Qorxduğu üçün roldan imtina etdi, günlərlə huşsuz halda yatdı, son məktubunda Telman Adıgözəlovdan nə istədi?

CƏMİYYƏT 06.11.2022 1160

Bu gün aktyor, Xalq artisti Eldəniz Zeynalovun doğum günüdür. Kulis.az onun haqqında on maraqlı faktı təqdim edir.

Eldəniz Məmməd oğlu Zeynalov 1937-ci il yanvarın 1-də Bakının Yuxarı Dağlı küçəsində hərbiçi ailəsində doğulub. Adını ailənin qonşuluğunda yaşayan şair Səməd Vurğun qoyub: “Aybənizimiz, Gülbənizimiz var, qoy onun da adı Eldəniz olsun”.

Eldəniz Zeynalov dayısının sənətini seçir. Dayısı Azərbaycanın tanınmış aktyoru Həsənağa Salayevdir. Tez-tez dayısı ilə onun çalışdığı Akademik teatra gedər, saatlarla məşqə tamaşa edirmiş. Bəzi uşaq rollarında səhnəyə də çıxıb. Dayısı ilə birgə tamaşaçı qarşısına çıxıb baş əydikləri anları sonradan Eldəniz Zeynalov həyatının ən şirin xatirəsi kimi zarafatla xatırlayır: “Elə o vaxtdan başıma daş düşdü”.

Aktyor iki dəfə ailə qurub. Birinci evliliyindən Aybəniz adlı qızı doğulub. İkinci evliliyindən isə Elbrus, Məmməd, Gülbəniz adlı övladları dünyaya gəlib. Aybəniz hal-hazırda Londonda yaşayır.

Uşaq olanda qardaşlarını tamaşaya aparır. Əhvalat belə olur: ət tapılmayan zamanlar imiş. Birgə yemək yeyəndə öz qabındakı küftənin suyunu asta-asta içib, qardaşlarının yeməklərinin hamısını yemələrini gözləyib. Qardaşların qabı boşalandan sonra baxıblar ki, Eldənizin boşqabında küftələr diri qalır, yalvarıblar ki, bizə də ver küftələrdən. Eldəniz küftəni onlara pulla satmağa razılaşıb, aldığı pula isə səhəri gün uşaq tamaşasına qardaşları üçün bilet alıb gətirib. Eldəniz Zeynalovun qardaşı Tofiq Zeynalov uzun illər Dövlət televiziyasında rejissor işləyib, Eldəniz Zeynalovun da oynadığı “Qonşu qonşu olsa” tamaşasının rejissoru olub.

Eldəniz Zeynalov 1956-cı ildə o vaxtkı Teatr İnstitutuna qəbul olunur. İnstitutda müəllimlərindən biri də Adil İsgəndərov idi. O, Adil İsgəndərov ki, tələbələrini tələbə ikən kinoya çəkilməyə izn verməzdi. Deyirdi, tez ulduz olmaq onlara xeyir gətirməz, sənəti tam öyrənəndən sonra isə ulduz olsalar da ziyan gətirməz. Odur ki, teatrda 1950-ci ildən çalışsa da Eldəniz Zeynalov müəlliminin sözündən çıxıb institutda oxuduğu müddətdə dəvət aldığı filmlərə razılıq vermir. Nəhayət, elə çəkildiyi ilk film də institutu bitirən il müəlliminin ekranlaşdırdığı “Əhməd haradadır?” filmi olur. Filmdə Əhmədlərdən birini oynayan aktyor kinoda ilk xeyir-duasını da Adil İsgəndərovdan alır.

“Bir cənub şəhərində” filminə çəkilərkən Eldəniz rejissorun təkidi ilə qızı qucaqlamalıymış. Aktrisa buna razılıq verməyib. Rejissor israr edib ki, bu kadr hökmən alınmalıdır. Belə olan halda Eldəniz rejissora deyib ki, narahat olma, işıqları söndür, mən onu qəflətən qucaqlayacam. Belə də ediblər. İşıqlar sönən kimi qızı necə qucaqlayıbsa, qız başlayıb qışqırmağa. Rejissor göstəriş verib ki, çəkin. O filmdəki kadr yalançı kadr deyil, doğrudan da, qız çığır-bağır edir, Eldənizin üstünə qışqırır.

Ciddi xasiyyəti olan aktyor rejissorlardan söz götürmədiyi üçün bir neçə filmini yarımçıq qoymalı olub. Aktyorun həm də ata minmək qorxusu olub. Bu səbəbdən də “Yeddi oğul istərəm” filmindəki Mirpaşa obrazından imtina edib. Həmin filmdə epizodik rola çəkilir.

Aktyorun oğlu Məmməd Zeynalov atası kimi aktyorluq sənətini seçib. Bir müddət Dram teatrında, daha sonra İrəvan teatrında fəaliyyət göstərib. Məmməd 2021-ci il dekabrın 25-də xərçəng xəstəliyindən dünyasını dəyişib.

Aktyorun sonuncu ifa etdiyi rol isə Akademik Dram teatrında “Köhə ev” tamaşası olub. Bu tamaşada Səyavuş Aslanın dublyoru olan Eldəniz Zeynalov ondan qəribə bir xahiş edib deyir: Səyavuş, məşqlərə gəlmə, bəlkə də bu mənim oynayacağım sonuncu roldur”. Səyavuş Aslan onun sözünü yerə salmır. Müxtəlif bəhanələrlə məşqlərə gəlmir. Tamaşanın sonunda o, Qüdrət obrazının ölümünü elə canlandırır ki, Aktyorun zalda əyləşən oğlu atasının həqiqətən öldüyünü zənn edib ağlayır.

Ailəsində iki oğlan, üç qız böyüyən aktyorun əzizlərinin, dostlarının, ailəsinin mənəvi əziyyətləri isə Eldəniz Zeynalovun içkiyə meyilli olmasından qaynaqlanırdı. Onu sevənlər bilirdilər ki, bu qədər içki bir gün onu yıxacaq. Yıxılır, sözün həm birbaşa, həm də məcazi mənasında... Həyatın keşməkeşləri, aldığın stress və həyat zərbələri təbii ki, insanın səhhətində izsiz keçmir. Eldəniz Zeynalov özünü içkiyə verməklə bu əzablardan xilas olmağa çalışırdı, amma yəqin özü də bilirdi ki, bu qurtuluş yolu deyil, əksinədir.

Bir gün Arif Quliyevlə danışıb rayonlara qastrola çıxırlar. Rayonda konsertdən əvvəl oturub yeyib-içirlər və pilləkənləri düşəndə Eldəniz Zeynalovun ayağı burxulub yıxılır. Bu hadisədən sonra 6 ay xəstə yatır. Travmatologiya İnstitutunda əməliyyat olunaraq iki ay orada müalicə alır. Daha sonra həkimlər ayağının yenidən əməliyyat olunmasını məsləhət görürlər. Bu dəfə Respublika Elmi Arterioloji Mərkəzdə əməliyyat olunur. Bu dəfə də uğursuz keçirilir. Əməliyyatdan sonra vəziyyəti günbəgün ağırlaşır. Ayağında çürümə gedir. Oğlu Elbrus Zeynalov müsahibələrinin birində deyirdi:

Ayağı sınandan sonra atam xəstə yatırdı. Həkimlər onu düzgün əməliyyat etməmişdilər. Yataq xəstəsi olmuşdu, gəzə bilmirdi. Heç ayağa da qalxa bilmədi, üstəlik dinib-danışmır, bütün günü halsız qalırdı. Bir gün həkimlər atamın ayağını xüsusi drellə deşəndə o mənim adımı çəkib qışqırdı, dözə bilmədim, ürəyim getdi. Özümə gələndə onun halı nisbətən düzəlmişdi, amma mən ömür boyu o səhnəni unuda bilmərəm”.

Həkimlər əməliyyatsız düzəlmədiyini görüb, aktyorun ayağını əməliyyat etməli olurlar. Əməliyyatdan sonra Eldəniz Zeynalov özünə gəlmir, yəni huşsuz qalır. İki ay evdə huşsuz halda yatır və 2003-cü il noyabrın 5-də 64 yaşında dünyasını dəyişir. Yastığının altından sonradan sənət dostu Telman Adıgözəlova yazdığı məktub çıxıb. Aktyor övladlarını, ailəsini Telman Adıgözəlova tapşırıbmış məktubda.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top