"2025-ci ildə yaşayış minimumunun 285 manat olacağı proqnozlaşdırılır. 2026-cı ildə bu rəqəmin 300 manata çatdırılması, 2027-ci ildə 311 manat, 2028-ci ildə 323 manata yüksələcəyi planlaşdırılır".
"Saat24.az" xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə keçirilən iclasında İqtisadiyyat Nazirliyinin Dayanıqlı İnkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov deyib.
O bildirib ki, əmək qabiliyyətli insanların yaşayış minimumu 2023-cü ildə 261 manat, 2024-cü ildə 287 manat təsdiq olunmuşdu:
"2025-2028-ci ildə isə əmək qabiliyyətli insanların yaşayış minimumunun 305 manat və 346 manat olacağı proqnozlaşdırılır. Gələn il pensiyaçılar üçün isə yaşayış minimumu 232 manata çatdırılması, 2028-ci ildə isə 260 manata çatdırılması gözlənilir.
Uşaqlar üçün yaşayış minimumu 2025-ci ildə 246 manata çatdırılacağı, 2028-ci ildə isə 275 manat olacağı planlaşdırılır. 2025-ci ildə minimum əməkhaqqının artırılması proqnozlaşdırılır. Bu barədə il sonu ətraflı məlumatlar veriləcək. Bu artımlar əməkhaqqının həyat səviyyəsinə paralel yüksəlməsini təmin edir".