“Laçına, heç olmasa, ölümə qayıtmaq lazımdır” – Sus sakini ilə MÜSAHİBƏ + FOTO

GÜNDƏM 27.08.2022 1191

“Şuşa işğal ediləndən sonra Laçının müdafiəsi həmin dövr üçün mümkün deyildi. Elə bu gün də Şuşasız Laçın mümkün deyil”.

Bu sözləri Oxu.Az-a müsahibəsində Sus kənd sakini Oqtay İsgəndərov deyib.

- Oqtay müəllim, Susun azad olunması münasibətilə sizi təbrik edirik.

- Çox sağ olun, mən də bütün azərbaycanlıları təbrik edirəm. Prezidentin “Twitter” səhifəsində bu xəbəri oxuyanda hamı kimi, bizim ailə də çox sevindi. Çünki 30 ildən artıq müddətdir ki, biz doğma torpağımızdan uzaq yaşayırıq. Azərbaycanın hər yeri vətəndir, amma bizim üçün ilk növbədə vətən Laçındır. Şükürlər olsun ki, qəhrəman ordumuzun, müdrik Ali Baş Komandanımızın səyləri nəticəsində biz Laçınlı günlərə qovuşa bildik.

 

- O günlər barədə nə deyə bilərsiniz?

- Mənim uşaqlığım və bütün xatirələrim Zabux və Sus kəndləri ilə bağlıdır. 1950-ci ildə Sus kəndində anadan olmuşam. Baş kəndimiz isə Zabux kəndiydi. Ona görə də Zabuxda təhsil almışam. Universiteti bitirdikdən sonra Zabux orta məktəbində müəllim, təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifələrində çalışmışam. Daha sonra isə Qızılca kənd məktəbinə direktor təyin edilmişəm. 1992-ci il mayın 18-də məlum hadisələrdən sonra biz rayonu tərk etmək məcburiyyətində qaldıq. Həmin vaxt mənim 42 yaşım və üç övladım vardı.

- İşğal gününü necə xatırlayırsınız?

- Laçın oda qalanmışdı. İntensiv olaraq Dığ kəndindən ermənilər atəş açırdılar. Orada yaşamaq mümkünsüz idi. Ona görə də insanlar çıxdılar. Həmin vaxt Laçın, Şuşa tək qaldılar. Şuşa işğal ediləndən sonra Laçının müdafiəsi həmin dövr üçün mümkün deyildi.  Elə bu gün də Şuşasız Laçın mümkün deyil. Çünki bizi Azərbaycana bağlayan yol Şuşa, Kəlbəcər, Qubadlı istiqamətindəndir. Həm də Laçın qərbdə yerləşən ən ucqar rayondur. Kəlbəcərdən Qubadlıya qədər bizim Ermənistanla böyük bir sərhədimiz var.

- Köçkün həyatınız necə keçib?

- Əvvəlcə biz Nabrana getdik. O vaxt sanatoriyalar boş idi. Məcburi köçkünləri oraya göndərirdilər. Biz də bir il orada yaşadıq. Təşəbbüsümüzlə 26 nömrəli Xəzər orta məktəbi yaradıldı, yenə direktor işlədim. Ondan sonra isə hazırkı yaşayış yerimizə - Binəqədi rayonu, 8-ci mikrorayon, Bakı Humanitar Kollecinin yataqxanasına köçdük. 20-ci Sahədə Laçın 40 nömrəli tam orta məktəbini açdıq. 23 il mən o məktəbin direktoru oldum, yaxşı bir kollektiv topladıq, laçınlılığı qoruyub saxladıq. Uşaqlarımıza laçınlı hissini aşılaya bildik.

Hazırda ailəmiz böyüyüb, oğlanlarım evləniblər. Onlar ayrı yaşayırlar. Evdə qızım, həyat yoldaşım, bir də mənəm. Biz mütləq Laçına qayıdacağıq. Laçına, heç olmasa, ölümə qayıtmaq lazımdır. Ölümüz o torpağa qismət olmalıdır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top