Yol kənarında sahur edən iki nəfəri avtomobillə vurub öldürən şəxsə hökm oxunub - VİDEO

GÜNDƏM 20.09.2022 1137

Bu il aprelin 27-də gecə saat 03:15 radələrində Qaradağ rayonu Ələt qəsəbəsində idarə etdiyi “Chevrolet” markalı avtomobillə yol kənarında dayanmış şəxsləri vurub öldürən 1995-ci il təvəllüdlü Əsədzadə İbrahim Qaraş oğlu məhkəmə qarşısına çıxarılıb.

“Kriminalqafqaz” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 27 yaşlı şəxs Cinayət Məcəlləsinin 263-1.4-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sürücülük hüququ olmayan şəxs tərəfindən pozma – iki və ya daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilib.

Bildirilib ki, Ramazan ayında baş verən hadisə vaxtı SOCAR-da işləyən 1984-cü il təvəllüdlü Qurbanov Emil Məhəmməd oğlu və 1967-ci il təvəllüdlü Cəfərov Səyavuş Əyyub oğlu “Mercedes-Benz” markalı avtomobili yol kənarında saxlayıblar. Onlar maşından düşərək baqaj hissədə sahur yeməyi yeməyə başlayıblar. Bu zaman İ.Əsədzadə nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan idarə etdiyi “Chevrolet Camaro” markalı, 99-PC-811 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yol kənarına çıxararaq onlara çırpıb. Nəticədə E.Qurbanov və S.Cəfərov hadisə yerində ölüblər.

Məhkəmədə İ.Əsədzadə hadisə vaxtı dostunun kirayə götürdüyü “Chevrolet Camaro” markalı avtomobili sürdüyünü, həmin hadisədən əvvəl Şirvan şəhərinə getdiyini və qısa vaxt sonra yenidən Bakı istiqamətinə geri qayıtdığını bildirib. O deyib ki, Ələtə çatanda avtomobilin GPRS (radiorabitə) sistemi qəfil sönüb və nəticədə maşın idarəetmədən çıxıb.

Vəfat edən şəxslərin ailə üzvləri hadisəni törədən sürücüyə ağır cəza verilməsini xahiş ediblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 sentyabr tarixli hökmü ilə 27 yaşlı İ.Əsədzadəyə dörd il müddətinə sürücülük hüququndan məhrum edilməklə 10 il həbs cəzası verilib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top