Qərbin təxribatları Ermənistanı "cəsarət"ləndirir

SİYASƏT 14.04.2024 1489

Brüssel görüşünün Cənubi Qafqazda gərginliyə xidmət etməsi təsdiqini tapır

 

ABŞ-Aİ-Ermənistan arasında keçirilən Brüssel görüşü ilə bağlı Azərbaycan  əvvəldən narahatlığını ifadə etmişdi. Bunu nəzərə alaraq Aİ və ABŞ rəsmiləri Prezident İlham Əliyevə zəng edərək görüşün məqsədinin ölkəmiz əleyhinə olmadığını bildirsələr də, daim ikili standartlara söykənən siyasət yürüdənlərin sözləri o qədər də inandırıcı görünmədi.
Çünki proseslər göstərir ki, artıq Qərb öz siyasi maraqları üçün Ermənistandan alət kimi istifadə edir, Hayastan isə bunun müqabilində Azərbaycana qarşı dəstək istəyir. Elə son günlər şərti sərhəddə müşahidə olunan fəallaşmalar, təxribatlar Ermənistanın çirkin niyyətindən daha aydın xəbər verir. Bununla Ermənistan Aİ və ABŞ-dən daha çox maliyyə və hərbi yardım almağa çalışır. 
Milli Məclisin deputatı Jalə Əliyeva "Azərbaycan" qəzetinə açıqlamasında bildirib ki, aprelin 5-də ABŞ-Aİ-Ermənistan arasında keçirilmiş görüş birmənalı olaraq Azərbaycan hökumətini, ictimaiyyətini, həmçinin dünyanın sağlam düşüncəli, sülh tərəfdarı olan və ədalətli dairələrinin ciddi etirazları ilə qarşılaşıb. Bununla bərabər, regionda sülhün və sabitliyin qorunmasına mənfi təsir göstərən görüş olaraq qiymətləndirilib. 
Deputatın sözlərinə görə, görüşün yekunlarına dair yayılmış məlumatlardan da bəlli olur ki, ABŞ və Aİ yenə ikiüzlü siyasətlərini həyata keçirirlər və Ermənistana maliyyə yardımı ayırmaq qərarını veriblər: "Əlbəttə ki, bu qərarın arxasında dayanan planlar hələ ki, ictimaiyyətə bəlli deyil. Görüş barədə deyilənlər tam həqiqi mənzərəni özündə əks etdirmir. Təəssüf ki, müharibədən əziyyət çəkmiş Azərbaycana deyil, Ermənistana yardım yolunu tutan Aİ və ABŞ ölkəmizin ərazilərini yerlə yeksan edən, minalarla çirkləndirən Hayastanı belə bir addımla mükafatlandırırlar. Onu həmçinin Azərbaycana qarşı yeni təxribatlara təhrik edirlər. Bu addımlar da Ermənistanı "cəsarət"ləndirir. Eyni zamanda bu yardım Ermənistanın həyata keçirdiyi irimiqyaslı silahlanma proqramını da maliyyələşdirmiş olur". 
J.Əliyeva bildirib ki, hər bir Azərbaycan vətəndaşı bu üçtərəfli görüşün nəticəsindən narazıdır. Əslində, bu addım ABŞ və Aİ-nin insan hüquqları məsələsində ikiüzlü siyasətinin növbəti təzahürüdür. Konfrans Cənubi Qafqazda gərginliyə xidmət edən görüş olaraq dəyərləndirilməlidir. Özünü dünyada demokratiya dəyərlərinin qoruyucusu sayan Avropa İttifaqını və ABŞ-ni ikiüzlü, riyakar siyasətinə son qoymağa dəvət edir, regionda vəziyyəti gərginləşdirməməyə çağırırıq.  
Deputat vurğulayıb ki, Azərbaycan öz mövqeyində qətiyyətlidir, dəmir iradəsi, yumruğu ilə bu kimi ölkələrin iddialarını, düşmən, qərəzli mövqeyini yarıb keçməyə, öz haqqını qorumağa, ədaləti təmin etməyə hər zaman hazırdır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top