Azərbaycanda kredit faizləri azalacaq - AÇIQLAMA

CƏMİYYƏT 20.12.2023 1212

Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsini endirib.

Belə ki, Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 8,5%-dən 8.00%-ə, faiz dəhlizinin aşağı həddi 7.0%-dən 6,5%-ə, faiz dəhlizinin yuxarı həddi isə 9,5%-dən 9.0%-ə endirilib.

Məsələ ilə bağlı “Saat24.az”a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Mərkəzi Bankın uçot dərəcəsini aşağı salacağı gözlənilən addım idi:

“Digər dünya ölkələrində də buna paralel tendensiya davam edir. Dünyada da uçot dərəcəsinin aşağı salınmasına dair addımların atılmasına görə hazırlıqlar gedir. Ona görə də, Mərkəzi Bankın bu qərarı verəcəyinin gözlənilən olduğunu demək olar. 

Təəssüf ki, uçot dərəcəsinin aşağı salınmasının inflyasiya göstəricilərinə birbaşa təsiri yoxdur. Azərbaycan iqtisadiyyatının spesifik xüsusiyyətlərindən irəli gələrək, ölkəmizdə uçot dərəcəsi inflyasiyaya birbaşa təsir göstərmir.

Digər tərəfdən, uçot dərəcəsi kredit faizlərinə təsir göstərir. Mərkəzi Bank uçot dərəcəsini aşağı saldıqca, belə bir şans və ümid yaranır ki, banklar da kredit faizlərini aşağı çəkəcəklər. Bununla bağlı müəyyən gözləntilər formalaşır”, - deyə o qeyd edib.

Qeyd edək ki, Mərkəzi Bankın uçot dərəcəsinin aşağı salınması ilə bağlı qərarı 21 dekabr 2023-cü ildən qüvvəyə minir. Faiz dəhlizinin parametrləri ilə bağlı qәrarların 2024-cü il üzrə ictimaiyyətə açıqlanması qrafiki bu ilin sonunda yayımlanacaq.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top