Əhməd Cavadın xanımının sürgün sənədi, siqaretə görə güllələnən qadın, qan qoxulu otaq... – REPORTAJ + FOTO

CƏMİYYƏT 15.08.2022 1540

Muzey dedikdə insan ağlına gələn ilk şey mədəniyyət, tarix və incəsənətin təbliği olur. Lakin bu dəfə sizinlə səyahət edəcəyimiz muzey gördüklərinizdən çox fərqlənir. Soyuq, qaranlıq, nəfəskəsən hücrələr…

Bir sözlə, ölüm qoxuyan, daha da dəqiq desək, minlərlə insanın qanının torpağa qarışdığı yer. Tarixin unudulmaz və xatırladıqca can yandıran hadisəsi – repressiya. Repressiya dediksə, ağlımıza gələn şəxslərdən ilk üçlükdə qərarlaşanlar - Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad olur. Lakin bu siyahını ağlınıza gəlməyəcək qədər uzatmaq olar.

Tağı Şahbazi, Abbas Mirzə Şərifzadə, Bəkir Çobanzadə, Əmin Abid, Əli Nazim, Hacı Kərim Sanılı, Hənifə Zeynallı, Salman Mümtaz, Sultan Məcid Qənizadə də repressiya qurbanlarındandır.

Oxu.Az Dövlət Sərhəd Xidmətinin inzibati binasında fəaliyyət göstərən, 2019-cu il 24 may tarixində açılan “Siyasi Repressiya Qurbanları Muzeyi”ndən hazırladığı reportajı təqdim edir.

Bu muzey barədə əksər insanların o qədər də məlumatı yoxdur. Əvvəlcə onu deyim ki, muzey paytaxtın Zərifə Əliyeva küçəsi 30 ünvanında yerləşir.


(Hücrə)

Gördüyünüz zirzəmiyə aparan bu binanın tarixi 1878-ci ilə qədər uzanır. Ağlagəlməz işgəncələrə şahid olan divarlar, minlərlə insanın azadlıq səsinin boğulduğu, göz yaşı və qanla yuyulan bu məkan əslində tanınmış tacir Hacı Hacıağa Dadaşova məxsus olub.

Dəniz Limanına yaxın yerdə olan bina kommersiya məqsədi ilə istifadə edilib və burada çoxsaylı şirkətlərin anbarları, nümayəndəlikləri fəaliyyət göstərib.

Muzey barədə daha dəqiq məlumatları “Siyasi Repressiya Qurbanları Muzeyi”nin rəisi Mirabbas Məmmədov Oxu.Az-ın müxbiri ilə söhbət zamanı danışıb. O deyir ki, bu bina 1920-cı ildən sonra dövlətə verilib:

“1925-ci ildən sonra isə bu binada Azərbaycan Fövqəladə Komissiyasına (AzÇK) verilib. O dövrdən bu binanın zirzəmisi işgəncələr, təzyiqlər otağı kimi istifadə edilib. Daha kobud formada desək, güllələnmə otağı olub. Bina quruluşuna görə çox fərqlidir. Kvadrat formanı xatırladan binanın ortasında beşmərtəbəli bina inşa edilmişdi. O bina isə Xalq Daxili İşlər Komissarlığının (NKVD) daxili həbsxanası olub”.

Hər zaman repressiya qurbanlarına işgəncələr verilib-verilməməsi ilə bağlı mübahisəli məqamlar olub. Lakin bu muzeydə bu və digər mövzuda repressiya qurbanları və onların başına gələnlər barədə qaranlıq qalanların hər birinə arxiv sənədləri ilə cavab tapmaq olur.

Elə işgəncələr barədə fikirləri Mircəfər Bağırovun özünün etiraf məktubu təsdiq edir. Daha bir qaranlıq məsələ repressiya qurbanları kimi həbs olunanların dəqiq sayının olmamasıdır. Buna da rəsmi arxiv sənədlərində cavab tapdıq. Moskvanın rəsmi müraciətini əks etdirən sənəddə qeyd edilib ki, 1934-1937-ci illərdə Azərbaycanda ancaq kənd yerlərində 11 min işə yenidən baxılmalı idi. Bu işlər isə 32 min insana şamil olunurdu. Səbəb isə o zaman bu işlərə baxanda ədalətsiz yanaşmaların olması idi.

Repressiyanın 1937-ci ildən başladığına dair fikirləri alt-üst edən rəsmi arxiv sənədlərində bu proseslərə hazırlığın hələ 1931-32-ci illərdə start götürüb və 20 il sonra gələcək faciələr üçün hazırlıq işləri aparılıb…

Repressiya haqqında 50 serialı film çəkmək olar…

Otaqlarda gəzə-gəzə insan sanki o vahiməli günləri yaşamış kimi olur. Muzeyin quruluşu, asılan lövhələrdəki məlumatlar, hücrələrdə işgəncələri xatırladan imitasiyalar çox vahiməlidir.

Daha dəhşətlisi isə insanların yaşadıqları, ailələrinin hadisə barədə yazdığı qeydlər, əlyazmalar, sənədlər və ya illər sonra həmin dövrü araşdırmaq üçün informasiya yükü daşıya biləcək bütün izlər məhv edilib…

Mirabbas Məmmədov deyir ki, o dövrdə repressiya qurbanı kimi həbs edilən şəxslərin ailə üzvləri də təzyiqlərə məruz qalırdı:


(Dindirilmə otağı)

“Onlar praktiki olaraq özlərində həmin şəxslərə aid sənəd, foto, qeyd saxlamağa qorxurdular. Sənəd və əlyazmaların böyük bir hissəsi repressiya qurbanı olan şəxslər həbs edilərkən evlərindən maddi sübut kimi götürülürdü və yekunda yandırılırdı. Digər qalanları isə ailə üzvləri uşaqlarının, özlərinin başı ağrımasın deyə məhv edirdilər. Dindirilmə protokollarında, sənədlərdə rast gəldiyimiz qeydlər var. Məsələn, həbs edilən şəxsə aid doqquz fotoşəkil lazımsız olduğu üçün yandırıldı. Cib dəftərçəsi, evdən çıxan kitablar yandırıldı. Hətta kollektiv fotolarda həbs edilənlər varsa, insanlar fotoda onların üzünü qaralayır, ya da şəkildən başlarını kəsirdilər. Həbs edilənlərə aid sənədlər bu səbəbdən həddən ziyada azdır”.

“Vətən xaini” elan olunanların çoxu burada güllələnməyə məhkum edilsə də, bir o qədərini də xarici ölkələrə, daha çox Rusiya, Qazaxıstana göndərirdilər. Üzücü məqam isə odur ki, sürgünə gedənlər arasında elə yolda vəfat edənlər olub.

Muzeyin rəisi deyir ki, bura hazırlanan zaman sürgündə olan repressiya qurbanları barədə arxiv sənədləri əldə etmək üçün aidiyyəti qurumlar arasında danışıqlar aparılıb:

“Bizə gələn qeydlər də yalnız onların ad-soyadları, nə zaman həbs edildikləri və ailə üzvləri barədə məlumatlar var. Onların sürgünü harada, hansı şəkildə çəkdiklərinə dair qeydlərə əfsuslar olsun ki, rast gəlinmir. Təəssüf ki, 100 minə yaxın insan bu və digər formada repressiyaya məruz qalıb. O illərdə zülm görmüş insanların heç birinin xatirəsi ilə bağlı cib kitabçasına etdiyi qeydlərə rast gəlinmir”.

Repressiyanın üstünü açanlar elə repressiya prosesini icra edənlər olduqları üçün onlara bu məsələnin çox dərinləşməsi maraqlı deyildi. Nə qədər çox suala cavab tapılsaydı, bir o qədər də ipin ucu elə onlara gedib çıxırdı.

Rusiyanın vaxtilə fəaliyyət göstərən “Memorial” beynəlxalq tarixi-maarif, insan hüquqları və xeyriyyə cəmiyyəti SSRİ-də siyasi repressiyaları öyrənmək üçün yaradılmış qeyri-hökumət təşkilatı olub.

M.Məmmədov deyir ki, həmin təşkilat repressiya qurbanlarının sayı ilə bağlı rəqəmləri ictimailəşdirmişdi:

“Onlar 3 milyon 200 min adamın adını öz rəsmi saytlarında yerləşdirmişdilər. Müxtəlif məlumatlar var ki, bu rəqəm 5 milyon olub, hətta 10 milyon olduğunu deyən məlumatlara da rast gəlinir. O vaxt Bakı ruslarından olan Şatunovskaya iki dəfə sürgündə olub. O vaxt Şaumyanın köməkçisi olub, azərbaycanlılardan da zəhləsi gedirdi. Onun xatirələrində yazılıb ki, “repressiyanın üstü açılanda SSRİ prokurorluğuna müraciət etdim. Prokurorluqdan mənə cavab gəldi ki, repressiya qurbanlarının sayı 17 milyon 680 minə yaxındır”. Bir neçə ildən sonra yenidən müraciət etdiyində isə ona deyiblər ki, bu barədə məlumat yoxdur. Bu gün də insanlar bu materialların araşdırılmasını kiminsə həyatına müdaxilə hesab edirlər. Lakin bu, mənə görə o qədər də tutarlı arqument hesab edilmir”.

Repressiya qurbanlarının həbs həyatı, sürgün həyatı…

Azərbaycandan sürgün olunanların hamısı Rusiyaya, Qazaxıstana aparılıblar. Qazaxıstan arxiv idarələrindən Azərbaycanın aidiyyəti qurumlarına göndərilən cavabda 44 azərbaycanlı qadının Qazaxıstanda Akmola vilayətində qısa adı ALJİR (“Akmolinskiy laqer jen izmennikov rodinı” – Vətən xainləri qadınlarının Akmola düşərgəsi) olan xüsusi düşərgədə saxlanıldığı qeyd edilib.

Xalq Daxili İşlər Komissarlığının 00447 saylı əmr …

Həmin əmrə əsasən, “xalq düşməni”, “vətən xaini” elan edilən şəxslərlə bağlı limit plan qoyulmuşdur. Daha sonra Komissarlığın 00485 saylı əmrinə görə isə, “vətən xaini”nin həyat yoldaşı heç bir məhkəmə, araşdırma, istintaq belə olmadan 5-8 il müddətinə sürgün olunmalı idilər. Bu sürgündən ailəsini qorumaq istəyənlər bəzən ailələrindən rəsmi qaydada boşanırdılar. Lakin bu da heç bir işə yaramırdı.

Maraqlı məqam isə odur ki, həbs haqqında qanun mövcud dövrdən geriyə doğru icra edilirdi… Çünki 00447 saylı qanun 1937-ci il iyunun 30-da qəbul olunduğu halda, burada qeyd yazılmışdı ki, “bu əmr 1936-cı il iyunun 1-də baş verən hadisələrə şamil edilə bilərdi”.  

Muzey rəisi deyir ki, onlar barədə daha ətraflı məlumat əldə etmək istəsələr də, 3-5 cümləlik informasiya tapa biliblər:

“Bu cür məlumatlar lap dəqiq olsun deyə, gedib həmin ölkənin arxivində araşdırma aparmaq lazımdır. Həmin qadınlardan Həmzəyeva Həvva Bəyim qızı barəsində bizə bir diplom sənədi göndərilib. O dövrdə müharibə başlayanda qadınlar başlayıb müdafiə sənayesi üçün silah-sursat zavodunda işləməyə. Həvva xanım 1945-ci ildə Sovet xalqının müharibədə qələbəsinə verdiyi töhfələrə, yaxşı işlədiyinə görə fəxri fərmanla təltif olunub. Burada bir ironik məqam var. Həvva xanımın həyat yoldaşı Mirtağı bəy 1937-ci ildə repressiya qurbanı kimi güllələnib. Övladları əllərindən alınaraq ayrı-ayrı uşaq evlərinə verilib. Özü sürgün olunub Qazaxıstana və ona verilən diplomda ailəsinin bədbəxtliyinə səbəb olan Lenin və Stalinin fotoları var”.

Azyaşlı uşaqlarla bağlı da çox qəddar qaydalar tətbiq edilib. “Xalq düşməni” kimi güllələnən şəxsin 1 yaşına qədər olan uşağı anası ilə qala bilərdi. 1 yaşdan yuxarı uşaqları ailə qohumları himayəyə götürmək istəyirdilərsə, verirdilər. İstəmədikdə isə verirdilər uşaq evlərinə.

Ali təhsilli müəllim Kürdəmirdə məktəbdə süpürgəçi işləyib...

Sürgün edilən 44 azərbaycanlı qadından 37 nəfəri tam savadsız olub. Onlar arasında Eyyubova Sənubər Nəsibovna ali təhsilli idi və həbs olunanda indiki Pedaqoji Universitetin tarix fakültəsinin dekanı olub.

M.Məmmədov deyir ki, həyat yoldaşı həbs olunub güllələnən S.Eyyubova səkkiz il müddətinə Qazaxıstana sürgünə göndərilib:

“Sürgündə cəzaçəkmə müddəti bitdikdən sonra Azərbaycana qayıdıb. Lakin o dövrdə sürgündən qayıdanlara da münasibət birmənalı olmayıb. Bu səbəbdən yaşamağa, işləməyə icazə verilmədiyi üçün Sənubər xanım Kürdəmirə gedərək, məktəbdə süpürgəçi işləyib. 1956-cı ildən sonra o, yenidən Bakıya qayıdıb, Bakı Dövlət Universitetində dərs deyib, hətta BDU-nun tarix fakültəsinin dekanı və prorektor kimi də çalışıb”.

Hüseyn Cavid 1941-ci ildə Rusiya Federasiyasında yerləşən Maqadan vilayətinə necə gedib?


(İşgəncə otağı)

M.Məmmədov deyir ki, H.Cavidlə bağlı bir sıra qaranlıq məqamlar var:

“Hər kəsə bəllidir ki, Hüseyn Cavid barəsində 1939-cu il iyunun 9-da onun 8 il müddətinə həbs edilməsi ilə bağlı qərar çıxarılıb. Lakin H.Cavidin 1941-ci ilin mayında Maqadana gəldiyini göstərən sənədlər var. 1939-cu ildən – 1941-ci ilə qədər onun cəzasını harada çəkməsi bəlli deyil. Ümumiyyətlə cəza çəkdikləri yerlərdə necə yaşadıqlarına dair heç bir sənədlər, qeydlər yoxdur”.

Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Cavadovanın məktubu...

M.Məmmədov bildirir ki, Şükriyyə xanım həbs olunandan sonra başına gələnləri qeyd edib:

“Məktubunda yazır ki, həbs olunan zaman böyük oğlu Niyazi evdə olmadığı üçün ona heç nə etməyiblər. Aydın və Turalı həbs ediblər. Yılmaz isə südəmər olub. Şükriyyə xanım nə qədər yalvarıb ki, uşaq körpədir, onunla qalmasına icazə verilsin, bu məqam nəzərə alınmayıb. Yılmaz uşaq evinə verildikdən 4 ay sonra zəng edib Əhməd Cavadın anasını çağırıblar ki, uşaq xəstədir, gəlin aparın. Qorxublar ki, uşaq ölər.  Nənəsi Yılmazı böyüdür, Yılmaz gələcəkdə prokuror kimi çalışır. 90-cı illərdə Milli Məclisin deputatı oldu. O ailənin həyatı da bir cür dəhşətlidir. Ata güllələnib, ana sürgün edilib, amma iki oğul 1941-ci ildə müharibə başlayanda könüllü olaraq döyüşlərə gediblər. Bəlkə də onlar bununla ata-analarının vətən xaini olmadıqlarını sübut etməyə çalışıblar. Niyazi müharibədə 4 dəfə yaralanır, Aydın isə 1 dəfə ağır yaralanır. Daha sonra müharibədən kənarlaşdırılıblar”.

Siqaret üstündə güllələnən qadın...

Repressiya qurbanları içərisində beş qadın ərlərinin deyil, məhz öz günahlarına görə güllələniblər.

M.Məmmədov deyir ki, o vaxt konservatoriyanın pianoçu müəllimi Xədicə Qayıbova, Bakı Pedaqoji Texnikomun ilk direktoru Mədinə Qiyasbəyli, İstanbul Universitetini bitirən Nemət Məlikova (qardaşı da “vətən xaini” kimi güllələnib), Ayna Sultanova və Panfiliya Tanailidi güllənərək öldürülüb:

“P.Tanalidi əslən yunan olub və Qarsda anadan olub. Aktrisa kimi fəaliyyət göstərib və Hacıbəyov qardaşlarının truppasında çalışıb. O dövrdə qadınların səhnəyə çıxması çətin məsələ idi. Sovetləşmə dövründə dram teatrın aktrisası olan P.Tanalidinin bir rəfiqəsi 1937-ci ildə İrandan Azərbaycana gəlib. Özü ilə gətirdiyi İran siqaretini P.Tanalidiyə hədiyyə edib. Bir neçə gün sonra Panfiliya iş yoldaşlarına bu siqaretdən verib. Çəkənlər “nə gözəl ətri var, bu nə siqaretdir belə?” deyə sual verəndə “Sovetdə belə siqaret var ki, İran siqaretidir” cavabını verib.


(İşgəncə otağı)

Panfiliyanın “Sovetdə belə siqaret olar?” ifadəsi aidiyyəti şəxslərin qulağına çatıb və onun bu fikri antisovet təbliğatı kimi qiymətləndirildiyindən o, həbs edilib. Bu barədə onun öz məktubunda qeyd olunub ki, həmin qeydlər arxiv sənədlərində mövcuddur. O, həbs olunan dövrdə dram teatrının direktoru, tanınmış şair Süleyman Rüstəm olub. S.Rüstəmin də xatirələrində bu barədə müəyyən qeydlərə rast gəlinib”.

Muzeyin əsas zalında yerləşdirilən lövhələrdən biri repressiyaya məruz qalmış azərbaycanlı hərbi xadimlərə həsr olunub. Burada həm Azərbaycan Xalq Cümhuriyyəti dövründə xidmət etmiş generallar – Həbib bəy Səlimov, Firudin bəy Vəzirov, Süleyman bəy Sulkeviç, İbrahim ağa Usubov və digərləri, həm də sovet Azərbay­canın hərbçiləri – generallar Cəmşid Naxçıvanski və Qambay Vəzirov, pol­kovniklər Qalib Vəkilov, Məmməd Veysov, Seyfulla Mehtiyev və baş­­qaları haqqın­da məlumat və fotoşəkillər verilib.

Növbəti lövhə 1920-ci ilin yanvarında Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Avro­paya göndərilən gənclərin təhsillərini başa vurub Vətənə qayıdandan sonra məruz qaldıqları repressiyalara həsr edilib. Belə ki, Vətənə dön­müş 56 ali təhsilli mütəxəssisin 38-i güllələnib və ya sürgün edilib.

Bu gün repressiya dövründə güllələnən şəxslərin övladları, nəvələri arasında həyatda olanlar var. Lakin, təəssüf ki, əlaqə saxlasaq da, müsahibə verməkdən imtina etdilər.

M.Məmmədov deyir ki, bu qədər arxiv sənədləri arasında repressiya qurbanı olan şəxslərin heç birinin protokol sənədlərində ittiham olunduqları istiqamətdə bir dənə belə olsun maddi sübut tapılmayıb.

Arxiv sənədlərində repressiya qurbanı kimi həbs olunanların 75 faizinin cəzası məhkəmədənkənar qurumlar tərəfindən verilib. Cəmi 25%-nin işinə məhkəmə baxıb, o da özlərinin iştirakı olmadan.

Məhkəmədənkənar həbs olunanlar barədə ilk növbədə 1921-ci illərin ortalarından başlayaraq, Azərbaycan Fövqəladə Komissiyasının (AzÇK) kollegiyası qərar verirdi. Kollegiya heyəti beş nəfərdən ibarət olsa da, elə olurdu ki, iki üzv üzünü belə görmədiyi 30-50 nəfər barəsində hökm çıxarırdı. 1937-ci illərdə Azərbaycanda və digər respublikalarda xüsusi üçlüklər yaradıldı ki, tərkibində Daxili İşlər Komissarlığı, partiya şöbə müdiri və prokurorluqdan bir nəfər təmsil olunurdu. Məhkəmədənkənar işlərə baxan daha bir qurum isə SSRİ xalq daxili işlər komissarlığının nəzdində xüsusi müşavirə idi.

Stalin siyahıları...

Arxiv sənədlərinə görə, yerli xalq daxili işlər komissarlığı Moskvaya SSRİ Xalq Daxili İşlər Komissarlığına siyahı göndərirdi. Əldə olan məlumatlara görə, həmin siyahıda 1000 nəfərə yaxın azərbaycanlının adı olub. Həmin insanların güllələnməsi ilə bağlı sənədləri şəxsən Stalin özü imzalayırdı.

Muzeyin rəhbəri bildirib ki, 1938-ci il noyabrın 17-də 00447 saylı əmrlə hər respublikaya repressiya qurbanları üçün limit qoyulmuşdu:

“Həmin sənədə əsasən, Azərbaycanda 4 ay ərzində 1500 insan güllələnməli və 3750 nəfər sürgün olunmalı idi. Azərbaycan da digər respublikalar kimi bu limitin öhdəsindən “layiqincə” gəldi. 1938-ci ildə M.Bağırovun müraciəti əsasında Azərbaycana yeni – 2000 nəfərin də repressiya olunması barədə limit verildi. Birinci limitdən fərqli olaraq ikincidə 2000 nəfər qurbanın heç biri sürgün olunmadı, hamısı güllələndi. Arxiv sənədlərin 1938-ci ilin iyulun 1-nə olan məlumatlarında bildirilib ki, Azərbaycan 9279 nəfərin repressiya olunması həyata keçirilib”.

Repressiya qurbanlarının bilinməyən məzarları...

M.Məmmədov deyir ki, bu günə qədər heç bir arxiv sənədlərində güllələnən şəxslərin dəfn edildiyi yerlər barədə qeyd yoxdur:

“Bu, tamamilə gizli saxlanılırdı. Siyasi motivlər əsasında güllənən şəxslərin qəbirləri 1 metr 50 sm-dən daha dərin olmalı idi. Azərbaycan ərazisində də dəfn edilənlər böyük ehtimalla var, lakin onların yerini heç kim bilə-bilməz.

Rusiyanın şimalındakı Koreliya vilayətində Sandarmox deyilən ərazidə 6 mindən çox insan güllələnib. O cümlədən orada 10-15 il sürgün cəzası alanlar da limit məsələsi tamamlansın deyə güllələnib. Əldə etdiyimiz məlumata görə, onlar arasında 39 azərbaycanlı da olub. Onlardan ən məşhuru Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimi, Lənkəran şəhərinin general-qubernatoru, Cümhuriyyətin Həmkarlar İttifaqları Təşkilatının banilərindən biri, parlamentin üzvü olan Cavad bəy Məlikyeqanovdur.


(Repressiya qurbanları)

Azərbaycanın Koreliya vilayətindəki diaspor təşkilatı orada dəfn edilən azərbaycanlıların xatirəsinə abidə qoyub”.

Yeganə Hüseyn Caviddir ki, onun qəbri aşkarlandı və 1982-ci ildə Ulu Öndərin tapşırığı əsasında Azərbaycana gətirilərək, Naxçıvanda torpağa tapşırıldı.

Sürgündən qayıdan azərbaycanlı müəllimlərə, ziyalılara məktəblərdə çalışmağa icazə vermirdilər. Belə ki, o dövrdə düşünürdülər ki, sürgündən qayıdanlar, eyni zamanda alman əsirliyində olanlar gənc nəslin təlim-tərbiyəsi ilə məşğul ola bilməz. Yalnız 1953-cü ildən - Stalin öldükdən 2 il sonra ziyalıların təhsil müəssisələrində çalışmasına şərait yaradılıb. Bu da bir növ peşəsinə bağlı insanlara mənəvi işgəncə kimi qiymətləndirilə bilər.

Hüseyn Cavidin 1936-cı il oktyabrın 3-də Mircəfər Bağırova yazdığı məktubun əlyazması...

M.Məmmədov deyir ki, H.Cavid məktubunda son zamanlar özünə qarşı olan təzyiqlərdən bəhs edib:

“Həm mənəvi, həm də maddi təzyiqlərə məruz qaldığını deyən H.Cavidin məktubunu M.Bağırov oxuyur və imzalayır. Yazılan məktubdan səkkiz ay sonra H.Cavid həbs olunub. Maraqlı cəhətlərdən biri isə H.Cavid, Ə.Cavad, M.Müşfiqin iyunun 3-dən 4-nə keçən gecə eyni vaxtda həbs edilmələridir. NKVD-də hər üçünü dindirən müstəntiq eyni adam olub. Üç ziyalı insanın eyni gündə həbsi və hər üçünün eyni müstəntiq tərəfindən dindirilməsi təsadüf kimi görünmür.

Daha bir maraqlı məqam ondan ibarətdir ki, 1937-ci il iyunun 3-ü axşam saat 18:00-da indiki Opera və Balet Teatrında Azərbaycan Kommunist Partiyasının 13-cü qurultayı öz işinə başlayıb. Həmin qurultayda hesabatla çıxış edən Mircəfər Bağırov yazıçıların, ziyalıların, o cümlədən Hüseyn Cavidin, Mikayıl Müşfiqin, Əhməd Cavadın və digərlərinin ünvanına tənqiddən ziyadə təhqiredici fikirlər səsləndirib. Axşam iclas olur və iclasdan bir neçə saat sonra hər üç ziyalı həbs edilir. Ə.Cavad noyabrda, M.Müşfiq yanvarda, H.Cavid isə iki il bax buradakı zirzəmidə işgəncələrə məruz qaldıqdan sonra güllələnib”.

Bu arada qeyd edək ki, bu il Hüseyn Cavidin 140 illiyi tamam olur.

Söhbət edə-edə bütün otaqları gəzib, lövhələrə nəzər saldıq. Lakin, məncə, insanı ən vahimələndirən otaq “güllələnmə otağı”dır. Otağa girərkən verilən işıqlandırma kifayət edir ki, nəfəsiniz kəsilsin.


(Güllələnmə otağı)

Sağda hazırlanan masa və həkimi xatırladan maket diqqət çəkir. Sən demə, güllələnən qurbanların sağ qalma ehtimalını sıfıra bərabər etmək məqsədilə onların meyitini həkim yoxladıqdan sonra aparıb dəfn edirdilər.

Otaqda üzərinə silah doğruldulmuş repressiya qurbanını təmsil edən maket isə nə təsadüfdür ki, Mikayıl Müşfiqi xatırladırdı. Binada təmir işləri aparılan zaman məhz bu otaqda bir neçə metr dərinlikdən qırmızı torpaq çıxarılıb. Belə ki, torpağın qırmızı olması buranın həqiqətən də güllələnmə otağı olduğunu əsaslı şəkildə sübut edir. Uzun illər burada axıdılan qan torpağın dərinliklərinə hoparaq onun rəngini dəyişib. Həmin qum götürülərək üç dinə - islam, xristian və yəhudilərə aid məzarlıqlarda basdırılıb. Zirzəminin bu otağında hər üç dinin xadimləri güllələnərək öldürülən şəxslərin ruhuna dua oxuyublar.

Həyatdan nakam köçən, arzuları ürəklərində qalan, cəmiyyətin məhrum qaldığı ziyalıların, övladların həsrət qaldığı valideynlərin, bir ovuc torpağı belə olmayan günahsız insanların ruhuna sayğılarla…

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top