30 ilin həsrəti ilə Şuşada iki gün: Dağına, daşına, suyuna illər sonra ilk dəfə toxunanlar - REPORTAJ

GÜNDƏM 23.07.2022 1126

Səhər saat 06:00...

Yolumuz təxminən 30 ildir həsrətində olduğumuz torpaqlaradır... 30 ildir ki, o torpaqlarda uyuyan əzizlərimiz bizim yolumuzu gözləyir. Təxminən 30-a yaxın media nümayəndəsi ilə Azərbaycanın mədəniyyət beşiyi olan Şuşaya doğru yol alırıq. Hər kəs avtobusa tələsir. Pəncərə tərəfdə oturdum.  

Səhər hamı yuxulu olduğundan yol boyu yatanlar oldu. Yuxum gəlsə də, bir dəqiqə belə gözlərimi yummaq istəmirdim. Adamın gözünə yuxu gedər heç?

Bir neçə saatdan sonra Füzuliyə çatdıq. İşğaldan azad olunmuş kəndlərindən keçdikcə, dağılan evlərin içərisində sanki bir zamanlar yaşayan insanları düşündüm. Mənim ürəyim bu qədər yanırsa, o quru divarlarda xatirələri olan, uşaqlıqlarını bu divarlar arxasında keçirən insanları düşünəndə damarda qanım donur. İnsana yurd-yuvasından daha əziz yer varmı? Viran qalan evlərini görən sakinlər bu dünyada cəhənnəmi görmüş kimidirlər məncə...

Öz-özümə düşünürəm ki, əzizlərini də elə həmin uçan divarlar arasında dəfn edənlər necə dözüb bu mənzərələrə?...

Hələ Şuşanı görməmişəm... Görəsən, göz yaşlarımı saxlaya biləcəm?

Düşünərkən bir də gördüm ki, artıq Zəfər yolundayıq. Avtobusu saxlayıb dərhal şəkil çəkdirdik. Bu yolun hökmü o qədər böyükdür ki, ucu-bucağı bütün sərhədlərimizi əhatə edəcək... Bu yol Qarabağ boyda dünyanın sanki açarıdır, o gözəllikləri bizə qarış-qarış gəzdirir.

Yol boyu Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə hərbçilərin hansı əziyyətləri çəkdiyini düşündüm. Şuşa uğrunda gedən döyüşlərin ağırlığını Cıdır düzündə daha da yaxşı hiss edəcəyimə əminəm...

Daşaltı...

Daşaltı Şuşanın giriş qapısıdır. Şuşadan aşağıda, dağların qovuşduğu yerdə adı kimi... Füzulidə viran qoyulan yerlərdən fərqli olaraq burada çox dağıntılar görmədik. Yolumuz davam edir. Yollar o qədər kəskin, çətin relyef üzərində qurulub ki, zəfər yolunun inşasında zəhməti keçən hər kəsin əlinə, qoluna sağlıq...Haqqınız ödənməz...

Gah üzü yoxuşa qalxırıq, gah da bir anda aşağı enirik. Nağıllardakı kimi, dərə-təpə düz gedirik. Gözümü də qırpmıram ki, Şuşa yazısı ötər, görmərəm.

Yol boyu gözüm “Şuşa” yazısını axtarıb. Bir anda qarşıma  “Şuşaya 30 km” yazılan lövhə çıxdı. Xoş gördük, Şuşa!

Saat 11 radələri olar, artıq Şuşadayıq. Hava o qədər istidir ki, sanki bu torpaqlar bizi bütün səmimiyyəti ilə qarşılayır...

Avtobusdan düşürük, hər kəs bizi “Xoş gəlmisiniz” deyə qarşılayır. Mən Şuşalı olmasam da, burada özümü sanki evim varmış kimi hiss etdim. Şuşadan olan bir tanışıma bir zamanlar yaşadığı bina evinin kənardan görüntüsünü çəkdim. Çox tərəddüd etdim, o fotonu ona göndərim, ya yox. Amma sonunda göndərdim.

Mənə tək bir kəlmə dedi: “Atam o eyvanı düzəldənə qədər zülm çəkmişdi, indi nə özü var, nə də eyvan”...

Sadəcə susdum...

Şuşa işğaldan azad ediləndən sonra bu torpaqlara ilk dəfə gəlirəm. Bu gözəlliklə, bu təbiətlə, bu əzəmətli şəhərlə ilk tanışlığım olmasa da, ilk toxunuşumdur hər daşına, torpağına, ağacına, divarına...

Elə gözəl torpaq qoxusu gəlir ki, ifadə etməkdə çətinlik çəkirəm. Bir kitabda oxumuşdum, “torpaq qoxusunu hamı sevər, çünki hər kəsin orada yatan bir əzizi vardır...”

“Xarı Bülbül” hotelində yerləşdik. Hər kəs 10-15 dəqiqə dincini aldıqdan sonra toplaşıb Şuşanın seyrinə çıxdıq. İlk olaraq Cıdır düzünə gedirik...

Cıdır düzü...

Cıdır düzü deyirəm e, sizə... inana bilirsiniz? Bir neçə il bundan əvvəl şəkillərdə gördüyümüz, hətta bəzilərimizin “görən dünya gözü ilə görə biləcəm?” dediyi həmin Cıdır düzüdür... Artıq bizimdir.

Şuşa fatehlərinin tarix yazdığı yer... Cıdır düzünün sıldırım qayalarından düşmənə həmlə edən hərbçilərimizin sayəsində biz bu gün bu torpaqlara dönürük... Burada döyüşüb, şəhid olan oğulları düşündükcə, adamın torpağı tapdamağa ürəyi gəlmir. Vaxtımız məhdud olduğundan proqramda qeyd edilən yerləri bir-bir ziyarət etməyə başlayırıq.

Daha sonra üz tutduğumuz Vaqifin məqbərəsi oldu. Vaxtımız az qaldığı üçün bir neçə foto ilə buradan ayrılmalı oluruq və tədbirin keçirildiyi yerə çatırıq.

Media nümayəndələrini bu gözəl torpaqlara gətirən isə İqtisadi İslahatlar və Kommunikasiya Mərkəzinin rəhbərliyi oldu. Onların təşkil etdiyi “Jurnalistlərin yay məktəbi” çərçivəsində ilk dəfə media nümayəndələri Şuşada belə genişmiqyaslı təlimdə iştirak etdilər.

Tədbirimiz gözəl “Qarabağ” hotelində baş tutur. Yavaş-yavaş konfrans zalı dolur, bir neçə dəqiqə sonra boş masalarda 147 illik Azərbaycan mətbuatının qələm əhli yer aldı. Çıxış edən ekspertlər, iqtisadi sahələr üzrə mütəxəssislər müəyyən statistik məlumatları və digər informasiyaları bizimlə bölüşür.

Təlim bitdikdən sonra üz tuturuq əzəmətli Şuşa qalasına... Hər kəs bu qalanın qarşısından şəkil paylaşanda, onlara görə çox sevinirdim. Nə yaxşı ki, getdilər, mənə də qismət olsun deyirdim. Nəhayət, bu gün mən də bu əzəmətli qalanın qarşısındayam. Şuşa məncə hər kəsin gözəllik meyarlarını dəyişdirə biləcək şəhərdir.

Gəzərkən yenidən Şuşaya girişdə ayrılan yola gəlirik. Bax bu yol Laçına, Xankəndinə gedir...Sol tərəfimizdə sülhməramlıların postudur, çəkiliş etməyə təbii ki icazə vermədilər. Biz orada olarkən, içərisi ermənilərlə dolu maşın keçir. O an ürəyimdən keçənləri dilə gətirmək istəmirəm, oxuyanlar da mənim duyğularımı paylaşar deyə düşünürəm...

Şuşadan Xankəndinin mənzərəsi görünür, oradan da Cıdır düzü yaxşı görünür. Ən maraqlısı yolda binaların, evlərin, divarların üstündə igidlərimizin “Sumqayıt”, “Sabirabad”, “Naxçıvan”, “Gəncə”, “Yevlax” “Biz qayıtdıq” qeydləri idi. Bu divarlar hərbçilərimizin müharibə gündəliyidir... Onları oxuduqca, bir anlıq yaşadıqlarını hiss etmək olurdu. Bəli, bu tarixi yazanların çoxu şəhid oldu. Bütün Azərbaycana doğma torpaqlarını geri qaytarıb, sevincini zirvədən izləmək nəsib oldu onlara.

Şuşa qalasında söhbət əsnasında zabitlərlə rastlaşdıq. Xidmətdə olduqları üçün onların fotolarını paylaşmıram, heç özüm də çəkdirmədim. Amma yaddaşımda unudulmaz bir yerdə qaldılar. Bizə Cıdır düzündən Xankəndiyə, Xocalıya baxdınızmı deyə sual verdilər. O torpaqlar da çox uzaq deyil...

Bir anda ağlıma mahnıdan bir misra gəldi...“Şuşanın dağları, başı dumunalı”. Amma sizə deyim ki, heç də duman yox idi, Şuşanın səması işıqlı, aydın idi. Gözəl Şuşanın 30 illik dumanı da, çəni də 44 günə təmizləndi, daha gözə dəyməz inşallah...

Başımız o qədər qarışdı ki, şəkil çəkdirməyə, bir də baxdım ki, hamı maşındadır, bir mən qalmışam. Sürücü də məni səsləyir.

“Gəlirsən, gəlmirsən, sürüb gedirik”. Hamımızı gülmək tutur. Amma çox qəribə sual verir, adam bu gözəlliyi qoyub necə getsin? Çarəsiz qalıb avtobusa doğru gedirəm.

Şuşanı iki günə sığdırmaq mümkün deyil. Vidalaşıb yola düşürük, amma yenə qayıtmaq üçün. Gözəl Qarabağ, əziz Vətən, daim azad ol. Səmanda hər daim şahinlər qanad açıb ildırım kimi süzsün... Səman hər zaman mavi, gecələrin belə gündüz kimi aydın, işıqlı olsun...

Bir gün dağılmış, sökülmüş evlərdə yanan çıraqları yenidən görmək ümidi ilə... Hələlik Şuşa!

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top