Prezidentin köməkçisi Şuşada baş direktorla memorandum imzaladı

SİYASƏT 11.05.2024 2522

Mayın 11-də Şuşada Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlığa dair memorandum imzalanıb. Memorandum mədəniyyət, elm və təhsil, yeni texnologiyaların inkişafı sahələrində təcrübə mübadiləsinin aparılmasını, eyni zamanda, birgə layihələrin icra olunmasını nəzərdə tutur.

"Saat24.az" xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və ICESCO-nun baş direktoru Səlim bin Məhəmməd Əl-Malikin görüşündə ikitərəfli əməkdaşlıq, ICESCO ilə Fond arasında ötən müddət ərzində mövcud əlaqələr müzakirə edilib.

Fondun prezidenti Mehriban Əliyevanın ICESCO-nun xoşməramlı səfiri kimi sivilizasiyaların yaxınlaşması, mədəniyyətlərarası dialoq üzrə fəaliyyəti və xidmətləri vurğulanıb.

Görüşdə Fond tərəfindən təhsil və mədəniyyətin inkişafına, Azərbaycanla yanaşı, digər ölkələrdə humanitar sahədəki layihələri, xalqlar və dinlərarası yaxınlaşmaya yönələn fəaliyyət qeyd olunub. İmzalanan memorandumun əməkdaşlığın gələcək uğuruna zəmin yaradacağı bildirilib.

2024-cü il üzrə İslam dünyasının mədəniyyət paytaxtı seçilən Şuşada Heydər Əliyev Fondunun işğaldan sonra tarixi dini və mədəni abidələrin qorunması, bərpası istiqamətində qısa müddətdə apardığı işlərin mədəni-tarixi irsin yaşadılması baxımından əhəmiyyəti qeyd olunub. Bu sahədə də ICESCO ilə əməkdaşlıq müzakirə edilib.

Sonra ICESCO-nun baş direktoru Səlim bin Məhəmməd Əl-Malik Şuşada tarixi-dini abidələri ziyarət edib, işğal zamanı burada törədilmiş erməni vandalizminə dair faktlarla tanış olub.

Xatırladaq ki, Azərbaycan 50-dən çox müsəlman dövlətinin təmsil olunduğu nüfuzlu beynəlxalq mədəni-humanitar qurum olan ICESCO-nun 1991-ci ildən üzvüdür. 1991-ci ildə qurulmuş bu münasibətlər Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın 2006-cı il noyabrın 24-də ICESCO-nun xoşməramlı səfiri adına layiq görülməsi ilə daha da genişlənib. Təşkilat Azərbaycanda keçirilən bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərdə fəal iştirak edir. Eyni zamanda, birinci xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ilə ICESCO arasında səmərəli əməkdaşlıq qurulub.

Prezidentin köməkçisi Şuşada baş direktorla memorandum imzaladı - FOTO
 

XƏBƏR LENTİ
18.05.2024 3279

DİGƏR XƏBƏRLƏR

Loading
Top