Güclü isti və rütubətli havada işə getməmək “lüks”ü varmı? - “Həkim qərar verməlidir” + FOTO

GÜNDƏM 15.08.2022 875

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, növbəti 10 gün ərzində Abşeron yarımadasında hava çox isti və rütubətli olacaq. Temperaturun 40 dərəcəyədək yüksələcəyi barədə xəbərdarlıq edilib.

Temperaturla yanaşı, rütubətin də kəskin artacağı insanlarda narahatlıq yaradır. Çünki ikisinin birləşməsi insan orqanizminə mənfi təsir göstərir. Ürək-damar, tənəffüs yolları xəstəlikləri olan insanlarda ağır fəsadlar yarada bilər.

Lakin belə problem olan insanlar işindən olmamaq üçün müəssisəyə gəlib-gedirlər. Qapalı yerdə işləsələr belə, istiyə dözə bilmirlər. Bununla yanaşı, müqaviləsiz, açıq havada işləyənlər də var. Onların vəziyyəti daha ağırdır. İstəsələr belə, iş yerini tərk edə bilmirlər.

Bəs görəsən, isti və rütubətli havalarda ən çox hansı xəstəliklərdən əziyyət çəkənlər təhlükə altındadırlar? Onların işə davam etməsi qanunvericilikdə necə tənzimlənməlidir? İnsanların müqaviləsiz işlədilməsinin qarşısını almaq üçün nə etmək lazımdır?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən terapevt Abbas Bağırovun sözlərinə görə, ən çox qan-damar sistemi xəstəliklərindən əziyyət çəkən insanların vəziyyəti ağırlaşır:

“Ümumiyyətlə, insan orqanizmində, daxili mühitində, ağciyərlərdə rütubət xarici mühitdən daha çox olur. Xaricdə çox olanda ağciyər rütubəti artırır. Bu, bədəndən karbon qazının atılmasına, oksigenlə doymasına səbəb olur. Havanın rütubəti deyəndə, şübhəsiz ki, nəmişlik başa düşülür. Dəniz, meşəlik, bataqlıq olan yerlərdə rütubət olur. Günün temperaturu artanda buxarlanma prosesi çoxalır.

İsti burun qanaxmaları, baş gicəllənmələrinə səbəb olur. Belə hallarda insanlar ağır fiziki işlərdən, Günəşin altında dayanmaqdan mühafizə olunmalıdırlar. Kondisioner nə qədər ziyanlı olsa belə, bu mühitdə kondisionerin təsiri daha effektlidir. Havanın rütubətini tamamilə götürür və xaric edir”.

A.Bağırov qeyd edib ki, ultrabənövşəyi şüalar bədəni zəhərləyir, lakin yaranan xəstəliklər qalıcı olmur:

“Şəxsi gün vurubsa, təzyiq kəskin düşür, damarlar boşalır, bədəndən su ifraz olunur. Günvurmanın özündə də ultrabənövşəyi şüalar əsas rol oynayır. Ultrabənövşəyi şüalar bədənə zəhərləyici təsir göstərir. Bunların törətdiyi fəsadlar ağır olur. Lakin keçicidir. Qarşısı alınsa, qalmır. Sadəcə təcrid olunmaq lazımdır”.

Milli Məclisin deputatı Musa Quliyev isə əlavə edib ki, yüksək temperatur olan zaman açıq havada iş bütün gün dayandırılır, qapalı məkanlarla bağlı isə heç bir məhdudiyyət yoxdur. Yəni isti havanın mənfi təsir göstərdiyi şəxs işə gəlməmək üçün həkimdən arayış təqdim etməlidir:

“Səhhəti ilə bağlı əgər kimsə özünü pis hiss edirsə, həkimə müraciət etməlidir. Və həkim qərar verməlidir. Ümumiyyətlə, yay dövründə məzuniyyətin götürülməsi xarakterik haldır. Bu da istilərlə bağlı ola bilər. Hesab etmirəm ki, isti havalar insanların həyatına və səhhətinə mənfi təsir göstərəcək”.

M.Quliyev qeyd edib ki, adamları müqaviləsiz işlətmək birbaşa cinayət məsuliyyəti daşıyan haldır:

“İki gündür ki, havalar kəskin isti keçir. İşəgötürən işçisinin qayğısına qalmalıdır. İşçinin özü də müqaviləsiz işləməyə razı olmamalıdır. Çünki əmək müqaviləsi olmadan işləyərsə, bir çox sosial imtiyazlarından məhrum olur. Pensiya, kapital toplaya bilmir. Xəsarət aldığı halda iş yerindən təzminat ala bilmir, məzuniyyət hüququ olmayacaq. Və həddindən artıq işləyəcək. İnsanlar arasında maarifləndirmə işləri aparılmalıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vaxtaşırı nəzarət etməlidir”.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top