Bazar dolu, ciblər boş: Bakıda tikinti malları niyə kəskin bahalaşıb? - FOTOREPORTAJ

GÜNDƏM 30.07.2022 1182

“Son aylar vəziyyət çox pisdir. Alver yoxdur, həftə ərzində bir məhsulu güclə satırıq. Ölkədə tikinti işi görənlərin sayı xeyli azalıb”.

Bu sözləri Oxu.Az-ın əməkdaşları Dərnəgül yolunda yerləşən tikinti və inşaat materialları bazarında olarkən satıcı Şamil Məmmədov bildirib.

Qeyd edək ki, bazarda taxtanın bir kubu ortalama 400-420 manata təklif olunur.

Satıcılar deyirlər ki, iki-üç il bundan əvvəl bazarda taxtanın 1 kubu 200-270 manat civarında təklif edilirdisə, indi 420 manatdır:

“Üç-dörd ay bundan əvvəl taxtanın bir kubu ortalama 510-520 manata qalxmışdı. Son bir ayda 400-420 manatdır. Əvvəlki illərlə müqayisədə qiymətlər çox qalxıb. Müharibə ilə əlaqələndirirlər. Amma müharibədən əvvəl bahalaşma başladı”.

Bəzi satıcılar deyirlər ki, müştərilərinin əksəriyyəti Rusiyada, Ukraynada yaşayan azərbaycanlılar olub:

“Hamısı orada işləyirdi. Qazandıqları pulla burada evlər, obyektlər tikdirirdilər. Bizim də alıcılarımız onlar idi. Bir ay ərzində satdığımız məhsulu birdəfəyə alırdılar. İndi heç nə yoxdur, bazara alıcı gələndə sevinirik”.

Bazarda bir-iki il əvvəl 8-20 manat aralığında satılan dam örtüyü 13-35 manata, 6 manata satılan 40 kiloqramlıq sement 8 manata təklif edilir.

Armatur satışı ilə məşğul olan Xaliq Nəbiyev armaturun bir tonuna 900-930 manat təklif edildiyini bildirdi:

“Heç nə sata bilmirik. Bazarda alıcı yoxdur”.

Bazarda xırdavat mallarının qiymətində 20-50 faizə qədər artım var. Bütün növ lampaların, kabellərin və bu kimi malların qiyməti ən azı 20 faiz bahalaşıb. Balaca plastik boruların bir ədədində 15-20 qəpik, böyüklərin bir metrində isə 50 qəpik artım var.

Bazarda olan zaman müşahidələrimiz onu göstərdi ki, isti havada sadəcə satıcılar və yükləri maşınlara yerləşdirmək üçün gözləyən fəhlələr vardı…

Qum satışı ilə məşğul olan satıcılar da, qiymət artımından narazıdırlar:

“Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları yükü çox olan maşınların gəlməsinə icazə vermədiyi üçün bizə qum gətirənlər məhsulu baha qiymətə satır. Biz də məcbur olub alırıq və müştəriyə də baha qiymətə satırıq”.

Bazarda satıcılar ilə söhbətimiz, müşahidələrimiz onu göstərir ki, son üç-dörd ildə qiymətlər kəskin şəkildə qalxıb.

Belə ki, bazarda tikinti materialları ilə bağlı ümumi malların qiyməti 20-30 faiz artıb. Mal var ki, 50 faiz qalxıb. Məsələn, bazarda dəmir tor var ki, əvvəllər 65 manat satılırdısa, indi 95 manatdır. Həmin məhsullar isə Çindən gəlir. Nəzərə alsaq ki, orada hazırda heç bir müharibə getmir. O zaman haqlı sual yaranır, bəs qiymətlər niyə bu qədər kəskin qalxıb?!

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top