Laçın şəhərinin su təchizatının aparılması üçün layihələndirmə işlərinə başlanıldı - FOTO

GÜNDƏM 10.09.2022 1542

Azərbaycan Ordusu tərəfindən tam nəzarətə götürülmüş Laçın şəhəri, Sus və Zabux kəndlərinin içməli su təchizatının bərpa edilməsi məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən tədbirlər davam etdirilir.

Bu barədə ASC məlumat yayıb.

Bildirilib ki, ilkin olaraq şəhərin mövcud su mənbəyi, su anbarları, magistral və şəbəkə su xətlərinin istismar vəziyyəti təftiş edilib. Məlum olub ki, şəhərin əsas içməli su mənbəyi olan subartezian quyuları tamamilə istismara yararsız vəziyyətə salınıb. Quyu zonasında suqəbuledici qurğu, nasos stansiyası, elektrik təchizatı sistemləri məqsədli şəkildə sıradan çıxarılıb, nasoslar sökülərək aparılıb.

Subartezian quyuların bərpası qısa müddətdə mümkün olmadığından alternativ mənbə olaraq bulaqlardan şəhərə suyun verilməsi qərara alınıb. Bu məqsədlə magistral kəmərin qəzalı hissələri təmir olunub, suyun optimal paylanması və tənzimlənməsi məqsədilə magistral kəmər üzərində siyirtmələr və havaburaxıcı quraşdırılıb. Şəhər şəbəkəsi də istismara yararsız olduğundan müvəqqəti olaraq yerüstü şəbəkənin yaradılmasına qərar verilib.

Bu məqsədlə müxtəlif diametrli polietilen borularla üç km-dən artıq xətt çəkilib, mövcud magistraldan yeni şəbəkəyə birləşmələr verilib və ehtiyac olan tikililərə içməli suyun verilməsi təmin edilib. Eyni zamanda şəhərdə sudoldurucu qüllə quraşdırılıb, xidmət göstərilməsi üçün əraziyə üç ədəd sudaşıyan maşın cəlb olunub. 

Bunlarla yanaşı, Laçın şəhərinin dayanıqlı su təchizatının aparılması məqsədilə layihələndirmə işlərinə başlanılıb. Mütəxəssislər tərəfindən subartezian sahəsinə, anbarlara, nasos stansiyalarına baxış keçirilib, vəziyyət yerində qiymətləndirilib. Qərara alınıb ki, yararsız hala salınmış subartezian quyuları, nasos stansiyası və digər hidrotexniki qurğular bərpa edilsin, anbarlar yuyulub təmizlənərək istismara qaytarılsın.

 








XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top