Mingəçevirdə məskunlaşan bir qrup keçmiş köçkün peşə öyrənir –FOTOLAR

Manşet
CƏMİYYƏT 25.07.2024 2732
Onlar iyulun 15-dən usta yanında şagird kimi kompüter operatoru, stilist-vizajist, şirniyyat və dərzi sahələri üzrə istehsalat təlimlərinə qoşulublar.

“Keçmiş köçkün valideynlərin “Böyük Qayıdış” üçün hazırlanması: peşə bacarıqlarının artırılması” layihəsi Mingəçevirdə davam edir.  Benefisiarların istəklərinə uyğun olaraq, kompüter, stilist-vizajist, şirniyyat və dərzi xidmətləri göstərən altı sahibkarla müqavilə bağlanıb. 15 iyul 2024-cü ildən isə usta yanında şagird hazırlığına (UYŞH) başlanıb və bu, sentyabrın 15-dək davam edəcək.  İyulun 22-də MVA İB-nın və layihənin rəhbəri Fərman Nəbiyev UYŞH prosesini müşahidə etmək üçün sahibkar müəssisələrinə baş çəkib. O, ustaların təlim proqramı, şagirdlərin ilkin bacarıqları ilə maraqlanıb, fikirlərini öyrənib.

Sahibkar Aynur Cəlilova deyib ki, üç nəfərə təlim verir və onlar həvəslə təlimlərə qatılır, qeydlərini aparırlar. Keçmiş köçkün Fidan Məhərrəmova kompüter bilgilərinin onun gələcək həyatında vacib olacağını bildirib və əlavə edib ki, uşaqlıqdan kompüter öyrənməyin həvəsində olub: “Mənə kompüter proqramlarında işləmək çox çətin gəlirdi. Müəllim bizə o qədər sadə formada izah edir ki… Həm də ilk həftənin sonunda test keçirdi və mən mümkün 50 baldan 47-ni topladım”.

Şirniyyat ustası Arzu Azaxova hər iki şagirdindən razılıq edib. Gülbahar Əliyeva deyib ki, cəmi bir həftə keçməsinə baxmayaraq, tort bişirməyi öyrənib. Şəbnəm Vəliyeva dərzi Ləman Əliyevanın sayəsində müxtəlif tikiş növləri haqda məlumatlı olub.

Şagirdlərdən Gülzadə Bəndalıyeva və Aysel Səmədova sahibkar Kəklik Yusifovanın səmimiyyətindən və hər xırda detalı səbrlə izah etməsindən məmnundur. Gülşən Heydərovanın şagirdi Məhbubə Əlizadə artıq modellərin üzərində işləməyə başladığını açıqlayıb. Gülşən Ağayeva isə stilist-vizajist  Züleyxa Nəcəfovanı çoxdan tanıdığı üçün seçdiyini dilə gətirib: “İnanıram ki, onun yanından ayrılandan sonra sərbəst şəkildə çalışa biləcəyəm”.

Qeyd edək ki, layihəni Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin orta qrant proqramı çərçivəsində “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyi həyata keçirir.

   

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top