Hərbi ekspert: “Qazilər öz hüquqlarını dəqiq bilməlidirlər”

GÜNDƏM 15.07.2022 1163

“Bu gün Azərbaycan cəmiyyətinin ən hörmətli nümayəndələri Vətən müharibəsi iştirakçıları və qaziləridir. Müharibə - qələbə, yaxud məğlubiyyətlə bitməsindən asılı olmayaraq, ciddi nəticələrə səbəb olur. Bəzən alınan psixoloji travmalar güllə, qəlpə yaralarından daha ağır nəticələrə səbəb olur”.

Bunu “Report”a açıqlamasında ehtiyatda olan polkovnik, Qarabağ müharibəsi və Silahlı Qüvvələrin veteranı, hərbi ekspert Şair Ramaldanov deyib.

O qeyd edib ki, psixoloji travmalar uzun illər bərpa olunmaya bilər:

“Müharibə aparan ölkədə iştirakçılar psixoloji travma alırlar. Yəni belə hallar həmişə müşahidə olunub. Psixoloji travma alan müharibə iştirakçıları arasında intihar edənlər də az deyil. Azərbaycanda da istər Birinci, istərsə də İkinci Qarabağ savaşında bu hallar olub. Həmin psixoloji travmalar adətən müharibədən bir il sonra özünü göstərir. Qazilərimizin, veterenlarımızın intiharları, əlbəttə, cəmiyyəti narahat edir. Müvafiq şəxslər, qurumlar bu barədə düşünməlidirlər”.

Ş.Ramaldanovun fikrincə, intiharların əsas səbəblərindən biri də müharibə iştirakçılarının qayğısız qalmasıdır:

“Bəzən hansısa cümlə bu kateqoriyadan olan insanları incidə, onları intihara sövq edə bilər. Lakin bu, kütləvi yox, fərdi xarakter daşıyır. Ona görə də məsələyə kompleks yanaşmaq, bütün məqamları, o cümlədən ailə daxilindəki durumu da nəzərə almaq lazımdır. Cəmiyyətin bu problemin həlli istiqamətində iştirakı vacibdir. Qazilər və veteranlar daim diqqət və qayğı ilə əhatə olunmalıdırlar. Hər kəs, o cümlədən dövlət orqanları onlara diqqətlə yanaşmalıdırlar. Ən vacib məqam davranışdır”.

Hərbi ekspertin sözlərinə görə, ən vacib məqamlardan biri də maariflənmədir:

“KİV-də bu məsələyə geniş yer ayrılmalı, mütəxəssis fikirlərinə geniş yer verilməlidir. Qazilər öz hüquqlarını dəqiq bilməlidirlər. Əgər qazilərin, veteranların suallarına düzgün izah və aydınlıq gətirilsə, onları düşündürən məsələlər də azalar. Əlbəttə, hər bir Azərbaycan vətəndaşı müharibə iştirakçılarına diqqət göstərməlidir. Bu, çox vacibdir. Bir sözlə, biz cəmiyyət olaraq qazilərimizi intiharlardan çəkindirməyə çalışmalıyıq”.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top