İctimai fəal Ramil Mehdiyev Ramazan bayramı münasibətilə məqalə yazıb

SİYASƏT 09.04.2024 1618

Saat24.Az xəbər verir ki, məqalədə deyilir:
“Əziz həmvətənlər! Müsəlman dünyasının müqəddəs ayı - mübarək Ramazan ayı artıq başa çatır. Bu Ramazan ayı digərlərindən bir az fərqli oldu. Bildiyiniz kimi, Ramazan sözünün mənası “yandıran”, yəni günahları yandıran deməkdir. Builki Ramazan ayının Novruz bayramı ilə təsadüf etməsinin də bir hikməti var idi. Bu il Ramazanda müsəlmanlar təkcə günahlarını yandırmadılar. İşğaldan azad olunan yurdlarında Novruz tonqalı da yandırdılar. Keçmiş qaçqınlar dədə-baba yurdlarında iftar süfrələri açdılar. Bu iftar süfrələrində torpaqlarımızın azad olunması uğrunda şəhid olan igidlərimizin ruhuna dualar oxudular. Ramazan ayının bölüşmək, paylaşmaq kimi müsbət xüsusiyyətləri var. Xalqımız da həmişə son tikəsini belə bölüşməyə qadirdir. Amma eyni zamanda düşmənlərə sübut etdik ki, biz çörəyimizi-suyumuzu dostlarla bölərik. Düşmənlərə də hətta əl uzadarıq, lakin vətən torpaqlarını isə heç vaxt bölüşmərik. Bizim dini kimliyimiz radikalizmdən qaynaqlanmır. Özümüzü müdafiə edərək əmin-amanlıq içində yaşamağa sövq edir. Heç kimin yanan ocağında gözümüz yoxdur. Ocağımızı söndürənlərə isə gec-tez yerini göstəririk. Məşhur hədisdə deyildiyi kimi, “Müsəlman əlindən, dilindən ziyan gəlməyən kəsdir”. Biz də bir xalq olaraq, heç vaxt heç bir millətə ziyan vurmadıq. Xeyirxahlığımızdan sui-istifadə edən ermənilərə isə 30 illik səbrimizin sonunda ölkə rəhbəri cənab İlham Əliyevin sərkərdəliyi ilə, “dəmir yumruq”la layiqli cavab verdik.
Prezident İlham Əliyevin müsəlman dünyasında böyük nüfuzu vardır. Məkkədə ümrə ziyarətində olarkən Kəbənin qapılarının Azərbaycan Prezidenti İlham Əliyev və ailə üzvləri üçün açılması İlham Əliyev şəxsiyyətinə və fəaliyyətinə İslam dünyasında verilən önəmin ifadəsidir. Azərbaycan dünya dövlətləri içində tolerant dövlət kimi tanınır. Bütün millətlərin, dinlərin nümayəndələri Azərbaycanda yaşamaqdan məmnundurlar. Məhz bu səbəbdən vətən uğrunda şəhid olan igidlər arasında hər millətin, hər dinin nümayəndələri var. Mübarək Ramazan bayramı münasibətilə hər birinizi təbrik edir, Allahdan oruc və dualarınızın, namazlarınızın qəbul olunmasını diləyirəm”.

Saat24.Az Arzu Raminqızı
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top