Bakıda müştəridən taksi sürücüsünə şok narkotik iddiası: “Özündə deyildi, dedi ki, “uçuram” - FOTO

GÜNDƏM 19.08.2022 1025

Bakıda çantasını taksi sürücüsü ilə başqa ünvana göndərən müştəri problem yaşayıb.

Bununla bağlı Oxu.Az-a müraciət edən müştəri “Bolt” sürücüsündən şikayətçidir:

“Bir saatdan çox vaxt keçdi, ancaq çanta ünvana çatdırılmadı. Sürücüyə zəng vurdum, cavab vermədi. Narahat olub, proqramdan harada olduğuna baxdım və gördüm ki, maşını dairəvi yolda saxlayıb. Başqa bir taksi sifariş edərək həmin yerə getdim. Görürəm ki, adam “hallanıb”, özündə deyil, yanında da şpris var. Nə etdiyini soruşdum, mənə: “Gedirəm də, yoldayam, uçuram”, - cavabını verdi”.

Məsələ ilə bağlı Oxu.Az-ın “Bolt”a ünvanladığı sorğunu şirkətin Azərbaycandakı mətbuat xidmətinin rəhbəri Viktoriya Prilutska cavablandırıb. Qurum rəsmisi sürücülərin “Bolt” tərəfindən işə götürülmədiyini diqqətə çatdırıb:

“Onlar öz xidmətlərini göstərmək üçün platformamızdan istifadə edən müstəqil tərəfdaşlardır. Lakin insanların təhlükəsizliyi “Bolt”un əsas prioritetidir. Xidmətin keyfiyyətini və təhlükəsizliyini artırmaq üçün “Bolt” istifadəçilərinə aplikasiya vasitəsilə müştəri dəstəyimizə müraciət etməyi tövsiyə edirik”.

Viktoriya Prilutska sözügedən sürücüylə bağlı məsələnin araşdırılacağını vurğulayıb:

“Bildirdiyiniz vəziyyətlə bağlı çox narahatıq və mütləq şəkildə araşdıracağıq.  Yol hərəkəti qaydaları bütün sürücülər, velosiped istifadəçiləri və piyadalar üçün keçərlidir. Sözsüz ki, “Bolt” sürücüləri onlara əməl etməlidirlər. Sərxoş vəziyyətdə və ya maddə qəbul edərək avtomobil idarə etmək həm sürücü, həm də digər insanlar üçün təhlükəlidir. “Bolt”, sürücülərinin bu cür davranışını qətiyyən qəbul etmir.

Avtomobillərin vəziyyəti, sürücülərin davranışı və ya onların idarəetmə tərzi ilə bağlı şikayətlər olduqda şirkət məsələni dərhal araşdırır. Əgər problem təsdiqini tapırsa, sürücünün “Bolt” platformasından istifadəsi bloklanır. Bu məsələdə də eyni addım atılacaq. Qaydalar və şərtlər veb-saytda bütün partnyor sürücülər üçün mövcuddur. Platforma ilə əməkdaşlığa başlayarkən sürücülər qaydalara və şərtlərə əməl edəcəklərini rəsmi şəkildə bildirirlər”.

 

Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev isə şikayətçinin əlində faktlar varsa, ərazi üzrə polis orqanlarına müraciət edə biləcəyini qeyd edib:

“Şəxs taksi xidməti göstərən şirkətə etibar edib onun xidmətindən istifadə edirsə və həmin vaxt hüquqları pozulursa, bu halda məsuliyyəti həmin taksi şirkəti daşıyır, ondan şikayətçi ola bilər.  Əslində, vətəndaş belə halla üzləşəndə dərhal “102”yə zəng etməlidir. Əgər sürücünün narkotik maddə istifadə etdiyindən şübhələnmişdisə, DİN-in “Çağrı Mərkəzi”nə, eləcə də ərazidəki  Dövlət Yol Polisi əməkdaşlarına müraciət edərək məlumat verməliydi. Belə olsa, hadisəyə yerində baxıla bilərdi. Ancaq üstündən bir neçə gün keçibsə, biz narkotik ittihamı ilə həmin şəxs barədə birbaşa ölçü götürə bilmərik. Bu, qarşı tərəfin hüquqlarının pozulması olar. Ortada fakt olmalıdır. İndiki halda iddialar şikayətçinin subyektiv fikirləridir. Əgər əlində faktlar varsa, buyurub pozulmuş hüquqlarının bərpası üçün ərazi üzrə polis orqanlarına müraciət edə bilər”.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top