnı və rəqs ansamblının rəhbəridir.

Humay Abbas “kanonu mən seçməmişəm” deyir: “Uşaq vaxtı əlimə qaşıq götürmüşəm, mikrofon kimi tutub elə hey mahnı oxumuşam. Müğənni olmaq istəyirdim. Valideynlərim musiqiyə həvəsimi görüb evə pianino almışdılar. Məni də S.Ələsgərov adına 1 saylı incəsənət məktəbinə apardılar ki, pianino sinfinə yazdırsınlar. Musiqi məktəbinin direktoru məndə musiqi duyumunun olduğunu dedi və yeni açılmış kanon sinfinə məsləhət gördü. Bu yeni aləti bizə göstərdilər. Mənə çox qeyri-adi göründü. Müəllim barmaqlarıma üskükləri də taxdı. Diqqətlə onlara baxdım, maraqlı gəldi mənə. Sonradan ifa etdikcə də kanonu çox sevdim, bağlandım. Bu gün kanon mənim həyat dostumdur. Addım-addım mənimlə yol gedən sirdaşım, yoldaşım, həmdəmimdir. Mən ona əşya, alət kimi baxmıram. Mənim üçün kanon canlıdır. Onun ruhu var, hiss edir, yaşayır. Bu gün əldə edə bildiyim hər bir şeyə görə kanonuma borcluyam”. 

Humay xanım deyir ki, kanonla məşğul olmaq üçün ilk növbədə onu sevmək lazımdır: “Əgər uşağın marağı, istəyi yoxdursa, alınmaz. Bəzən valideynlər güclə uşağı kanon ifaçısı etmək istəyirlər. Belə olmaz. Elə uşağı nə qədər öyrədirsən-öyrət, xeyri yoxdur. İçində istək olmur. Görürsən ki, nə qədər əlləşib-vuruşursan heç nə alınmır. Ona görə deyirəm ki, bu işdə sevgi çox vacibdir. Ümumiyyətlə, uşağı ancaq sevgisi olan işə yönləndirmək lazımdır. Bu mərkəzə gələnəcən 25 il kanon ifaçılığından dərs demişəm. Mənim tələbələrim artıq özləri müəllimdir. Hər cür uşaq görmüşəm. Burada da çox gözəl ansamblımız var. Dövlət tədbirlərinə, xarici səfərlərə gedirik”. 

İfaçı sənət yolundakı sədləri aşa bilib: “Məktəbi bitirəndə Asəf Zeynallı adına Musiqi Kollecinə daxil olmaq istəyirdim. Atam isə mənim həkim olmağımı istəyirdi və sənəti davam etməyimə qətiyyən razı deyildi. Mənə qadağa qoydu. Bütün not dəftərlərimi yandırdım. Otağa girdim və günlərlə çıxmadım, yemək yemədim. Atam  gördü ki, mən əldən gedirəm. Ancaq ondan sonra təhsilimi davam etməyimə icazə verdi”. 

Sənətçi ailələrində qısqanclıq, sənət və ailə problemləri daim mövcuddur. Onlardan qurtulmaq, deyəsən, mümkün deyil. Nə qədər desək, nə qədər çalışsaq da, gəlib əmələ çatanda qısqanclıq baş qaldırır. Humay xanımdan da bu cür problemlər yan keçməyib: “Həyat yoldaşım məni işimə qısqanırdı. O, özü də musiqiçidir. Möhləm Müslumovun tələbəsi olub. Biz bir yerdə oxumuşduq, sevib evlənmişdik. Buna baxmayaraq, ifaçılığı davam etməyimi istəmirdi. Amma mən təslim olmadım. Çünki mən az-çox tanınıramsa, sevilirəmsə, bu, kanonun sayəsindədir. Mən onu heç vaxt buraxa bilmərəm. Demirəm ki, ailəni sənətə qurban vermək lazımdır. Amma kanondan da ayrıla bilməzdim. Elə bilirəm ki, kanon mənim alın yazımdır, mənim taleyimdir. O məni tapıb, mən onu yox. İnsanlar məni dinləyəndə qibtə etdiklərini hiss edirəm. Bu, məni sevindirir, yaşadır. Bu sənətlə daha çox məşğul olmağa sövq edir”. 

“Kanonun mənə fəsadı da olub”, deyir Humay xanım: “O vaxt kanonun qutusu indikilər kimi yumşaq parçadan yox, taxtadan hazırlanırdı və ağır olurdu. Az qala elə mənim çəkimdə idi. Anam-atam işdə olduqlarından kanonumu dərsə özüm daşıyırdım. Bu, zamanla onurğamda əyrilik yaratdı. Ona görə də həyatımın ən maraqlı hobbisi olan üzgüçülüklə məşğul olmağa başladım. Bu gün də üzmək mənim ən sevimli məşğuliyyətimdir”. 

Hisslərini sözə də çevirən Humay xanım deyir ki, hələlik şeir kitabını çap etməyə vaxtı yoxdur: “Uşaqlarımı tam yerbəyer edəndən, yəni özümə də vaxt ayıra biləndən sonra kitabımı çıxaracağam. Şeir yazmağımsa belə başladı. İctimai Televiziyada “Səhər sovqatı” adlı bir veriliş vardı. Bir şair, bir xanəndə və musiqiçilər dəvət olunurdu. Bir dəfə məni də dəvət etmişdilər. Həmin verilişdə sözlə musiqinin vəhdəti məni ovsunladı. Elə bir qəribə ovqata saldı ki, yazmaq istədim. Elə ilk şeirimi də onda yazdım. Sonra zamanla yenə də bu hissi duyduqca yazırdım”. 

“Həyat mübarizədir və heç nə asan başa gəlmir”, - deyir ifaçı: “Çətinliklərdən Allaha inamımla, güvənimlə çıxmışam. Elə bir vəziyyət olub ki, heç bir çıxış yolum olmayıb. Amma Allaha inanmışam, bilmişəm ki, alınacaq, düzələcək. Allahı daim içimdə hiss edirəm, danışıram. Arzularımı gerçəkləşdirir. Həmişə Məkkəni ziyarət etmək istəmişəm. Amma alınmırdı. Bu yaxınlarda Səudiyyə Ərəbistanına 12 günlük beynəlxalq festivala getdik. Hər gün 2 dəfə səhnəyə çıxırdıq. Konsertdən sonra səfirimiz bizə yaxınlaşdı, nəyə ehtiyacımızın olduğunu soruşdu. Məkkəyə getmək istədiyimizi bildirdik. Olduğumuz şəhərlə Məkkə arasında da xeyli məsafə vardı və saat da axşam doqquz idi. O, bir anlıq nəsə düşündü və dedi ki, hazırlaşın, gedək. Beləcə Məkkə ziyarətinə getdim”.

Söhbətimizin sonunda ifaçı arzusunu da dilə gətirdi: “Ölkəmizə saf, dürüst insanlar arzu edirəm. Son zamanlar getdikcə insanlar korlanır, qəlbləri qaralır sanki. İstərdim ki, hamının fikri saf, ürəyi təmiz olsun”. 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top