Ermənistanı silahlandıranlar Azərbaycan Prezidentinin sözlərini nəzərə alsalar, daha yaxşı olar

SİYASƏT 06.05.2024 2408

"ADA-da keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" beynəlxalq forumunda Azərbaycanın mövqeyi Prezident İlham Əliyevin məzmunca və mahiyyətcə geniş və əhəmiyyətli çıxışı ilə bir daha nümayiş etdirildi. Azərbaycan öz haqlı mövqeyindən heç bir zaman geri çəkilməyəcəyini bütün dünyaya növbəti dəfə bəyan etdi. Dövlətimizin başçısı, həmçinin Azərbaycanla Ermənistan arasında 30 ildən artıq davam edən haqsız müharibədə birtərəfli mövqe tutan, işğalçını dəstəkləyən və bu siyasəti bu gün də davam etdirən ölkələrə xəbərdarlıq etdi".

Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva deyib. Deputat qeyd edib ki, Prezidentin xəbərdarlığının mahiyyəti ondan ibarətdir ki, Azərbaycan öz əzəli və əbədi torpaqlarında elan etdiyi suverenliyini sonuna qədər qoruyacaq və bundan sonra heç bir qüvvə ölkəmizin ərazi bütövlüyünə və müstəqilliyinə kölgə sala bilməyəcək: "Azərbaycanın suverenliyini hansısa formada təhdid etməyə cəhd göstərənlər mütləq cəzalandırılacaqlar. Dövlət başçısı forumda bununla bağlı bildirdi ki, "Biz Fransanın, Hindistanın və Yunanıstanın Ermənistanı bizə qarşı necə silahlandırdığını və bunu açıq, nümayişkaranə şəkildə etdiyini, sanki bizə nəyisə sübut etməyə çalışdığını görüb, sakit oturub gözləyə bilmərik. Biz, sadəcə, oturub gözləyə bilmərik və biz bu mövqeyi Ermənistan hökumətinə, indi Ermənistanın qayğısına qalmaq istəyənlərə açıq şəkildə bildiririk. Bizə qarşı ciddi təhlükə görsək, ciddi tədbirlər görməli olacağıq".
Jalə Əliyevanın sözlərinə görə, Ermənistan onlara çatdırılan silahların təhlükəli ya təhlükəsiz olmasına baxmayaraq, bu silahlanmanı dayandırmalıdır: "Bu, İrəvana heç bir üstünlük bəxş etməyəcək. Erməni xalqının tərəqqisi yalnız Azərbaycanla sülh müqaviləsi imzalamaqdan keçir. Hazırkı davranışları ilə sadəcə bir sıra qüvvələrin, eləcə də Fransanın Cənubi Qafqazda möhkəmlənmək istəyinin qurbanına çevrilirlər. O səbəbdən Azərbaycanın səmimi mesajlarını və sülh təklifini nəzərə almalarında fayda var. Dövlət başçısının "Yenə deyirəm, mənim mesajım qətiyyən təkəbbürlü xəbərdarlıq kimi qəbul edilməməlidir. Xeyr. Onların nə etməsindən asılı olmayaraq, müdaxilə etməyəcəyəm. Bu, onların həyatı və onların ölkəsidir. Amma onlar bizə qarşı hərbi güc nümayiş etdirəndə, bəzən öz qoşunlarını sərhədimizdə cəmləyəndə biz sakit otura bilmərik. Bu, bizim təhlükəsizliyimizdir və narahat olmağa haqqımız var. Ona görə də mənim onlara və onlardan Azərbaycana qarşı forpost kimi istifadə etmək istəyənlərə mesajım budur ki, bunu etməyin" xəbərdarlığı Ermənistan hökuməti və havadarları tərəfindən düşünülməli və bu istiqamətdə addımlar atılmalıdır".
Deputat yekunda vurğulayıb ki, Ermənistan nə qədər silahlanırsa, silahlansın, Azərbaycanın "dəmir yumruğ"u qarşısında hər zaman acizdir. İkinci Qarabağ müharibəsində qarşımızda diz çökən Ermənistanın acı məğlubiyyəti bunu sübuta yetirdi. Ermənistanı silahlandıranlar Azərbaycan Prezidentinin sözlərini unutmasınlar. Prezident İlham Əliyevin forumda qürurla qeyd etdiyi kimi, cəmi 44 gün adi insanların, sadəcə, gəzintiyə çıxa bilmədiyi dağlara çıxdıq və biz bunu yüngül silahlarla etdik, onların ordusunu tamamilə məhv etdik.

N.QAFARZADƏ,
"Azərbaycan"

XƏBƏR LENTİ
18.05.2024 3270

DİGƏR XƏBƏRLƏR

Loading
Top