Aramızdakı “partlayan bomba”lar: Özümüzü aqressiyadan necə qoruyaq? – ARAŞDIRMA + FOTO

GÜNDƏM 17.07.2022 1356

Gündəlik həyatımızda efirlərdən, internetdən daha çox, küçədə, metroda, avtobusda, kafedə… hətta ruhən dincəlməli olduğumuz istirahət mərkəzi və ya çimərlikdə belə, aqressiya ilə üzləşirik. Üstəlik onun qədəri də sanki günü-gündən artır. Bunu hərəkətləri ilə yanaşı, adamların üz ifadələrindən belə, sezmək olur. İnsanlar bir-birinə sanki nifrət edirlər. Təəccüb doğurur: Bir insan tanımadığı birinə niyə nifrət etsin ki?..

Maraqlıdır, bu nə ilə bağlıdır? Psixoloji durumları onlara təsir göstərir, yoxsa başqa bir amil var?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən psixoloq Elnur Rüstəmov aqressiyanın iki formada təzahür etdiyini bildirib:

“Bu gün stres, aqressiya, depressiya kimi hallar cəmiyyətdə insanlar arasında münasibətlərdə tez-tez rast gəlinir. Hətta bunu ailə daxilində də görürük – konfliktlər artır, boşanmalara qədər gedib çıxır. Ümumiyyətlə, cəmiyyətdə, iş mühitində, insanlar arasında münasibətlərdə aqressiyanın artdığının şahidi oluruq.

Müşahidələrdən aydın görünür ki, insanlar bir-birlərinə qarşı açıq şəkildə aqressiya nümayiş etdirməkdən çəkinmirlər.

Aqressiyanın digər bir tərəfi isə susqunluqdur. Adamlar bir-birləri ilə ünsiyyət qurmur, özlərinə qapanırlar. Bu gün susqunluğun daha çox şahidi oluruq”.

E.Rüstəmov qeyd edib ki, başlıca səbəb informasiya əsrində yaşamağımızdır:

“İfrat informasiya ilə yüklənməyimiz daxili aqressiyanı artırır. Bu da psixoloji problemin yaranmasına gətirib çıxarır. Hər informasiya özündə müxtəlif emosiyalar daşıyır. İnformasiyalar bizim gündəlik emosiya daşıyıcılarımızdır. Ona görə şəxslər pozitiv informasiyalara daha çox köklənməlidirlər. Belə olanda həm əhval yaxşı olur, həm də insanlara xoş enerji ötürmüş olursan. Bu istiqamətdə maarifləndirmə tədbirləri aparılmalıdır”.

Sosioloq Əhməd Qəşəmoğlu əlavə edib ki, aqressiyanın inkişaf etməməsi üçün dörd amilin kombinasiyasına diqqət etmək lazımdır:

“Hər bir insanın davranışının formalaşmasında dörd mühüm amil əsas rol oynayır - fərdi-psixoloji xüsusiyyətlər, yaşadığı mühit, aldığı informasiyaların intensivliyi və üstünlük verdiyi dəyərlər. Bu dörd amil bir-biri ilə qarşılıqlı əlaqədə olaraq insanı formalaşdırır. İnsanın şəxsi, fərdi xüsusiyyətləri hər yerdə eynidir. Mühit yaxşı olanda insanlar psixoloji rahatlıq tapır, aqressiv olmurlar”.

Ə.Qəşəmoğlunun fikrincə, insanlar mənəvi dəyərlərə daha çox üstünlük verməyə çalışmalıdırlar:

“Azərbaycan mühitində bir gərginlik var. Gərginlik o qədər çoxdur ki, insanların sabaha inamları qalmayıb. Ona görə intihar halları da çoxalır. Çalışmaq lazımdır ki, insanlar bir-birləri ilə mənəvi mühitlə yarışsınlar, maddi dəyərlərlə yox. Biz ölkədə aparıcı məsələnin mənəvi dəyərlər olmasına səy göstərməliyik. Mənəvi dəyərlər sıxışdırıldığına görə belə vəziyyət yaranır. İnsanları həmçinin iqtisadi problemlər də sıxışdırır”.

Qeyd edək ki, aqressiya sözü latınca “aggressio” sözündən yaranıb və mənası hücum deməkdir. Aqressiya başqa şəxsə zərər verə bilən, hirs emosiyasını ifadə edən ən fəal formalardan biridir. Hər hansı digər emosiya kimi aqressiyanın da təzahür forması qadağan edilə bilməz.

Aqressiyanın müxtəlif növləri olur. Onların təsnifatı və əsasları müxtəlifdir. Dünya təcrübəsində Amerika psixoloqları A.Bass və A.Darkın aqressiya təsnifatı istifadə edilir. O təsnifata əsasən, beş növ aqressiya mövcuddur: Fiziki aqressiya - fiziki təsir; Dolayısı aqressiya - gizli yolla konkret şəxsə yönləndirilməyən aqressiya; Qıcıqlandırma - xarici qıcıqlandırıcılara qarşı yüksək həssaslıq, qızğın emosional reaksiya; Şifahi (verbal) aqressiya-neqativ hisslərin söz üsulu ilə büruzə verilməsi; Neqativizm - qoyulmuş qaydalara qarşı passiv və ya aktiv şəkildə göstərilən əks reaksiya.

Şərti olaraq aqressiyanı iki növə bölürlər: Düşmənçilik məqsədilə, kiməsə zərər yetirmək üçün; İnstrumental - məqsədə çatmaq üçün olan aqressiya.

Aqressiv insanlar başqalarında “partlayan bomba” təəssüratı yaradırlar və onlarla söhbət etmək istəyənlər, demək olar ki, çəkinir, söhbətə meyl etmirlər. Bu cür insanlar bir müddət sonra aqressiyaları ilə baş-başa qalır, partlamağa adam tapmadıqları üçün artıq normal hərəkət və hadisələrə qarşı aqressiv çıxışa başlayırlar. Aqressiya sadəcə insanın özünə ziyan vermir. Eyni zamanda, qarşındakı insanın qırılmasına, münasibətlərin korlanmasına, kütlə arasında seçilib barmaqla göstərilməyə də səbəb olur. İnsan sağlamlığını, bununla yanaşı, iş qabiliyyətini zəiflədən aqressiya əslində idarəolunandır.

Araşdırmalara görə, aqressiya kənardan adi bir əsəb kimi görünsə də, əslində insanın sağlamlığına ciddi ziyan vurur.

İlbəil daha da şiddətlənən və davam edən bu hissin nəticəsi olaraq insanda yuxusuzluq, unutqanlıq, normadan artıq qida qəbul etmək və ya tamamilə qidadan kəsilmək, diqqət pozğunluğu, iş və dərs performansının zəifləməsi yaranır.

Zehni zərbələrlə yanaşı, fizioloji zərbələr də var ki, bunlar da təzyiqin qalxması, nəbzin sürətli vurması, nəfəsin ağırlaşması, əzələ ağrıları, baş və boyun ağrılarıdır.

Aqressiya eyni zamanda davranış pozğunluqları da meydana gətirir. Siqaret çəkən insanların siqareti daha da artırması, içkiyə qurşanması, hirsini soyutmaq üçün müxtəlif dərmanlardan istifadə, ətrafındakı insanlara qarşı qeyri-ixtiyari kobud və qırıcı olmaq da aqressiyanın verdiyi nəticələrdəndir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top