Türk birliyinin səmərəli formatı - TƏHLİL

GÜNDƏM 28.08.2022 1425

Azərbaycan Türk dünyası üçün siyasi mərkəzə, bölgədə sağlam maraqları olan dövlətlər üçün etibarlı tərəfdaşa, qonşuları üçün güvənilən çıxış qapısına çevrilib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana son səfəri, keçirdiyi görüşlər, imzalanan sənədlər də təkcə iki dövlət arasındakı münasibətlər kontekstində dəyərləndirilməməlidir. 

XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri, böyük Turançı Əlibəy Hüseynzadə İslam-Türk millətinin inkişaf etməsi, müasirləşməsi üçün “Türk qanlı, İslam imanlı, Turan dövlətli və Avropa fikirli” olmağın zəruriliyini daim öz yazılarında qeyd edirdi. Türkiyə İstiqlaliyyət Müharibəsinin öndəri, Türkiyə Cümhuriyyətinin qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürk isə Türk birliyinə inanır, onu görür, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” söyləyərək Turanın təməlinin bu iki dövlət və xalqın birliyinin təşkil edəcəyini dünyaya mesaj verirdi. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev də tarixi gerçəkliyə əsaslanan Türk birliyinin təməl daşını qoymaq niyyəti ilə “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir” söyləyir, eyni zamanda digər türkdilli dövlətlər olan Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstanla yüksək səviyyəli münasibətlərin qurulmasına çalışırdı. Ata-babalarımızın gələcəkdə görmək istədiyi, ideya olaraq irəli sürdüyü bu təşəbbüs müasir dövrdə Azərbaycan və Türkiyə vasitəsilə gerçəkləşməkdədir.

Mövzu ilə bağlı “Kaspi” qəzetinin yazsını təqdim edirik:

Strateji tərəfdaşlıq münasibətləri

Xatırlatmaq yerinə düşər ki, 2009-cu il oktyabrın 3-də Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə prezidentləri məhz Naxçıvan Muxtar Respublikasında saziş imzalayaraq Türk Şurasının yaradıldığını rəsmən bütün dünyaya elan ediblər. Bununla yanaşı, Azərbaycan Türkiyə ilə 2021-ci il iyunun 15-də Şuşa Bəyannaməsini, cari il aprelin 20-də Qırğızıstanla “Strateji Tərəfdaşlıq haqqında Bəyannamə”ni, iyunun 21-də Özbəkistanla “Strateji tərəfdaşlığın dərinləşməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi barədə Bəyannamə”ni və Qazaxıstanla avqustun 24-də “Strateji münasibətlərin möhkəmlənməsi və müttəfiqlik qarşılıqlı əlaqələrinin dərinləşməsi haqqında Bəyannamə”ni imzalayıb. Eyni zamanda, digər türkdilli dövlət Türkmənistanla da Azərbaycan siyasi-diplomatik, ticari-iqtisadi və mədəni-humanitar sahələrdə müvəffəqiyyətlə əməkdaşlıq edir. Ölkələrarası münasibətlərin inkişafı bir çox müqavilə və sazişlərdə öz əksini tapıb.

Turan hədəfinin təkanverici qüvvəsi

İkitərəfli qardaşlıq münasibətlərini əks etdirən və bu əlaqələri daha da dərinləşdirən sadalanan sənədlər iştirakçı dövlətləri vahid bir mərkəz ətrafında birləşdirir, vahid gücə çevirir. Sözsüz ki, türkdilli dövlətlər arasında əlaqələrin inkişafının təməlində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsləri, səyləri, iradə və qətiyyəti dayanır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin memarı olduğu Qarabağ zəfəri isə Turan birliyinin, Turançılıq hədəfinin təkanverici qüvvəsi qismində çıxış edir, Anadoluda, Cənubi Qafqazda Türkiyə və Azərbaycan, Mərkəzi Asiyada Qazaxıstan türk inteqrasiyasının lokomotivi rolunu oynayır. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin bu günlərdə Azərbaycana səfəri, keçirdiyi görüşlər, imzalanan sənədlər məhz bu kontekstdə dəyərləndirilməlidir.

Mərkəzi Asiyanın mühüm aktoru

Politoloq Şəbnəm Həsənova mövzu ilə bağlı bildirib ki, istər Qazaxıstanla, istərsə də Mərkəzi Asiyanın digər dövlətləri ilə təkcə kəmiyyət və ya miqyas baxımından deyil, ən əsası, keyfiyyət baxımından yenidən fəallaşdırılan münasibətlər yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir. Onun sözlərinə görə, Azərbaycana səfərlə yanaşı, Tokayevin Türkiyəyə səfəri, rəsmi Ankaranın Xəzərin şərqində mövqelərini möhkəmləndirməkdə son dərəcə maraqlı olması mövcud reallıqlar kontekstində çox önəmlidir: “Qazaxıstan bütün zamanlarda Mərkəzi Asiyanın mühüm aktoru, indiki zamanda həm də önəmli amili, ümumasiya əməkdaşlığının və təhlükəsizliyinin son dərəcə vacib oyunçusudur. Azərbaycan isə illər ərzində yürütdüyü siyasət sayəsində nüfuzuna, heç zaman olmadığı qədər böyük gücünə görə qüdrətli dövlətdir. Heç kim inkar edə bilməz ki, regionun inkişafı baxımından Azərbaycanın, sadəcə, reaktiv deyil, həm də proaktiv diplomatiyası və onun iştirakı olmadan heç bir problem həll oluna, təşəbbüslər reallışdırıla, yeni səhifə açıla bilməz. Bu uğurlar bölgədə yeni reallıqlar yaradan Azərbaycanın və onun müdrik, uzaqgörən prezidenti İlham Əliyevin adı ilə bağlıdır. Qazaxıstan-Azərbaycan münasibətləri sadəcə iki dövlət kontekstindən dəyərləndirilməməlidir”.

Türk birliyinin çox səmərəli müasir formatı

Millət vəkili Bəhruz Məhərrəmov isə hesab edir ki, Prezident İlham Əliyevin çevik, milli maraqlara və eyni zamanda, dövrün tələblərinə uyğun yeni ideya və qərarları, Zəngəzur dəhlizi istiqamətində səyləri, bölgə dövlətlərini prosesdə iştiraka cəlb edə bilməsi Azərbaycanın nəqliyyat habı kimi çəkisini müqayisəsiz dərəcədə artırır. Deputatın sözlərinə görə, belə bir reallıqda Türk dünyası üçün Azərbaycan yeni bir ümidə çevrilməkdədir: “Bu gün əminliklə demək olar ki, Prezident İlham Əliyevin formalaşdırdığı siyasi konfiqurasiya Azərbaycanı Türk dünyası üçün siyasi mərkəzə, bölgədə sağlam maraqları olan dövlətlər üçün etibarlı tərəfdaşa, qonşuları üçün güvənilən çıxış qapısına, təhlükəsiz tranzit imkanına çevirib. Azərbaycan-Qazaxıstan münasibətlərinə yalnız iki ölkə arasında əlaqə kimi baxmaq olmaz. İlk növbədə, Türkiyə və Özbəkistan, ardınca Qazaxıstanla müttəfiqlik onu deməyə tam əsas verir ki, Prezident İlham Əliyev iqtisadi, siyasi, hətta sosial amilləri nəzərə almaqla Türk birliyinin çox səmərəli müasir formatını yaradıb yeni Türk tarixi yazmaqdadır. Dövlətimizin başçısı Azərbaycanın strateji müttəfiqlərinin sayını artırmaqla bərabər, Türk birliyinin iqtisadiyyat, siyasət, hətta sosial amilləri nəzərə almaqla çox səmərəli formatını qura bilmiş ilk lider kimi tarixə düşməkdədir”.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top