Cənubi Qafqazdakı reallıqlar TDT-ni təhlükəsizlik məsələləri üzrə sıx əməkdaşlığı təmin etməyə kökləyir - ŞƏRH

SİYASƏT 12.11.2022 1736

Noyabrın 11-də Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşünün yekunlarına dair Səmərqənd Bəyannaməsi imzalanıb.

Səmərqənd Bəyannaməsi TDT-nin regional və qlobal siyasətdəki yerini möhkəmləndirəcək xətləri müəyyən edir.

TDT-nin ideoloji cəhətləri də burada rol oynayır, ona görə də Bəyannamədə türk xalqlarının ortaq tarixi, dili, mədəniyyəti, ənənələri və dəyərlərinə əsaslanan tezislərə yer verilib.

TDT çoxtərəfli çərçivə əməkdaşlığını daha da dərinləşdirmək və genişləndirmək əzmində olduğunu bir daha nümayiş etdirir.

Təsadüfi deyil ki, Zirvə Görüşü tarixi Səmərqənd şəhərində keçirildi və bu, TDT-nin türk tarixinə verdiyi dəyərin göstəricisi idi. TDT tarixlə müasirliyin harmoniyasını yaradaraq beynəlxalq münasibətlər sistemində güclənir.

Azərbaycanın Ermənistan üzərində qələbə qazanması da TDT-nin inkişafı üçün mühüm amildir və Təşkilat Qarabağdakı və Şərqi Zəngəzurdakı yenidənqurma işlərinə töhfə vermək zərurətini hiss edir. Bu məsələnin Bəyannaməyə salınması isə mühüm addımdır.

Bu mənada Zəngəzur dəhlizinin tezliklə açılması, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin ötürücülük qabiliyyətinin artırılması və Avropa və Asiya arasında daha yaxşı nəqliyyat bağlantılarının genişləndirilməsi qarşıda dayanan çağırışlar siyahısındadır.

TDT nəqliyyat əlaqələrinin şaxələndirilməsinə töhfə verən Özbəkistan-Qırğızıstan-Çin və Termiz-Məzari-Şərif-Kabil-Pişəvər dəmiryolu xətlərinin tikintisi üçün üzv dövlətlərin səylərini dəstəkləyir.

Zəngəzur dəhlizi mövzusu və Cənubi Qafqazda yaranan digər reallıqlar TDT-ni ümumi maraq kəsb edən təhlükəsizlik məsələləri üzrə sıx əlaqələndirmə və əməkdaşlığı təmin etməyə kökləyir. 

Buna görə də TDT çərçivəsində üzv dövlətlərin hökumətləri və dövlət qurumları arasında müntəzəm olaraq təhlükəsizlik məsləhətləşmələri davam etdiriləcək. TDT müdafiə sənayesi və hərbi sahədə daha sıx əməkdaşlığı qarşıya məqsəd qoyur.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top