Poroşenkonun müharibə, İlham Əliyevin strateji düşüncəsi və Bakı ilə dostluq haqqında MÜSAHİBƏSİ

CƏMİYYƏT 08.09.2022 1567

Ukraynanın beşinci prezidenti Petro Poroşenko Caliber.Az-ın suallarını cavablandırıb.

Həmin müsahibəni təqdim edirik:

- Petro Alekseyeviç, nəşrimizə müsahibə verməyə razı olduğunuz üçün sizə təşəkkür edirik. Siz Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) üzvü olmusunuz. Mərkəzin fəaliyyətini necə qiymətləndirirsiniz və bu beynəlxalq təşkilatın işində öz rolunuzu necə görürsünüz?

- Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinə qoşulmaq mənim üçün şərəfdir. İlk növbədə ona görə ki, mən müasir dünyada təhlükəsizliyi fundamental məsələ hesab edirəm. Mərkəz regionumuzun və bütövlükdə planetimizin daha təhlükəsiz olmasına mühüm töhfə verir. Bu baxımdan hər il keçirilən Bakı Forumunun böyük əhəmiyyəti var. O, artıq müasir dünyanın çağırışlarını nəzərdən keçirmək üçün daha bir qlobal platformaya çevrilib. Azərbaycan Prezidentinin, Ukraynanın və mənim əziz dostum İlham Əliyevin Mərkəzin fəaliyyəti dövründə qlobal təhlükəsizlik məsələləri sahəsində aparıcı beynəlxalq qurumlardan birinə çevrilməsi ilə bağlı fikirləri ilə razılaşmamaq olmaz. Əminəm ki, Ukraynanın Mərkəzin fəaliyyətinin inkişafına dəstək olmaq üçün təcrübəsi var.

- Azərbaycan-Ukrayna münasibətlərinin səviyyəsini necə qiymətləndirirsiniz?

- Ölkələrimiz münasibətlərin yüksək səviyyəsi ilə fəxr edə bilər, axı biz strateji tərəfdaşıq. Siyasi fəaliyyətim boyu dostluğumuzun inkişafına hər cür töhfə vermişəm. Əməkdaşlığımızın potensialı böyükdür. Bura ikitərəfli ticarət, gəmiqayırma və təyyarə istehsalı, əczaçılıq, kənd təsərrüfatı və sair sahələrin inkişafı üzrə imkanlar daxildir. Bizi həm də dövlətlərimizin ərazi bütövlüyünün qorunması çağırışları birləşdirir. Ukrayna öz növbəsində ölkənin ərazi bütövlüyünün bərpası məsələlərində Azərbaycan Respublikasına həmişə dəstək olub. Biz minnətdarıq ki, Bakı bu məsələdə də bizi qətiyyətlə dəstəkləyir. Kiyev Azərbaycanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyini yüksək qiymətləndirir.

- Siz Azərbaycan Prezidenti İlham Əliyevlə dəfələrlə görüşmüsünüz. Sizcə, onun əsas siyasi məziyyətləri nədən ibarətdir?

- Ukraynanın beşinci prezidenti kimi mənə Prezident Əliyevlə dəfələrlə görüşmək nəsib olub. Artıq ilk görüşümüz kifayət etdi ki, onun çox müdrik, məsuliyyətli və öz ölkəsini dərindən sevən bir lider olduğunu başa düşüm. Onun uzağı görə bilməsi son dərəcə vacibdir. İlham Əliyev dövlət siyasətini elə qurur ki, onun nəticələri ölkə üçün mümkün qədər uğurlu olsun. Bu, sizi nəinki səhvlərdən xilas edir, həm də gələcək illər üçün inamlı dövlət quruculuğunun əsasını qoyur. İnanın ki, belə strateji düşüncə çox dəyərlidir.

- Siz 2014-2019-cu illərdə Ukrayna prezidenti olmusunuz. O zaman ehtimal edirdinizmi ki, Azərbaycan öz ərazi bütövlüyü uğrunda müharibədə qalib gələcək və ölkə Ermənistan tərəfindən işğal olunmuş ərazilərini geri qaytaracaq?

- Düşünürəm ki, bu barədə hər hansı qiymət verməyə haqqım var. Hazırda məkrli, alçaq müharibənin bütün dəhşətlərini və məşəqqətlərini yaşayan bir ölkənin sabiq prezidenti kimi deyə bilərəm ki, istənilən mübahisənin həlli üçün diplomatiya ən yaxşı yoldur. Bəşəriyyət müharibənin axmaqlığını və vəhşiliyini başa düşmək üçün kifayət qədər əziyyət çəkmişdir.

Ancaq sənin qonşunun fərqli düşündüyü situasiyalar var. Sakit qonşuluq istəmir. O, minlərlə itki və sınmış talelərlə banal orta əsr müharibəsi istəyir. Belə olan halda özünümüdafiə hüququ və işğal olunmuş ərazilərin geri qaytarılması tamamilə əsaslandırılmış sayılır. BMT Nizamnaməsinin 51-ci maddəsində də bundan bəhs edilir. Sizin sualınızla bağlı isə bunu deyəcəm: Bəs kimsə inana bilərdimi ki, Ukrayna 2014-2015-ci illərdə, hələ mənim prezidentliyim dövründə Moskvanın Donbasda işğal etdiyi ərazilərin üçdə ikisini geri qaytara biləcək? O vaxtı və elə indi də buna inanmaq çətindir. Amma biz bunu bacardıq. Burada cəsarət, inam, qətiyyət və əzm çox önəmlidir. Özününkü həmişə sənə qayıdır, başqasındakına isə iddia etməməlisən.

Biz həm Azərbaycana, həm də bu gün bizə maksimum köməklik göstərən Ukraynanın bütün dostlarına çox minnətdarıq. Kimsə bunu silah və sursatla, kimsə isə bunu humanitar yardım və Ukraynadan olan qaçqınların qəbulu ilə edir. Bütün bunlar davam gətirmək və qalib gəlmək üçün çox vacibdir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top