“Gələcəyin Ekoloji Avtomobili” müsabiqəsinin şərtləri AÇIQLANDI

CƏMİYYƏT 07.05.2022 1416

“Gələcəyin Ekoloji Avtomobili” Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) məktəblilər arasında elan etdiyi virtual rəsm müsabiqəsi məhz belə adlanır. Müsabiqədə uşaqlara ənənəvi yanacaqla deyil, elektrik və ya digər alternativ enerji ilə hərəkətə gələn avtomobil təsvir etmək təklif olunur. Əslində müsabiqə böyük bir layihənin tərkib hissəsidir. Oxuculara xəbər vermişdik ki, 10 may tarixində ölkədə ilk dəfə ekoloji avtomobillərin yürüşü baş tutacaq. Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” proqramında təmiz ətraf mühitə nail olmaq və “yaşıl artım” ölkəsinə çevrilmək kimi hədəflər təyin edilib. Bu proqram çərçivəsində ekoloji nəqliyyat vasitələrinin təşviqini gücləndirmək üçün bir sıra tədbirlərin təşkili AADA-ya həvalə olunub. Belə tədbirlərdən biri də məktəblilər arasında elan olunmuş müsabiqədir.

Bu barədə AADA İdarə Heyətinin sədri Natiq Zərbəliyev Oxu.az-a məlumat verib:

“Ətraf mühitə ehtiyyatla yanaşmağın vacibliyini gələcək nəsilə məktəb yaşından aşılamaq biz böyüklərin vəzifəsidir. Əvvəlcə biz paytaxtın bir neçə məktəbində əyani rəsm müsabiqəsi keçirmək üçün Bakı şəhəri Təhsil İdarəsinə müraciət etdik. Cavab gözlədik, sonra qərara gəldik ki, daha gözləməyək: internet vasitəsilə şans yaradaq ki, bütün balalar öz istedadlarını göstərsinlər. Əslində hamımız uşaq olarkən, maşın şəkli çəkməyi xoşlamışıq. “Gələcəyin ekoloji avtomobili” müsabiqəsində uşaqlara elə bir avtomobil təsvir etmək tapşırılır ki, havaya heç bir ziyanlı tullantı ixrac etməsin, istər dəniz, meşə, dağlar - bütün təbiətlə tam bir harmoniya təşkil etsin. Əlbəttə rəsm əsərində mühərrikin daxili iş prinsipini göstərmək tələb olunmur - ekoloji avomobil zahiri görünüşündən tanınmalıdır. Yeri gəlmişkən, rəsmləri qiymətləndirən münsiflər heyətinin sədri, beynəlxalq səviyyəli məşhur avto-dizayner Samir Sadıxovdur. O, hazırda iş fəaliyyəti ilə bağlı Azərbaycandan kənarda olsa da, onlayn olaraq bu missiyanı icra etməyə razılıq verdi.

Müsabiqənin nəticələri 10 may 2022-ci il Milli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Yaşıl ölkə” ekoloji avtomobillər yürüşünün start alacağı məkanda elan olunacaq. Ən yaxşı rəsm işlərinin müəllifləri 300 manata qədər pul mükafatları və diplomlarla təltif olunacaqlar.

Müsabiqənin şərtləri bizim assosiasiyanın rəsmi «aada.az» saytında, eləcədə “Facebook” və “Instagram” səhifələrimizdə dərc olunub. Valideyinlərə müraciət etmək istəyirəm, onlardan mənə çoxlu müraciətlər gəlir, əlavə suallar verirlər. Şərtləri açıq-aydın göstərmişik: sadəcə uşağın rəsm işini sosial şəbəkələrdə yerləşdirib:

“Instagram”da - @aada.az və ya “Facebook”da - @AADAzerbaijan «tag» edin. İştirak etmək üçün heç bir ödəniş-filan tələb olunmur. Məqsədimiz balaları yaradıcılıq axtarışlarına həvəsləndirməkdir. 8 may işlərin son qəbul tarixidir. Tələsin”.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top