“NİYƏ ZƏRDAB ŞƏHƏRİNİN KANALİZASİYA SİSTEMİ YOXDUR”, SUALINA CAVAB-İsaməddin Əhmədov

CƏMİYYƏT 18.04.2022 1960
Zərdab şəhərinin ən ciddi problemi, onun kanalizasiyasının olmaması, çirkabın küçələrə axıdılmasıdır. Buna görə də bir çoxları, o cümlədən mən zaman-zaman müxtəlif ali orqanlara çox şikayət etmişik, amma nəticə olmayıb. Bəs, problem nədədir? Gəlin, əvvəlcə bir qədər əvvələ gedək: Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında 2009-2011-ci illərdə “Zərdab şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması” nəzərdə tutulmuşdu, Nazirlər Kabineti bununla bağlı 15 iyul 2011-ci il tarixli 194 s saylı Sərəncam vermişdi. O vaxtkı Baş nazir Artur Rasi-zadənin imzaladığı Sərəncamda 18 şəhərin, o cümlədən Zərdab şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulmasına təcili başlanılması və işlərin yüksək keyfiyyətlə 2013-cü ildə başa çatdırılması nəzərdə tutulmuşdu. Bu işlərin sifarişçisi “Azərsu” ASC idi. Sərəncamda deyilirdi ki, Zərdab şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulmasının layihələndirmə və tikintisi Respublika dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş vəsait hesabına maliyyələşdirilsin. “Azərsu” ASC-yə isə bu şəhərlərin, o cümlədən Zərdabın su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə işlərin başa çatmasına 1 ay qalanadək, bu şəhərlərin hər biri üzrə su təchizatı və kanalizasiya sistemlərini istismar edəcək kadrlar hazırlamaq tapşırılmışdı. Sonra isə Sərəncamda belə deyilirdi: “Nazirlər Kabinetinin 2011-ci il 16 iyun tarixli 156 s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “AR-nın 2011-ci il dövlət büdcəsinə dəyişikliklərdə dövlət əsaslı vəsait qoyuluşu üçün əlavə nəzərdə tutulmuş 2 milyard 484 milyon 117 min manatın sifarişçi təşkilatlar və obyektlər üzrə dövlət sifarişi kimi bölgü”sündə Azərbaycan Respublikasının şəhər və rayonlarında su təchizatı və kanalizasiya sisteminin yenidən qurulmasının layihələndirilməsi və tikintisi üçün nəzərdə tutulmuş 290 milyon manat vəsaitin 252 milyon 650 min manatı Lənkəran, Mingəçevir, Biləsuvar, Hacıqabul, İmişli, Kürdəmir, Qax, Quba, Şəmkir, Ucar və Zərdab şəhərlərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulmasının layihələndirilməsi və tikintisi üçün ayrılsın”. Sərəncamda bu işlərə təcili başlanması və yüksək keyfiyyətlə 2013-cü ildə başa çatdırılması məqsədilə əlaqədar nazirliklərə və müvafiq qurumlara tapşırıqlar verilmişdi. (Mənbə: “Əkinçi” qəzeti, 29 iyul 2011-ci il, nömrə 34). Zərdab şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması işlərinə tender qalibi olan Fatih Topbaşın (Erol bəy) rəhbərlik etdiyi “Hidro-Lotus” MMC firması 2011-ci il avqustun 16-da Dəli-Quşçu kəndi yaxınlğında inşa ediləcək Mərkəzi Təmizləyici Terminalın bünövrəsini qoymaqla, paralel olaraq Zərdab şəhərinin Qumlu yaşayış massivindən - H.B.Zərdabi küçəsindən, Heydər Əliyev prospektindən keçməklə Dördyol istiqamətinə müasir texnika ilə qazma işlərinə başladı, bu qazmanın dərinliyi H.Əliyev prospektində azı 6-7 metr idi. (Mənbə: “Əkinçi” qəzeti, 27 avqust 2011-ci il, nömrə 38). 2011-ci il oktyabrın 4-də Dəli-Quşçu kəndi yaxınlığında Zərdab şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılmasının, minlərlə sakinin iştirakı ilə rəsmi və təntənəli təməlqoyma mərasimi keçirildi. Mərasimdə Zərdab rayon İH-nin o vaxtkı başçısı Lütvəli Babayev əhalini bu nəhəng tikintinin təməlqoyma mərasimi münasibətilə təbrik etdi. Tədbirdə “Azərsu” ASC-nin o vaxtkı sədri Qorxmaz Hüseynov dedi ki, Zərdabda su və kanalizasiya sahəsindəki ciddi problemləri nəzərə alaraq Prezident cənab İlham Əliyev şəhərinizdə su təchizatının yenidən qurulmasına və kanalizasiya sisteminin yaradılmasına, Nazirlər Kbineti bu işlərin 2013-cü ildə başa çatdırılmasına dair göstəriş vermişdir. Bununla Zərdab təmiz su və müasir kanalizasiya sistemi ilə təmin olunacaq. Şəhər ərazisində 60 km.-lik magistral supaylayıcı kəmər, 55 km.-lik əsas kanalizasiya xətti, laboratoriya tikiləcək, layihədə Zərdabın 2035-ci ilədək demoqrafik vəziyyəti də nəzərə alınıb. Lütvəli Babayev və Qorxmaz Hüseynov düyməni birgə basdılar və Mərkəzi Təmizləyici Terminalın bünövrəsinə beton məhlulu dolmağa başladı. (Mənbə: “Əkinçi” qəzeti, 11 oktyabr 2011-ci il, nömrə 44). 2012-ci il oktyabrın 7-də Prezident İlham Əliyev Zərrdaba səfər edərək Küllülü-Zərdab Magistral su kəmərinin açılışında iştirak etdi və dedi: “Bu gün həm Zərdab, həm də, ümumiyyətlə ölkə üçün çox əlamətdar gündür. Çünki bütün bölgələrdə içməli su layihələri icra edilir, yaxud da onların icrasına hazırlıq işləri aparılır. Onların içində birinci layihə məhz Zərdabda reallaşır. Ona görə bu gün tarixdə qalacaqdır”. Dövlət başçısının iştirak etdiyi mərasimdə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin o vaxtkı sədri Qorxmaz Hüseynov dedi: “ASC-nin sifarişi ilə kəmərin tikintisinə bu ilin sentyabrında başlanıb. Kəmərin Zərdab rayonunun ərazisindən keçən hissəsinin uzunluğu 72 kilometrdir. Küllülüdə 5 min kubmetrlik bir, Zərdabda isə hər biri 2 min kubmetrlik iki su anbarı tikilir. Suyun şəhərə, Bəyimli qəsəbəsinə və rayonun 14 kəndinə verilməsi nəzərdə tutulub. Hazırda Heydər Əliyev Parkında tikilən Şəlalə rəmzi olaraq suyun Zərdaba gəlib çatmasını bildirir. Küllülü mənbəyindən götürülən su rayon mərkəzinə nasoslardan istifadə olunmadan özüaxımlı rejimdə verilir. Hazırda Zərdab şəhərinə verilən suyun yeni şəbəkə hazır olana qədər mövcud şəbəkəyə birləşdirilməsi üçün tədbirlər görülür. Mərkəzləşdirilmiş şəbəkə olmadığından Zərdab şəhəri əhalisinin yarısı su tələbatını fərdi qaydada ödəyir. Şəhərdə kanalizasiya şəbəkəsi, ümumiyyətlə, yoxdur. Zərdab şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsi üzrə Küllülü mənbəyində sugötürücü qurğu tikilməklə yanaşı, şəhərdaxili şəbəkənin tikintisi də aparılmışdır. İndiyə qədər Zərdab şəhərində 28 kilometr su, 12 kilometr kanalizasiya xətləri tikilmişdir. İlkin layihədə çirkab sularının kənarlaşdırılması üçün 7 nasos stansiyasının inşası nəzərdə tutulmuşdu. İntensiv yağıntılar zamanı nasosxanalar şəbəkəyə toplanan suları kənarlaşdıra bilmir və nəticədə kanalizasiya sisteminin işi pozula bilərdi. Bunu nəzərə alaraq çirkab, yağış və yeraltı suların birgə idarə olunması əsas götürülməklə layihəyə dəyişikliklər edilmişdir. Zərdab şəhərinin kanalizasiya şəbəkəsi layihəsində nasos stansiyaları ləğv edilmiş, əvəzində özüaxımlı mikrotunellərin tikintisi variantına üstünlük verilmişdir. Bu sistem çirkab suların optimal idarəolunması ilə yanaşı, gələcəkdə yağış və drenaj şəbəkəsinin tikintisi üçün də etibarlı kommunikasiya rolunu oynayacaq”… Vəssalam! Prezident İlham Əliyevin iştirak etdiyi həmin təntənəli mərasimdən sonra Dəli-Quşçu kəndi yaxınlğında inşa edilməli olan Mərkəzi Təmizləyici Terminalın, hər biri 2 min kubmetrlik 2 su anbarının və Zərdab şəhərinin kanalizasiya sisteminin tikintisi, mətbuata, ictimaiyyətə heç bir açıqlama verilmədən dayandırıldı. Və bununla da cənab Qorxmaz Hüseynov və Lütvəli Babayev bu layihəni sanki dərin bir quyuya atıb başına da elə yekə daş saldılar ki, o layihəni və o daşı yalnız onların ikisinə çıxartdırmaq olardı və belə də edilməli idi... Zərdab sakinləri isə bu gün də təmizlənmədən xəttlərə verilən suya və kanalizasiya probleminə görə hələ də müxtəlif ünvanlara şikayətlər göndərirlər. Daha ədalətli olar ki, bu müraciətlər, bu layihələrin başına daş salan Qorxmaz Hüseynova və Lütvəli Babayevə ünvanlansın. O cənablara ilk sualları elə mən verirəm: -Qorxmaz Hüseynov və Lütvəli Babayev, çirkab suları küçələrə dolan və ətrafı üfunət bürüyən Zərdab şəhərinin camaatı, o cümlədən mənim də yaşadığım binanın üfunətdən boğulan sakinləri nə etsinlər, dərdlərini kimə desinlər? -Dövlətin ayırdığı milyonlarla vəsaitin başına nə daş idi, saldınız? -2011-2012-ci illərdə yerə gömdüyünüz 100 min manatlarla dəyərindəki orta və nəhəng ölçülü kanalizasiya borularının taleyi barədə niyə heç nə demirsiniz? -Bilirsinizmi ki, sovet dövründə alıcıdan 10 qəpik artıq alan satıcı qadına Zərdab məhkəməsi 9 il həbs cəzası kəsmişdi? ŞƏKİLDƏ: Zərdab şəhərinin Heydər Əliyev prospekti-13 ünvanındakı 16 mənzilli yaşayış binasının 10 metrliyindəki çirkab quyusu bu gündədir. Lütvəli Babayev və Qorxmaz Hüseynov Zərdab şəhəri əhlinə belə kef yaşadırlar...

İsaməddin ƏHMƏDOV, “Əkinçi” qəzetinin redaktoru.
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top