Azərbaycan-Türkiyə hərbi təlimləri Ermənistandakı şovinist dairələrə ciddi xəbərdarlıqdır - ŞƏRH + FOTO

GÜNDƏM 25.05.2022 1685

Cənubi Qafqazda sabitliyə və iqtisadi inteqrasiyaya xidmət edən qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrini Azərbaycanla birgə reallaşdıran qardaş Türkiyə postmünaqişə dövrünün sülhyaratma proseslərinə də fəal töhfələr verir. Ölkələrimiz arasında intensivləşən təmaslar regionda etimad quruculuğu, təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və uzunmüddətli sülhün təmin edilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

İki qardaş ölkə bölgənin əsas siyasi aktorları – strateji müttəfiqlər olaraq fəaliyyətlərini əlaqələndirir, regional və beynəlxalq məsələlərlə bağlı mövqelərini bölüşür, birgə strategiya müəyyən edirlər. Bir neçə gün əvvəl keçirilmiş üçtərəfli Brüssel görüşündən sonra Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana telefon zəngi etməsi, həmkarını müzakirələr barədə məlumatlandırması bir daha göstərir ki, Türkiyə-Azərbaycan strateji müttəfiqliyi hazırda dünyada analoqu olmayan səviyyəyə yüksəlib.

Dövlət başçısı İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Türkiyənin beynəlxalq müstəvidə yürütdüyü çevik və uğurlu diplomatiya, kənar təhdid meyillərinə qarşı adekvat reaksiyası, xüsusilə Prezident Rəcəb Tayyib Ərdoğanın qətiyyətli açıqlamaları Azərbaycanın apardığı haqq mübarizəsinə ciddi töhfə olub. Türkiyə postmüharibə dövründə sülhyaratma proseslərində fəal iştirak etməklə, Cənubi Qafqaz bölgəsində Azərbaycanla birgə əsas ciddi siyasi güc mərkəzi olduğunu nümayiş etdirir. Hazırda regionun aparıcı dövlətləri Türkiyə və Azərbaycanın maraqlarını ciddiliklə nəzərə alırlar.

Hər iki dövlətin liderlərinin qarşılıqlı təmasları, Prezident Rəcəb Tayyib Ərdoğanın 2021-ci ilin iyun ayında Şuşa şəhərinə gerçəkləşən tarixi səfəri çərçivəsində təhlükəsizlik və müdafiə sahələrində birgə əməkdaşlıq öhdəliyi yaratmış Şuşa Bəyannaməsinin imzalanması azad edilmiş ərazilərin təhlükəsizliyinin Türkiyə və Azərbaycan üçün eyni dərəcədə milli məsələ olması ilə bağlı dünyaya verilən vacib mesajdır. Müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi Cənubi Qafqazda münaqişə səhifəsinin bağlanmasını, Azərbaycan-Türkiyə münasibətləri timsalında regionda faydalı əməkdaşlıq və etimad mühitinin formalaşmasını təşviq edir. Sənəd eyni zamanda regiondakı yeni geosiyasi reallıqları qəbul edən dövlətlərin sivil əməkdaşlığını, kommunikasiya-nəqliyyat əlaqələrinin bərpasını nəzərdə tutur. Hazırda “3+3” formatının reallaşdırılması üzrə aparılan müzakirələr də Azərbaycan və Türkiyə müttəfiqliyinin lokomotiv rolunu bir daha təsdiqləyir.

Hazırda sülhyaratma prosesində konstruktiv mövqe tutan Türkiyə Ermənistanı beynəlxalq hüquqa hörmətlə yanaşmağa, Azərbaycanın ərazi bütövlüyünü tanımağa, sivil əməkdaşlıq təşəbbüslərini dəstəkləməyə və qarşılıqlı əlaqələrin bərpasından faydalanmağa çağırır. Əslində, qonşu ölkələrə qarşı əsassız ərazi iddialarından əl çəkməsi Ermənistanın təkcə Azərbaycanla deyil, Türkiyə ilə əlaqələrinin də gələcək taleyi baxımından prinsipial məsələdir. Bunun əksi Ermənistanın üzləşdiyi sosial-iqtisadi problemlərin davam etməsi, tranzit dövlətə çevrilmək perspektivindən məhrum olması və digər dividendlərdən özünü məhrum etməsi olardı.

Ölkələrimiz arasında siyasi təmaslarla yanaşı, müdafiə və hərbi sənaye sahələrində əməkdaşlığın intensivləşdirilməsi, keçirilən birgə təlimlər Ermənistanda hələ də revanş xülyası ilə yaşayan bəzi şovinist dairələrə ciddi xəbərdarlıqdır. Azərbaycanın iqtisadi-hərbi, demoqrafik potensialı, eləcə də Türkiyə ilə hərbi-strateji müttəfiqliyi fonunda regionda sülh və sabitliyi pozmaq cəhdləri Ermənistanı daha acınacaqlı vəziyyətə sala bilər.

Təsadüfi deyil ki, geosiyasi reallıqları qəbul etmək məcburiyyətində qalan Ermənistan Azərbaycanın sülh danışıqları üçün irəli sürdüyü 5 məlum prinsipi qəbul edib. Brüsseldə keçirilmiş son görüşdə isə razılaşdırılmış mühüm məsələlərdən biri Zəngəzur dəhlizinin açılması, o cümlədən həm dəmir yolu, həm də avtomobil yolunun çəkilməsi məsələləri ilə bağlıdır. Azərbaycanla Türkiyəni birləşdirəcək Zəngəzur dəhlizinin açılması, o cümlədən Naxçıvan-Qars dəmir yolunun tikintisi regionda nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşdirilməsini nəzərdə tutur.

Sosial-iqtisadi problemlər məngənəsində olan Ermənistan Türkiyə ilə iqtisadi-ticari əlaqələrə ciddi ehtiyacı olduğunu yaxşı anlayır. İkinci Qarabağ müharibəsindəki sarsıdıcı məğlubiyyət və pandemiya səbəbindən iqtisadiyyatındakı tənəzzül prosesləri dərinləşən Ermənistanın 2020-ci ilin oktyabr ayında Türkiyədən mal və məhsul idxalına qadağa tətbiq etsə də, sonradan bu absurd qərarından geri çəkilib. 2022-ci il yanvarın 1-dən həmin qadağanı aradan qaldıran rəsmi İrəvan bunun iqtisadi baxımdan səmərəsizliyini etiraf edib. Bu ilin fevral ayından isə Türkiyə ilə Ermənistan arasında təyyarə reysləri də bərpa olunub.

Əlbəttə, münasibətlərin müxtəlif səviyyələrdə bərpası Ankaranın İrəvana təkcə iqtisadi deyil, siyasi təsirlərini də artırır. Türkiyə Ermənistanla münasibətlərin normallaşdırılması prosesini Azərbaycanla məsləhətləşmələr şəraitində həyata keçirir, bu proseslərdə ölkəmizin mənafeyini xüsusi önə çəkir. Eyni zamanda Azərbaycan da regional əməkdaşlığı təşviq edən ölkə olaraq Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasını regionda sülh, sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi baxımından əhəmiyyətli hesab edir.

Prezident İlham Əliyev Azərbaycanın regionun əməkdaşlıq və inteqrasiya mərkəzinə çevrilməsi tərəfdarı olduğunu dəfələrlə bəyan edib. Proseslərin gedişi göstərir ki, Ermənistanın bu təklifi adekvat dəyərləndirmək və konstruktiv addımlar atmaqdan başqa yolu qalmayıb.

Mənbə: Report.az

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top