Erməni postlarına mina qoyan, polkovniki məhv edən “Qoçu mafiyası”nın 18 günlük mühasirə HEKAYƏSİ - FOTO

CƏMİYYƏT 18.05.2022 1361

1990-cı illərdə Ermənistan-Azərbaycan münaqişəsi başlayandan Vətən oğulları torpaqların müdafiəsi üçün səfərbər olublar. Onlar arasında 1973-cü il təvəllüdlü Məmmədov Şahlar Şahmar oğlu, 1970-ci il təvəllüdlü Məcnunov Şəmsi Qubad oğlu, 1972-ci il təvəllüdlü İsgəndərov Ələddin Qənbər oğlu, 1971-ci il təvəllüdlü Məcnunov Qalib Camal oğlu da vardı.

Oxu.Az-ın əməkdaşı Birinci Qarabağ müharibəsində 18 gün mühasirədə qalan dörd silahdaşla həmsöhbət olub.

Laçın rayonunun Zağaltı kəndində anadan olan Şahlar Məmmədov deyir ki, 1991-ci ilin dekabrında Laçın Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Ermənistanla sərhədlərdəki postlarda xidmət keçib:

“Laçının aşağı kəndlərindən, Güləbird istiqamətində Fərəcan kəndinə tərəf mövqelərdə olmuşuq, daha sonra mövqelərimiz dəyişdirilib. O zaman hələ Kəlbəcər işğal edilməmişdi, biz həmin istiqamətdən Laçının müdafiəsi uğrunda döyüşlərə başladıq. Laçının 70-ə qədər kəndi müdafiə olundu, böyük uğur əldə edildi. Təəssüf ki, Kəlbəcər işğal edildikdən sonra Laçın məlum səbəblərdən ortada qaldı. Kəlbəcərin işğal edildiyini bir qədər gec bilmişdik və Laçının kəndlərində qalmışdıq. Biz ən çətin mövqelərdən birində yerləşən Fərəcan kəndində idik. 15 nəfərlik dəstə ilə olduğumuz yerdə əmr gözləyirdik”.

1993-cü ilin martın 28-də qida ehtiyatı bitir, 31-də isə mövqelərdə hərbçilər əvəzlənməli idilər. Lakin heç kimdən səs gəlmir... Bu səssizlikdən narahat qalan dəstə üzvlərindən Şəmsi Məcnunov xəbər almaq üçün geri qayıdır. Bəlli olur ki, ermənilər Laçının bütün kəndlərini istila ediblər.

Ş.Məmmədov deyir ki, Kəlbəcərin işğal olunduğunu bilmədən o istiqamətə irəliləyiblər.

Ermənilərin mühasirəsində sağ qalmaq üçün verilən 18 günlük mübarizə

Laçın rayonunun Oğuldərə kəndindən olan Qalib Məcnunov isə həqiqi hərbi xidməti Rusiyada başa vurub. Əsgərlikdən ata yurduna qayıdan Qalib öz kəndlərində cəmi dörd gün qala bilib:

“Ermənilər Laçını ələ keçirdikləri üçün kəndləri sürətlə boşaltmağa başladılar. Mən də könüllü olaraq yenidən orduya yazıldım və Kəlbəcər istiqamətində döyüşlərdə olduq. Həmin ərəfədə mən də 15 nəfərlik həmin dəstə ilə mühasirədə qaldım və bu mühasirədən çıxmağa çalışırdıq. Dəstəmizdən iki nəfəri itirdik – biri şəhid oldu, digəri əsir düşdü. Daha sonra biz o girov düşən yoldaşı erməni əsiri ilə dəyişdirmişdik. Əslində, biz mühasirədə olduğumuzu gecə saat dörddə bildik. Elə bir vəziyyət idi ki, artıq döyüşə bilməzdik, silah-sursat yox, ərzaq yox. Taqətsiz, bir-birimizə dəstək verərək mühasirədən çıxmağa çalışırdıq. Ərazini yaxşı bilməyimiz bizi ölümdən xilas etdi”.

Onlar Kəlbəcərin Ağduzlaq deyilən ərazisinə yaxınlaşıb orada polislərdən kömək alacaqlarını güman edərək irəliləyiblər. Kəşfiyyatçı olduqları üçün qərara gəlirlər ki, üç nəfər irəliyə gedib vəziyyəti yoxlasın.

Q.Məcnunov deyir ki, özü ilə bərabər, Rafiq Xıdırov və Ələddin İsgəndərovu da götürüb Ağduzlaq tərəfə dəstədən qabaq gedir:


(Soldan sağa - Qalib Məcnunov, Şəmsi Məcnunov - 18 gün mühasirədən sonra)

“Dağın üstündə olan buraxılış məntəqəsinə Laçın istiqamətindən maşın yolu ilə irəlilədik. Hava duman olduğundan göz-gözü görmürdü. Bir anda irəlidən gələn erməni maşını göründü. Rafiq və Ələddin hündürdə olduqlarından maşını gördülər, mənə xəbər verməyə fürsət tapmamış həmin maşının sürücüsü məni gördü. Maşınla mənim aramda məsafə təxminən 500 metr olanda maşını gördüm. Ermənilər mənə atəş açmağa başladılar. Tək yol dağın arxa tərəfi ilə irəli qaçmaq idi ki, dumanda onların görmə bucağından çıxım. Ordu hissəmizin Kəlbəcərdə olmadığını, şəhərin işğal edildiyini və boşaldıldığını elə orada bildik”.

Yolda onlara Laçının Piçənis kəndində ermənilərlə döyüşən hərbçilər də qoşulublar. Onlar Zağaltı kəndindəki köhnə fermada qalıblar. Təhlükəsiz mövqe seçən dəstə ermənilərin kəndləri necə talan etdiklərini, mal-qaranı apardıqlarını təəssüf hissi ilə izləyiblər...

1993-cü il aprelin 4-ü...

Şəmsi Məcnunov deyir ki, kəndlərin bomboş xarabalığa çevrildiyini, evlərin yandırıldığını görmək onlara işgəncə kimi gəlirdi:

“Hərbi xidmətimi Özbəkistanda çəkmişdim. Qayıdanda kəndi bomboş görmək mənə çox təsir etmişdi. Amma gördüklərimiz bizi özümüzdən çıxarsa da, hirsimizə yenilib bu qədər adamı riskə ata bilməzdik. Vuruşmaq mümkün deyildi. Bizim qərargahımız Laçının Təzəkəndində idi, amma biz Kürdhacı kəndi istiqamətində irəlilədik. Kəndin girişində, yolda artıq meyitlərlə qarşılaşdıq. Bildik ki, burada da döyüş gedib. Kürdhacı kəndindən çıxanda gördük ki, evlərin hamısına od vurub yandırırlar. Geniş bir həyəti olan evdə də işıq yanır, bacadan tüstü çıxır. Ermənilər soba qalayıb, evdə oturmuşdular. Gecəni səhərə qədər yol gəlib dəstə ilə birləşdik. Əvvəl 15 nəfər idik, yeni qoşulan hərbçilərlə birlikdə 22 nəfər olduq. Ermənilərlə qarşılaşmamaq üçün hava açılana qədər Şamkəndə tərəf nə qədər gedə bildiksə, getdik. Meşəyə tərəf düşdük ki, orada gizlənmək daha rahat olacaq.

Elə Şamkənd tərəfdə gördük ki, bir ZİL-31 dolusu erməni Laçından Kəlbəcərə tərəf gedir. Birdən bizi görüb avtomatdan atəşə tutdular”.

Kəlbəcərin Qazıxanlı dərəsi deyilən yerə qaçan dəstə ermənilərlə təxminən 200 metrlik məsafədə bir gün mübarizə aparıb. Silahsız olub-olmadıqlarını bilmədikləri üçün ermənilər onların arxasınca dərəyə düşməyiblər. Elə bu yerdə də onları ölümdən Allah xilas edib...

İşğal edilən Kəlbəcər və Laçın arasında ac-susuz qalırlar

Ş.Məcnunov daha sonra Kəlbəcərin Qalaboyun kəndinə tərəf getdiklərini deyir:

“Ərzaq axtarmaq üçün kəndə gedəndə yolda erməni radiosu tapdıq. Batareyaları islanmışdı, günün qarşısına qoyduq ki, qurusun. Sonra xəbər saatına yaxın taxdıq və bildik ki, nə Laçın qalıb, nə Kəlbəcər. Qalib bu ərazidən yolu dəqiq tanıdığını dedi. Bizim burada bir-birimizə güvənməkdən başqa çarəmiz yox idi. Qalib dedi ki, Murovdan yuxarı Yeddi Qardaş dağıdır, həmin dağın arxası isə Daşkəsəndir. Qaranlıqda o istiqamətə doğru getdik. Mühasirənin təxminən beşinci-altıncı günləri idi, yolda ermənilərin apardığı qoyun sürüsündən bir qoyun tutub, çalada kəsdik. Amma ocaq qalaya bilmədik, nə də yeməyə başqa bir şey vardı. Elə doğrayıb, çiy-çiy yedik. Desəm ki, sümüyü də qalmadı, inanmazsınız. Neçə günün aclığı heç bununla da keçmədi”.

Ələddin İsgəndərov isə deyir ki, könüllü olaraq orduya yazıldığı gün onu hərbi hissə komandirinin yanına aparıblar.

İşğaldan qabaq kəşfiyyatda diri erməni tutub gətirən “Qoçu mafiyası”

Mühasirədən qabaq kəşfiyyatda sözün əsl mənasında ad çıxaran dəstənin üzvləri deyirlər ki, sərhəddən ermənilər tərəfə 30-35 km məsafəni keçiblər:

“Hətta elə olub ki, iki postlarının arasından keçmişik, heç ruhları da duymayıb. Tankları, BMP-ləri zərərsizləşdirə bilirdik. İki postun arasında mina basdırmışdıq, ermənilərin UAZ, “Ural” markalı maşınları minaya düşüb partlamış, bir polkovnik və iki əsgərləri ölmüşdü. Mövqelərimiz Laçının Qorçu kəndindəydi. Bu kənd də ərazi üzrə altı kəndi əhatə edirdi deyə biz kəşfiyyatçılara qocaqlığımıza görə “Qoçu mafiyası” deyirdilər.

Bizim dəstədə Araz adlı rabitəçi vardı, tez-tez ermənilərin rabitə əlaqələrinə müdaxilə edirdi. Onlar Azərbaycan dilini bilirdilər deyə bizi təhdid etmək üçün “Qoçu mafiyası”na deyin, onları darmadağın edəcəyik” deyirdilər. Bizim kəşfiyyatın komandiri Sarvan Abbasov olub. O da həmişə tək-tənha kəşfiyyata gedib-gələrdi. Çox mərd oğlan idi. Mən onu üzdən tanımırdım, bir gün mənə dedi, kəşfiyyata birlikdə gedək, getdik. Bu gün də, o gün də azərbaycanlı hərbçilər heç nədən, heç kimdən qorxmayıblar. O vaxt silah-sursat məsələsində çətinlik var idi, amma onunla belə, hər kəs əlindən gələni edib”.

Mühasirədə olduqları müddətdə Ələddin İsgəndərov yaralanıb. Lakin qısa zamanda müalicəsini bitirib və silah yoldaşlarının yanına geri qayıdıb. Digərləri də Birinci Qarabağ müharibəsində iştirak etdikləri dövrdə müəyyən qədər sağlamlıqlarını itiriblər.

Dəstə üzvlərindən biri ermənilərin nəzarətində olan Kəlbəcərdə altı ay gizli yaşayıb

Q.Məcnunov deyir ki, Elman adlı döyüş yoldaşları onlarla yola davam etməyəcəyini deyərək kənddə tək qalıb:

“Ermənilər altı aydan sonra onu görüb və artıq xəstə vəziyyətdə, yatdığı yerdə onu əsir götürüblər. Biz isə irəlilədik Ağdərə-Kəlbəcər yoluna tərəf, qarşımızda Tərtər çayı var. Bu çayın da suyu çoxdur deyə keçmək risklidir. Bir gün də çayın sahilində qaldıq, səhər doqquz nəfər keçdi, daha sonra isə digərləri. Razılaşdıq ki, çay bizi aparsa, harada bir-birimizi gözləyək ki, itməyək. Çay bizi apardı, su da soyuq idi. 11 nəfər çayı keçdi, amma biz dediyimiz yerdə onları görmədik. Bir gün onlar gələrlər deyə dərədə gözlədik, amma gəlmədilər.  Biz də məcbur qalıb yolumuza davam etdik. Aprelin 15-i gündüz Hayad kəndində, 16-sı səhər isə Lev kəndinə çatdıq.

Ermənilər BMP ilə yorğan-döşəkləri daşıyıb, evlərimizi yandırırdılar. Biz isə girdiyimiz evdə döşəmənin üstündə yatırdıq. Üstümüz palçıq, çirk içində idi, qıymırdıq ki, təmiz yorğan-döşəklərdə uzanaq”.

18 gün ərzində öz canlarını xilas etməyə çalışsalar da, ailələrinin onlardan xəbərsiz olması fikri də onları mühasirədən tez çıxmağa sövq edir. Bəlkə də, əzizlərindən nigaran qalmaları ac-susuz döyüşçülərin özlərində güc toplamağına imkan verir.

Dağın ətəyində Lev kəndindən olan Məhəmməd adlı kişi ilə rastlaşdıqlarını deyən Q.Məcnunov onun Böyük Vətən müharibəsində iştirak etdiyini və ayağındakı problemdən dolayı kənd camaatı ilə oradan çıxa bilmədiyini bildirir:

“Bütün ailə üzvləri kəndi tərk etmişdilər. Düz yerdə ayağını çəkərək yeriyirdi, lakin sıldırım qayaları keçə bilməzdi. Özü ilə bərabər, kənddə daha üç nəfər də vardı. Məhəmməd kişi fermada, onlar isə evdə qalırdılar. Hər axşam onlara baş çəkmək üçün kəndin aşağısına düşürdü. Bir gün düşəndə onların öldürüldüyünü gördü. Qaldığı yer Təkdam adlanırdı. Onun arxasından Daşkəsənə gedən yol isə İtyolu adlanırdı. Oranı aşmaq o qədər çətin idi ki, yola belə ad veriblər.

Kişiyə nə qədər dedik ki, gəl bizimlə gedək, getmədi. Biz yola düzəldik, dağın ortasında duman, güclü külək bizi tutdu. Əl-ələ verib çətinliklə də olsa düşdük. Yolun yarısını isə dağdan yumalanaraq düşdük. Nəhayət, Daşkəsənin Zivlan kəndinə çatdıq. Bizim Laçının polisləri gəlib bu kənddə post qurmuşdular. Aprelin 16-sı günorta saat 15:00-da çatdıq, bizi qarşılayıb çay-çörək verdilər. Bir az özümüzə gələndən sonra yola saldılar Daşkəsənin mərkəzinə, oradan ailəsinə zəng edə bilən etdi. Qalanları da gözlədilər ki, sabah Bakıya yola düşəcəyik. Daşkəsəndən Gəncəyə, oradan da Bakıya gəldik”.

Qeyd edək ki, Tərtər çayını keçərkən dəstədən ayrı düşən 11 nəfər əks istiqamətə getdiyi üçün yolu azıb. Hətta bir neçə mövqedə ermənilərlə atışmaya düşüblər. Müsahiblərim deyirlər ki, onlar hətta ermənilərdən iki nəfəri girov götürübmüşlər. Lakin bir müddət sonra əsgərlərdən dördü ələ keçib. Həbsxanadan qaçmaq istəyərkən isə ermənilər tərəfindən güllələnərək öldürülüblər. Digərləri isə 1995-96-cı illərdə erməni əsirləri ilə dəyişdirilərək Vətənə qaytarılıblar.    

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top