Səma sakinlərinin yadigarları - REPORTAJ

GÜNDƏM 19.06.2022 1315

Təyyarələrin, qırıcıların arasında gəzərkən düşünürəm ki, bu miniklərdə kimlər uçub, kimlər bu od ələyənlərin alovunda qıvrılıb, bu uçaqlar hansı adamları hara aparıb, neçə-neçə tale sahiblərini haradan biryolluq qoparıb? Ancaq o sualların cavabı daha yoxdur... Bu susqun səma sakinləri bütün olub-keçənləri öz sükunətində əridib...

“Kaspi” qəzetinin reportajını təqdim edirik: 

XIII İstanbul Beynəlxalq Şeir və Ədəbiyyat Festivalında iştirak edərkən Bəylikdüzü ərazisində yerləşən bir oteldə qalırdım. Həmin ərazidə xüsusi gəzməli bir yer olmadığından, boş vaxtlarımı elə oteldə keçirirdim. Vətənə qayıtmazdan öncə koronovirus testi vermək üçün xəstəxanaya gedərkən yolda İstanbul Hərbi Hava Qüvvələri Muzeyini gördüm. Əvvəlcə düşündüm ki, yəqin, bir saat ərzində muzeyi gəzib qurtararam, amma içəri girəndən sonra anladım ki, bu həna o hənadan deyil, gərək bu mədəni ocağı ürəyincə gəzəsən, artıq tarixləşmiş səma sakinlərinə – təyyarələrə, qırıcılara, vertolyotlara diqqətlə baxasan.

Muzeyin həyətində Mahmud Şəvqət Paşa, Süreyya İlmən, Fəsa Evrensəy, Yusuf Kənan kimi bütün dünyada tanınan pilotların, hava qüvvələri əməkdaşlarının heykəlləri qoyulub. Eyni zamanda Atatürkün gələcəyi işarə edən heykəli ucaldılıb. Bundan başqa Atatürkün ayrıca büstü qoyulub və üzərinə günümüz üçün keçərli olan bu şüar yazılıb: “İstiqlal göylərdədir”.

Türklər daim haqq savaşı üçün qılınc itiləyiblər, daim həqiqətin tərəfində dayanıblar, bu gün də dəyişən bir şey yoxdur. Türkiyənin “Bayraqdar” adlı pilotsuz uçuş aparatları həm II Qarabağ savaşında, həm də Ukrayna müharibəsində haqlının tərəfindən səmaya yüksəlib, nahaqqın başına od ələdi. Bu muzeydə həmin cihazların, döyüş aparatlarının “əcdadlarını” görmək, sanki haqqın səma sakinlərinə bir az da yaxın olması demək idi. 

Muzeydə I Dünya müharibəsinə aid təyyarələr görmək mümkündür. Türkiyənin İstiqlal Savaşında haqq tərəfdən vuruşan bu təyyarələrin bəziləri hələ da qalmaqdadır. Müharibədən sonra o təyyarələri də, döyüşlərdə qənimət kimi ələ keçirilənləri də Qartal Maltəpəyə aparıblar. Ancaq daşınma zamanı onlardan bəziləri xəsarət alıb. Daşınma zamanı yaranan belə problemlər muzey qurmaq arzusunu bir neçə il ləngidib. 1960-cı ildə isə Hava qüvvələri komandiri İrfan Tansel göstəriş verib ki, istehsal olunan təyyarələrin hərəsindən birini muzey üçün ayırsınlar. Nəhayət, 1971-ci ildə ilk Hava Muzeyi yaradılıb. Amma bu muzeyin yeri əlverişsiz olduğuna görə onu İstanbula köçürmək qərarına gəliblər. İstanbulda 1977-ci ildə inşası başlayan muzey 1985-ci ildən fəaliyyətə başlayıb.

Muzeyin 2365 kvadrat metr qapalı, 12000 kvadrat metr isə açıq havada ərazisi var. Burada həm də Hərbi Hava Qüvvələri əməkdaşlarının hərbi geyimləri nümayiş etdirilən salon var. Eyni zamanda muzeydə kifayət qədər böyük kitabxana da var, ancaq mənbələri yalnız icazə ilə əldə etmək olar. Həmçinin muzeydə bir-birindən maraqlı suvenirlər satılır. 

Muzeyin həyətində gəzərkən cürbəcür qırıcılar, təyyarələr, vertolyotlar, hava döyüş texnikaları görürəm. Müxtəlif markalar gözə dəyir; hər birinin də öz təyinatı, işləmə metodu, uçuş təlimatı qaydası və sair. Sadə insanlar bu markalarla, adlarla tanış olmasalar da, peşəkarlar üçün bu isimlər çox böyük informasiya yükünə malikdir: “C-47B Skytrain”, E-370, F-4E “Phantom” II, UH-1H “İroquois”, S-2E “Tracker”, PZL-104 “Wilga” 35 A, C-54D “Skymaster”, MIm-3 “Nike Ajax”, C-160D “Transall”, SE-210 “Caravelle”, 10R “Mine”, “Mavi İşık” G-1, “Dornier” Do28 D-2, “Skyservant”, “Dornier do” 27H-2, M-45 “Quadmount”, M-3 “Taret”, RF-84F “Thunderlflash”, F-86E (M) “Sabre”.

Təyyarələrin, qırıcıların arasında gəzərkən düşünürəm ki,  bu miniklərdə kimlər uçub, kimlər bu od ələyənlərin alovunda qıvrılıb, bu uçaqlar hansı adamları hara aparıb, neçə-neçə tale sahiblərini haradan biryolluq qoparıb? Ancaq o sualların cavabı daha yoxdur... Bu susqun səma sakinləri bütün olub-keçənləri öz sükunətində əridib...

Elm inkişaf edib, texniki biliklər artdıqca, sürət də çoxalır. Bizi bir-birimizə daha sürətlə qovuşduranlar, sən demə, həm də bizi bir-birimizdən daha yeyin soyudacaq, uzaq salacaqmış. Görünür, daha vəfalı olmaq üçün uzun yol getmək, ləng addımlamaq lazımmış...

Yəqin ki, bu təyyarələrlə kimlərsə şəhid, kimlərsə qazi adını qazanıb. Bu vertolyotlarla neçə-neçə həyəcan siqnalından sonra şəxsi heyətlər döyüş meydanlarına daşınıb... İndi isə onlar bu muzeydə sakitcə dayanıb öz keçmişlərinə – möhtəşəm Türkiyə tarixinə baxırlar. İbrətə açıq qulaqlar üçün isə tarixin susqunluğunda neçə-neçə dinməz əbədiyyət şərqiləri hələ də səslənməkdədir...

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top