Qurtuluşdan Zəfərə gedən yol

CƏMİYYƏT 14.06.2022 1428

1993-cü ilin iyununda Azərbaycanda yaranmış daxili siyasi böhran, hakimiyyətin fəaliyyəti ilə ictimai mənafelər və milli maraqlar arasında yaranmış son dərəcə dərin ziddiyyət, iqtisadi, hərbi və diplomatik uğursuzlar ölkəni geri dönüşü mümkünsüz görünən bir fəlakətə sürükləyirdi. Yaxınlaşmaqda olan bu fəlakətin miqyasını təsəvvür etmək üçün sadəcə 1991-ci ildə müstəqilliyin bərpasının elan edilməsindən 1993-cü ilin iyunun əvvəllərinə qədər baş verən hadisələrin xronologiyasına nəzər yetirmək kifayətdir. Azərbaycan dövləti uçurumun lap kənarında dayanmışdı və onu məhv etmək üçün kiçik bir təkan lazım idi. 

1993-cü il iyunun 15-də Milli Məclisin iclasında çıxış edən ulu öndər Heydər Əliyev yaranmış böhrandan çıxış yolunu əks etdirən fikirlərini belə açıqlamışdı:

“Mən burada Milli Məclisin iclasında, bu tribunadan üzümü bütün Azərbaycan vətəndaşlarına tuturam, bizim qardaşlarımıza, bacılarımıza, övladlarımıza tuturam və müraciət edirəm və bildirirəm ki, bizim respublika indi ağır vəziyyətdədir. Bizim ən böyük çətinliyimiz, bir də deyirəm, işğal olunan torpaqlarımızı geri qaytarıb, Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini təmin etməkdən ibarətdir”.

Ümummilli liderin irəli sürdüyü milli qurtuluş fəlsəfəsinin tarixi-siyasi məzmununu ifadə edən bu fikirlərin uğurla həyata keçirilməsi Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini qoruyub saxlamağa imkan verdi. Yenicə müstəqillik əldə etmiş bir ölkə çox qısa vaxt ərzində dünyanın siyasi səhnəsində öz yerini möhkəmləndirməyə müvəffəq oldu.

Bu taleyüklü anda milli müstəqilliyimizi və dövlətçiliyimizi məhv olmaqdan xilas edən məhz Azərbaycan xalqının müdrik qərarı oldu. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə dəvət olunması, məhz bu baxımdan ictimai şüurunun, ümumxalq təfəkkürünün ən mürəkkəb situasiyalarda verdiyi qərarların siyasi proseslərə təsirinin nəticələrinin ölçülməsi baxımından ciddi sosioloji araşdırmaların mövzusu ola bilər. 1993-cü ilin 15 iyunundan sonra ölkədə baş verən proseslər, milli dövlət modelinin qurulması, güclü idarəçilik sisteminin, mükəmməl xarici siyasət strategiyasının, iqtisadi inkişaf xəttinin formalaşdırılması, şübhəsiz ki, nəticə etibarilə ulu öndərin müdrik siyasi lider kimi mükəmməl obrazının ştrixlərini özündə ehtiva etməklə yanaşı, həm də Azərbaycan xalqının tarixi anlarda dəqiq qərar qəbul etmək bacarığının göstəricisidir. Yəqin ki, bu mühüm məqam tarixçilərin, siyasətçilərin və o cümlədən sosioloqların da apardığı tədqiqatların predmeti ola bilər. Çünki ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətini məhv olmaqdan xilas edən qurtuluş missiyası, həm də ümumxalq şüurunun siyasi, mənəvi-psixoloji və iqtisadi böhranlara səbəb olan proseslərə reaksiyasının mühüm elementlərini özündə ehtiva edir. Bu cür reaksiyanı yalnız milli şüuru formalaşmış, etnik, mədəni, dini və tarixi kontekstlə yanaşı, həm də ortaq mənafe və maraqlara malik toplumlar göstərə bilər. 15 iyun Milli Qurtuluş Gününün tarixi-siyasi əhəmiyyəti fikrimcə, həm də bu baxımdan xüsusi diqqətə layiqdir.

SSRİ-nin süqutundan sonra müstəqillik əldə etmiş bir çox digər respublikalar kimi, Azərbaycan xalqı da öz milli dövlətçiliyini formalaşdırarkən qlobal maraqların toqquşmasından qaynaqlanan çağırış və təhdidlərlə üz-üzə qalmışdı. Bu təhdidlərdən biri də Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20 faizinin işğalı ilə bağlı idi. Əlbəttə ki, Ermənistan cəmiyyətində yüzilliklər ərzində həyata keçirilən ideoloji təbliğatın nəticələri, eləcə də Ermənistan dövlət siyasətinin son dərəcə təcavüzkar, terrorçu və işğalçı məzmunu Qarabağ münaqişəsini şərtləndirən əsas faktorlar kateqoriyasında xüsusi yer tutur. Lakin burada həm də qlobal oyunçuların geosiyasi maraqları, SSRİ-nin süqutu nəticəsində yaranmış yeni siyasi reallıqlardan qaynaqlanan mənafelər mübarizəsinin diktə etdiyi şərtlər öz rolunu oynamışdı. Ulu öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycanın həyata keçirdiyi siyasət isə müəyyən məqamlarda və müəyyən həddə qədər bu yeni şərtlərə uyğunlaşmanı, mümkün və zəruri situasiyalarda isə həmin şərtləri dəyişməyi nəzərdə tuturdu. Bu gün Azərbaycanın əldə etdiyi uğurların əsasında məhz ümummilli liderin 30 il öncə qəbul etdiyi qərarların nəticəsi olaraq müəyyən olunmuş strateji xəttin uğurla davam etdirilməsi dayanır.

İndi Azərbaycan 30 il öncəki dövlət deyil. Ancaq Azərbaycan xalqı 30 il öncə olduğu kimi, bu gün də öz müdrikliyini, tarixinə və milli dəyərlərinə sədaqətini qoruyub saxlayır. Sadəcə bir fərq var, indi o, qalib xalqdır. 1993-cü ildə öz böyük liderini hakimiyyətə dəvət edən Azərbaycan xalqı onun müəyyən etdiyi yolun, siyasi və milli idealların təhlükəsizliyini, rifahını və gələcəyini təmin edəcəyinə 30 il bundan öncə olduğu kimi inanır. Azərbaycana 2020-ci ilin 44 günlük Vətən müharibəsində tarixi zəfəri qazandıran ən başlıca amil məhz bu inam, bu sədaqətdir. 15 iyun Milli Qurtuluş gününün tarixi və ictimai-siyasi məzmunu həm də buna görə milli əhəmiyyət kəsb edir. 

Ümummilli lider Heydər Əliyevin Milli Məclisin iclasında Azərbaycan parlamentinin sədri seçildikdən sonra çıxış edərkən ölkənin ərazi bütövlüyünün təmin olunmasını qarşıda duran ən böyük çətinlik kimi qiymətləndirmişdi. Bu, həm də o demək idi ki, müasir Azərbaycan Respublikasının qurucusu olan böyük öndər ərazi bütövlüyü məsələsinin ən vacib milli hədəf, həllini gözləyən ən mühüm vəzifə kimi görürdü. Məhz onun qurduğu müstəqil Azərbaycanı Prezident İlham Əliyev bütün iqtisadi, siyasi, ideoloji parametrləri ilə beynəlxalq münasibətlər sistemində özünə layiqli yer tutmuş güclü Azərbaycana çevirdi. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci ilin 8 noyabrında xalqa müraciətində söylədiyi bu fikirlər indi bütün Azərbaycan xalqı üçün ən qiymətli və ən dəyərli sözlər kimi yaddaşlara həkk olunub: “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, ulu öndərin ruhu şaddır bu gün!”.

1993-cü ilin 15 iyununda başlayan Milli Qurtuluş yolu 2020-ci ilin 8 noyabrında Azərbaycana öz tarixinin ən böyük zəfərini yazmaq imkanı yaratdı. Məhz bu mənada əminliklə demək olar ki, Azərbaycan xalqı 8 noyabra gedən yolda ilk addımları məhz 1993-cü ilin 15 iyununda atmışdı. Azərbaycan xalqının qurtuluşdan zəfərə gedən yolu, həm də Azərbaycan xalqının zəfər tarixidir.

Ramin Məmmədov, Milli Məclisin deputatı

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top