“Sevən ürəklər” qrupunun rəhbəri gileyləndi: “Efirlər bizə şərait yaratmır...” - MÜSAHİBƏ + FOTO

GÜNDƏM 20.07.2022 1136

Azərbaycanda indiyə qədər bir çox musiqi qrupları fəaliyyət göstərib. Lakin bir zamanlar dəbdə olan musiqi qruplarının çoxu zaman keçdikcə dağılmağa, öz populyarlığını itirməyə başlayıb. Vaxt keçdikdə yeni ifaçılar, xarici qruplar kəşf edərək yeni tərzlərə maraq göstəririk, amma köhnə qrupların yeri hər zaman bir başqa olaraq qalır. Çünki onlar bizə keçmiş zamanları xatırladıb, nostalji hisslər bəxş edirlər. Bu qruplardan biri də 20 ildir fəaliyyətini davam etdirən “Sevən ürəklər” qrupudur. Qrup üç nəfərdən(Nicat Zeynallı, Nail Yusifov və Şaiq Çələbi) ibarətdir. Elə budəfəki müsahibimiz də “Sevən ürəklər” qrupunun rəhbəri Nicat Zeynallı oldu. N.Zeynallı qrupun yaranma tarixindən və fəaliyyətindən, bu illər ərzində qarşılaşdıqları çətinliklərdən, həmçinin, digər qruplardan fərqli olaraq sözügedən qrupu illərdir necə qoruyub saxladıqlarından söz açıb.

Oxu.Az “Sevən ürəklər” qrupunun rəhbəri Nicat Zeynallı ilə müsahibəni təqdim edir:

- “Sevən ürəklər” qrupunun fəaliyyəti haqqında ətraflı elə sizin özünüzdən öyrənmək istəyərdik...              

- Qrupun fəaliyyəti 2002-ci ilin fevral ayından başlamışdır. Bu il bizim 20 illik yubileyimizdir. İlk dəfə Nadir Qafarzadənin solo konsertində səhnəyə çıxmışıq. Qrupu Nail Yusifov (qrup üzvü) ilə birlikdə təsadüfən yaratmışıq. Qış ayları idi, qar da yağmışdı, işıqlar da sönmüşdü. Biz Naillə qrupun adı barədə söhbət edirdik, müxtəlif adlar düşündük. O vaxtlar mən Azərbaycan Tibb Universitetinin son kursunda təhsil alırdım. Nail dedi ki, sən həkimsən, ürəkləri müalicə edirsən, gəl biz də musiqimizlə ürəklərə toxunaq, insanların zövqünü oxşayaq. Və qərara gəldik ki, qrupun adını “Sevən ürəklər” qoyub sevgini tərənnüm edək.

- Qrupu dağılmağa qoymayan əsas səbəb nədir?

- Bizim qrup ilk yarananda Nailin qardaşı - Samir Yusifov və mən iştirak edirdik. Bir neçə ildən sonra Samir Ukrayna vətəndaşlığını qəbul etdi və oraya köçdü. Musiqidən uzaqlaşıb şəxsi biznesini qurdu, indi də orada çalışır. Sonra Şaiq Çələbi qrupumuzun üzvü oldu. İllərdir dağılmamağımıza səbəb odur ki, bizim qrup toy qrupu deyil. Məqsədimiz toyda oxuyub pul qazanmaq olmayıb. Hətta 50, 60 yaşımız olsa belə, bizim dağılmaq ehtimalımız çox azdır. Çünki biz bu sənətə pul qazanmaq gözü ilə baxmırıq. Qrup artıq 20 ildir dağılmırsa, burada yaradıcılıq böyük rol oynayır, bizi ortaq məxrəcə gətirən səbəb də elə budur.

- Bu illər ərzində sizi efirlərdə çox az görməyimizin səbəbi nə idi?

- Televiziyalarda görünməmək aktiv olmamaq demək deyil. Biz bu illər ərzində aktiv şəkildə elimizin-obamızın toylarında iştirak etmişik, hər il kliplər təqdim etmişik. Sadəcə olaraq televiziyalara, radiolara yeni mahnılarımızı təqdim etdikdə bizə “yox” deyiblər. Səbəb olaraq isə bizə deyilib ki, sizin mahnılarınız formata uyğun deyil, müasir üslubda oxumursunuz. Müasir üslub dedikləri isə meyxana tipli mahnılardır, bizim janr isə haradasa qərb musiqisi ilə etno musiqinin qarışığıdır. Televiziya və radiolar hesab edir ki, bizim oxuduğumuz musiqi müasir Azərbaycan tamaşaçısının zövqünü oxşamır. Dəfələrlə bir çox kanallara müraciət etmişik, burada günahı efirlərdə görürəm ki, tamaşaçı ilə bizim aramızda baryer yaradıb. 

- Hansı problemlərlə qarşılaşdınız bu ərəfədə?

- Bizim yeganə problemimiz Azərbaycan televiziyalarının bizim klipləri efirə verməməsi və radiolarımızın 150-dən çox mahnımızı efirdə səsləndirməməsidir. Bundan əlavə qrup olaraq fəaliyyətimizdə böyük bir problemimiz yoxdur. Nailin böyük bir studiyası var. Mən özüm həm də rejissoram, Azərbaycanın bir çox müğənnilərini xaricdə tanıtmışam. Misal üçün, Faiq Ağayevin “Səni əvəz eləmir” klipi, Nahidə Babaşlının “Benim hikayem”, Sura İskəndərli “Niyə?”, Nigar Muharremlə Çinarə Məlikzadənin məşhur duetlərinin klipini, Səidə Sultan, Talıb Tale və bir çox tanınmışların kliplərini mən çəkmişəm. Bundan əlavə bizim qrupumuz kino sektorunda da fəaliyyət göstərib, bir çox məşhur filmlərin “soundtrack” musiqilərini hazırlayıb. Azərbaycanda bizim qədər öz işini sevən ikinci bir qrup ola bilməz. Bir ayda altı klip çəkmişik. Bir çox ziyalı, nüfuzlu insanlar toy məclislərini məhz bizə əmanət ediblər. Sadəcə olaraq biz efirlərdə toy mahnıları oxumamışıq deyə ola bilər ki, toy müğənniləri qədər populyar deyilik.

- Hazırda efirlərin vəziyyətindən razısınızmı?

- Hazırkı efirləri bir tamaşaçı kimi izləmirik. Çünki efirlərdə vəziyyət çox bərbaddır. Biz düşünürük ki, Azərbaycan musiqisinə ən böyük zərbəni bugünkü efirlər vurub, tamaşaçının zövqünü korlayan da məhz onlardır. Son vaxtlar aparıcının qonağı efirdən qovması, onları təhqir etməsi və s. Baxmayaraq ki, dəvət almışıq, ancaq özümüzə hörmət əlaməti olaraq bu tip verilişlərdə iştirak etməməmişik. Tamaşaçılar da bizi görməyib, həmişə elə verilişlərdən, qalmaqallardan tamamilə uzaq gəzən qrup olmuşuq.

- Yeni yaranan qrupları, indiki ifaçıları necə qiymətləndirirsiniz?

- Gözəl qruplar, ifaçılar var. Ancaq təəssüflər olsun ki, yeni yaranan qruplar çox azdır, əksəriyyəti dağılır. Köhnə qruplardan bir-ikisi qalıb ki, bunlardan biri də “Şeron qrupu”dur. Dostlarımızdır, onlar da gözəl ifaçılardır, ancaq pop ifaçıları deyillər, çox gözəl xalq və toy mahnıları ifa edən qrupdur. Biz isə sırf öz üslubumuzda pop mahnılar ifa edirik. Baxmayaraq ki, yeri gəldikdə xalq mahnılarına da müraciət edirik, ancaq daha çox vaxt “Sevən ürəklər” üslubunda oxuyuruq.

- “Sevən ürəklər” qrupun üzvləri hazırda hansı fəaliyyətlərlə məşğul olur?

- Hazırda qrupun rəhbəri olan mən doktor Nicat Zeynallı kardioloq olaraq 2 saylı Sumqayıt xəstəxanasında çalışıram. Eyni zamanda öz şəxsi studiyam var, kliplər çəkirəm. Çəkdiyim kliplər “YouTube”da milyonlarla baxış toplayan kliplərdir. Digər üzvümüz Nail...Onun da şəxsi studiyası var, aranjimançı və bəstəkardır, o da Sumqayıtda çalışır. Şaiq isə restoranların birində ifaçı olaraq fəaliyyət göstərir, qrupda fəaliyyəti var, sadəcə olaraq boş vaxtlarında orada da çalışır. Eyni zamanda gözəl qəzəl və şeirlər yazır.

- Son vaxtlar “TikTok” platformasında ifalarınız və videolarınız məşhurdur. İnsanlara nostalji hisslər yaşadırsınız. Sizi yenidən bizim qarşımıza çıxaran “TikTok” oldu deyə bilərik?

- Əslində deyə bilərik, çünki neçə illərdir efirlər bizim qarşımızda əngəl yaradırdı.  Artıq “TikTok” var, bu platforma bizə tamaşaçı ilə ünsiyyət qurmaqda çox böyük şanslar yaradır, canlı konsertlər verə bilirik.  Bu platformaya təşəkkür edirik ki, bizi tamaşaçılarımıza qovuşdurdu. Artıq orada da böyük bir kütləyə qovuşmuşuq. Yəqin ki, bundan sonra da efirlərə çıxmayıb yalnız “TikTok”da fəaliyyətimizi davam etdirəcəyik.

- Qrup olaraq fəaliyyət göstərərkən nələr sizi qane etmir? Nələri dəyişdirmək istəyərdiniz?

- Musiqi barəsində bizi hər şey qane edir. Qane etməyən tək şey efirlərin bizə şərait yaratmamasıdır. Çünki mahnı və kliplərimizi geniş kütləyə çatdırmaqda əziyyət çəkirik. Halbuki biz böyük konsert zallarını, salonları doldurmağa qane olan ifaçılarıq. 20 il fəaliyyəti olan qrup, hələ də solo konsert verə bilməyib. İstərdik ki, yubileyimizi konsertlə qeyd edək. Mədəniyyət Nazirliyindən də bizə diqqət yetirməsini istəyirik. Azərbaycan incəsənətinə böyük bir fundamental köməyi olmuş bir qrupu dəyərləndirmək lazımdır. Xalqımıza da təşəkkür edirik ki, illər keçsə də, bizi unutmurlar. Bu dəstək bizim üçün çox önəmlidir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top